Xüsusi təyinatlılara taktiki təlimlər keçirilib

 Xüsusi təyinatlılara taktiki təlimlər keçirilib
  31 Avqust 2021    Oxunub:986
Ordunun Əlahiddə Ümumqoşun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Təxribatçıların gizləndikləri binada səssizcə mövqelənən snayper cütlükləri qrupların təhlükəsiz hərəkətini təmin etmək üçün fəaliyyət göstərirlər.

Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayırlar.

Antiterror əməliyyatını itkisiz başa vurmaq və qaçırılmış pilotun sağ şəkildə azad edilməsi üçün digər bir qrup da helikopterlə binaya endirilir.

Xüsusi təyinatlılarımız şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda tətbiq edilən yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edir, aviabazanın pilotunu azad edərək kimliyini dəqiqləşdirir və əməliyyat rayonundan uzaqlaşırlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə sarsılmaz qardaşlığın nümunəsi olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyətindən danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev taktiki-xüsusi təlimdə xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş təcrübəsi nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

Azvision.az



Teqlər: Ordu   Təlim  





Xəbər lenti