Bayden 11 sentyabrla bağlı məxfi sənədləri açmağı əmr etdi

   Bayden    11 sentyabrla bağlı məxfi sənədləri    açmağı əmr etdi
  04 Sentyabr 2021    Oxunub:2233
ABŞ prezidenti Bayden 11 sentyabr hadisələrinə dair sənədlərin məxfiliyini ləğv etmək haqqında fərman imzalayıb. Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il hücumlarına aidiyyatı olan yeni materialların açılması proseduruna start verən fərman imzalayıb.
"11 sentyabr hadisələrinin 20-ci ildönümü ərəfəsində Amerika xalqı hakimiyyətin bu hücumlar haqqında bildiklərini daha dolğun təsəvvür etməyə layiqdir. Birləşmiş Ştatlar hökümətinin şəffaflığı tam təmin etməsi, məxfiliyi yalnız ayrı-ayrı və zəruri hallarla bağlı qoruması son dərəcə vacibdir", - fərmanda deyilir.

Bayden ölkənin baş prokuroru Merrik Qarlanda, Ədliyyə Departamentinə və digər alaqədar qurumlara altı ay ərzində bir sıra sənədləri yenidən nəzərdən keçirməyi və məxfilikdən çıxarılan məlumatları yaymağı tapşırıb.

Dövlət başçısı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə başlayarkən iyirmi il əvvəl ölkəyə edilən terror aktlarına dair sənədlərin məxfiliyinin açılması ilə bağlı şəffaflığı təmin etməyi öhdəsinə götürdüyünü vəd etmişdi.



"Bu faciəli hadisənin 20-ci ildönümünə yaxınlaşdığımız bir vaxtda bu öhdəliyi yerinə yetirirəm", - Bayden deyib.

Gizli məlumatların aşkara çıxarılması Baydenin 20 illik yubiley ərəfəsində faciə qurbanlarının ailələriə verdiyi seçki vədlərindən biridir.

Qurbanların ailələri bir müddət əvvəl bildirmişdilər ki, əgər Bayden 20 il əvvəlki hadisələrdə Səudiyyə səlahiyyətlilərinin iştirakına aydınlıq gətirə biləcək sənədləri açmasa, hücumların ildönümü münasibətilə keçirilən tədbirlərdə onun iştirakına qarşı çıxacaqlar.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də qaçırılan sərnişin təyyarələri ilə Nyu-Yorkdakı əkiz qüllələri və Vaşinqton yaxınlığındakı Pentaqon binasını vuran 19 adamdan 15-i Səudiyyə vətəndaşları idi. Qaçırılan daha bir təyyarə Pensilvaniya ştatında tarlaya çırpılmışdı. Əl-Qaidə qrupunun arxasında dayandığı terror hücumlarında üç minə yaxın insan həlak olmuşdu.

Nadir Quliyev
Azvision.az



Teqlər: 11-Sentyabr   Bayden  





Xəbər lenti