"Həm şadam, həm kədərli" - Tələbə adını qazanan Şəhid övladı

  04 Sentyabr 2021    Oxunub :4875
  "Həm şadam, həm kədərli"  - Tələbə adını qazanan Şəhid övladı
Bu il ali məktəbə qəbul olanlardan biri də Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan leytenant Azər Şəmilovun oğlu Fədayət Şəmilovdur. II ixtisas qrupuna sənədlərini verən Fədayət 448 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinə qəbul olub.
Təəssüratlarını Azvision.az ilə bölüşən Fədayət atasının arzusunu yerinə yetirdiyi üçün çox sevindiyini bildirib:
- Özümə güvənirdim. Müəllimlərimin də mənə çox köməyi oldu. Atamın şəhadət xəbəri gələndən sonra mənim üçün artıq heç nə maraqlı deyildi, 5-6 ay özümə gələ bilmədim, hazırlığa getmədim, oxumadım. Sonra müəllimlərim, anam, qohumlarımız, psixoloq mənə kömək etdi. Onlar məni ruhlandırdılar. Deyirdilər ki, “atanın arsuzunu yerinə yetirmək lazımdır”. Bu sözün qarşısında artıq heç nə edə bilməzdim. Atamın ruhunu şad etmək üçün yenidən motivasiya tapıb, hazırlaşmağa başladım. Son 3-4 ay ərzində dayanmadan oxudum, gündə cəmi 2-3 saat yatırdım. Əsas məqsədim atamın arzusunu yerinə yetirmək idi. O, məni ali savadlı şəxs olaraq görmək istəyirdi və Allaha şükür, mən onun vəsiyyətini yerinə yetirdim.

Evin ilk övladı olan Fədayətin atası ilə dost münasibətləri olub. Hər zaman sirlərini, dərdlərini bölüşüblər. Fədayət həmişə atasının göstərdiyi yolla getməyə çalışıb: “Çünki o, mənim üçün nəyin yaxşı olduğunu bilirdi. Hər zaman da mənə “oxu, bala” deyərdi. Onunla sonuncu dəfə sentyabrın 21-də görüşdük. Axırıncı dəfə isə şəhid olmamışdan bir gün öncə - oktyabrın 13-ü danışdıq. Dedim ki, ata, səsin-sorağın gəlsin, nə zaman qayıdırsan? Dedi ki, “gələcəyəm, amma bu yolda öldü var, döndü yoxdur". Bu gün həm şadam, həm də kədərli. Çünki ali məktəbə qəbul olunmağımı, uğurlarımı atamın da görməsini, onun da sevinməsini istərdim”.

İndi Fədayəti qarşıda uzun bir yol gözləyir. Tələbəlik həyatının yaxşı keçəcəyini düşünən Fədayət “Müəllimimin dediyi kimi, yaxşı düşünək ki, hər şey yaxşı olsun” deyir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı və hərbi tibb qulluqçusu Azər Şəmilov oktyabrın 14-də Talış uğrunda döyüşlər zamanı şəhid olub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.


Aytən Zəhra
Azvision.az

Teqlər: Qəhrəmanövladı   Tələbə  







Xəbər lenti