Mərkəzi Elmi Kitabxanaya yeni kitablar verilib

  31 Avqust 2021    Oxunub :447
 Mərkəzi Elmi Kitabxanaya yeni kitablar verilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları elmi, tarixi, tibbi, coğrafi, siyasi və digər ədəbiyyatlarla zənginləşir.
Bu barədə Azvision.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK növbəti dəfə bazasına daxil olan kitablar silsiləsini oxuculara təqdim edir.

Daxil olan nəşrlər sırasında “Azərbaycanda onkologiyanın inkişaf tarixi” (1941-2021), “Zəngəzur mahalının kameral təsviri” (1832-1833-cü illər), “Şimal-Şərqi Azərbaycan ilk orta əsrlərdə” kitabları mövcuddur.

“Azərbaycanda onkologiyanın inkişaf tarixi” (1941-2021) kitabında onkologiya üzrə Azərbaycan tədqiqatçılarının 80 il ərzində dərc olunmuş elmi monoqrafiyalarının, dissertasiya işlərinin və elmi-publisistik əsərlərinin məzmunu təhlil edilərək, bu araşdırmaların və aparılan praktik işlərin ən mühüm nəticələrinin icmalı tərtib olunub. Nəşrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin dünyanın anoloji elmi mərkəzləri ilə apardığı çoxşaxəli elmi-praktik əməkdaşlıq prosesi və Mərkəzin 80 ildə keçdiyi yolun əsas mərhələlərindən bəhs edilir. Cənubi Qafqazın qabaqcıl elm və müalicə məbədinin fəaliyyəti haqqında konkret faktlar və mətbu-elmi istinadlarla məlumat verilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə ithaf edilən “Zəngəzur mahalının kameral təsviri” (1832-1833-cü illər) kitabı daxil olan növbəti nəşrlər sırasındadır. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi və müəllifi Nazir Əhmədli olan bu nəşrdə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Qarabağ əyalətinə daxil olan Zəngəzur mahalının 1832-1833-cü illərdə titulyar müşavir Suşko tərəfindən tərtib edilmiş kameral təsviri verilib. Kameral təsvirdə Zəngəzur mahalının tarixi coğrafiyası, əhalisinin sayı, yerləşməsi, sosial-iqtisadi vəziyyəti haqqında məlumat verilir. Bundan başqa, kameral təsvirin materialları əsasında mahalın yer və şəxs adları haqqında ətraflı məlumat da almaq mümkündür.

Həmçinin “Şimal-Şərqi Azərbaycan ilk orta əsrlərdə” kitabı da MEK-ə yeni daxil olan nəşrlər arasında yer alıb. Azərbaycan və rus dillərində təqdim olunan bu dəyərli nəşr tarixçi-etnoqraf alim A.Ş.Orucovun 1995-ci ildə “Şimal-Şərqi Azərbaycan ilk orta əsrlərdə” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası əsasında və tanınmış alimlərin rəyləri əlavə olunmaqla çapa tövsiyə olunub. Kitabda müəllifin şəxsən iştirakı və rəhbərliyi ilə respublikanın Quba, Qusar, Xaçmaz və digər rayonlarında aparılan elmi ekspedisiyalar zamanı əldə olunan arxeoloji materialların təhlilinə geniş yer verilib, arxeoloji qazantıların bir sıra nümunələrinin şəkilləri və onların izahı öz əksini tapıb. Tədqiqat işində Azərbaycanın tarixinə, burada qədim dövrlərdən yaşayan etnosların adət-ənənələrinə, məşğuliyyəti və digər sosial-məişət sahələrinə dair maraqlı faktlar göstərilib.

Qeyd edək ki, bu nəşrlər e-kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş şöbəsi tərəfindən rəqəmsallaşdırılıb.

Azvision.az

Teqlər: MEK   Yeni-kitablar  






Xəbər lenti