Yəhudilərin Yeni İli: Roş-Ha-Şana nə bayramıdır?

 Yəhudilərin  Yeni İli:  Roş-Ha-Şana nə bayramıdır?
  03 Sentyabr 2021    Oxunub:6537
Qədim yəhudi xaqlqının ənənəvi bayramlarından olan Roş-Ha-Şana (İbranicə: רֹאשׁ הַשָּׁנָה) İbrani təqviminə görə sentyabr- oktyabr aylarına təsadüf edir. Həmin gündən etibarən yeni yəhudi ilinin günlərinin geri sayılması başlayır.
Tanahda (Tańah - İbranicə Müqəddəs Kitabın orta əsrlərdən etibarən istifadə olunmağa başlayan adıdır) ilin ilk ayı yəhudilərin Misirdən ayrıldığı və sonradan Nisan adlanan bahar ayı Aviv sayılır.

Yeddinci ay Tişreyin (Tişrey – yəhudi təqvimində ilin başladığı və təxminən sentyabr-oktyabra düşən aydır) ilk günündə keçirilən bayram "Müqəddəs Görüş" günü adlanır. Həmin gün yəhudilər işləmir, şofar (Musa peyğəmbər dövründən qalma və heyvan buynuzundan düzəldilmiş qədim yəhudi musiqi aləti) çalır və qurban kəsirlər.

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib
Roş-Ha-Şana və Yom Kippur ən əhəmiyyətli yəhudi bayramlarıdır . Roş-Ha-Şana bayramının xarakterik xüsusiyyəti sinaqoqda ibadət zamanı şofar çalınmasıdır. Bunun mənası Qiyamət günü veriləcək İlahi hökmə hay vermək və tövbəyə çağırış kimi şərh olunur.

Mişnedə (Mişne – qədim yəhudi dini-hüquqi məcmuəsi, Bibliyadan sonra ortodoksal iudaizmin əsas dini ehkamlarını əks etdirən ən qədim və ilk yazılı qanunlar toplusu) yeddinci ayın (Tişrey) bayramı ilə birlikdə ilin Roş-Ha-Şana adlanan daha üç günü sadalanır. Yadelli (qeyri-yəhudi) çarların hökmranlıq, meyvə ağaclarının və tərəvəzlərin əkildiyi iməclik və yubiley illəri, Mişneyə görə, Tişreyin ilk günü olan Roş-Ha-Şanadan başlayaraq hesablanır.

Tişrey ayının 1-nin dini yeni ilin ilk günü kimi müəyyən olunması həmin gün Tanrının bütün dünya üzərində hökm verməsiylə bağlıdır. Həmin gün həm göylərdə hər bir insanın yeni ildəki gəlirinin müəyyən edildiyi tarix hesab olunur. Tanrı Elizzerə görə dünya məhz Tişrey ayında yaradılıb.



Yəhudi ənənəsinə görə, həmin günlər göylərdə kimin yaşamasına, kim ölməsinə qərar verilir. Həmin günlər icra olunan dini ibadətlər və edilən dualar Yaradanın qərarlarına təsir etməlidir. Bu bayramdakı dini ayinlərdə özünütəhlil və tövbə motivləri üstünlük təşkil edir. Bununla belə, Tanrının hamıya yaxşılıq və rifah arzuladığına olan səmimi inam həmin günləri bayrama çevirir.

Bu günlərdə mömin insan ötənilki sözlərinə, fikirlərinə və əməllərinə görə özünə və Yaradana hesabat verir. Qüsurlarını və xətalarını necə düzəltmək, Tanrıya necə dönmək, yaxınlaşmaq naminə qərarlar qəbul edir.

Həmin gündən etibarən dua və tövbələrin “Həyəcan günləri”, yaxud “On tövbə günü” adlanan on günü başlanır və Yom-Kippur ilə başa çatır.

Roş-Ha-Şananın ilk axşamı insanlar adətən bir-birini “Həyat kitabında” yazılmış arzularla salamlayırlar. Bayram süfrəsi zamanı çörəyi bala batırıb dua edə-edə yeyirlər ki, yeni il şirin olsun. Roş-Ha-Şanada almanı balla yemək ənənəsi də mövcuddur.

Bütün yəhudi bayramlarında olduğu kimi, həmin gün də ibadətlə müşayiət olunur. Roş-Ha-Şanada oxunan dualar Tanrını hökm sahibi kimi xatırladan on yəhudi dini mətnindən ibarət olmalıdır; daha on mətn Tanrını hər şeyi bilən kimi yada salmalıdır. Şofar çalınmasıyla müşayiət olunan on mətn də Roş-Ha-Şananın mövcud bayram atributlarındandır. Onları səhər ibadəti zamanı ifa edirlər.



Yəhudi dilindən tərcümədə “Yeni il” adlanan bu bayram Azərbaycanda da qeyd olunur. Ölkəmizdə əsasən Quba rayonunun Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri bu bayramı ənənəyə uyğun qarşılayırlar. Dağ yəhudiləri bayramın ilk günü sinaqoqa gedir, mənəvi cəhətdən arınmaq, saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər.

Roş-Ha-Şana insanları günahlardan, pis əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi paklığa qovuşmağa çağıran bayram mərasimidir. Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Tanrı insanlara öz hərəkət və davranışlarını götür-qoy etməyə, bəd əməllərdən həmişəlik əl çəkməyə imkan verir.


Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun çalınmasıyla yekunlaşır. Qeyd etdiyimiz kimi, günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. Azərbayvan yəhudiləri də yeni ilin şirin olması üçün almanı bala batırıb yeyirlər. Novruz bayramında olduğu kimi, bu bayram ərəfəsində də evlərdə təmizlik işləri görülür, hər yerdə səliqə-sahman yaradılır.
Yeni ili Vətəndə qarşılamaq vacib sayılır.
Odur ki, bu günlər xarici ölkələrdə olan qubalı dağ yəhudiləri Azərbaycana qayıdır, bayramı burada qarşılayırlar.

Nadir Qocabəyli
Azvision.az


Teqlər:   Roş-Ha-Şana   Yəhudi-bayramı  





Xəbər lenti