Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır

  Dörd divar arasında:  Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
  07 Sentyabr 2021    Oxunub:1502
Əfqanıstanda baş verən proseslər, “Taliban”ın ölkədə hakimiyyəti ələ keçirməsi bir çox dövlətlərin ehtiyat tədbirləri görməsinə səbəb olub. Əfqanıstandan böyük qaçqın axını gözlənilən idi. Heç bir dövlət də əfqan qaçqınlarına öz qapılarını açmaq niyyətində deyildi. İstisna yalnız Əfqanıstanda ABŞ və müttəfiqləri ilə işləyən, onlara kömək göstərən insanlardır.
Həmin şəxslərin əksəriyyətini Kabildən köçürmək mümkün olsa da, qalanlar da var. Çünki “Taliban”ın təxliyə üçün verdiyi vaxt avqustun 31-də başa çatdı. İndi də Əfqanıstanı tərk etmək istəyən minlərlə insan var. Bir neçə gün əvvəl Pakistanla sərhəd keçid məntəqəsində yaranmış böyük izdihamın görüntüləri yayıldı. Vaxtilə “Taliban”ın hakimiyyəti dövründə (1996-2001) zülm çəkmiş əfqanlar yenidən həmin dövrə qayıtmaq istəmirlər. Çıxış yolunu da ölkədən qaçmaqda görürlər.

Bir çox dövlətlər isə riskləri gözə alaraq, Əfqanıstandan qaçqın axınını önləmək üçün sərhəddə divarlar hörməyə başladı. Bu ölkələrdən biri də Yunanıstandır. Afina Türkiyə ilə sərhədə köçkünlərlə mübarizə məqsədilə 40 km. uzunluğunda divar hörüb, artıq sərhəddə bununla bağlı yeni xidmət sistemi də qurulub.


Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Mixalis Xrisoxoidisin sözlərinə görə, Afina Avropanın ağır bir miqrasiya böhranı ilə üzləşdiyi 2015-ci il ssenarisinin təkrarlanmaması üçün tədbirlər görür: "Biz passiv şəkildə mümkün nəticələri gözləyə bilmərik. Sərhədlərimiz etibarlı və toxunulmaz olaraq qalacaq".
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantlarını nə gözləyir – TƏHLİL

Polad divar Əfqanıstandan olan qaçqınların Avropa İttifaqı ərazisinə girməsinin qarşısını almaq üçün lazımdır. Bundan əvvəl, Yunanıstan sərhədinin bu hissəsində təxminən 12 kilometr uzunluğunda divar çəkmişdi, Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra divarın uzadılmasına qərar verildi.

Yunanıstanın miqrasiya naziri Notis Mitaraxi daha əvvəl ölkə hökumətinin qaçqınların Avropaya girməsinə icazə verməyəcəyini və onları geri qaytaracağını bəyan edib: "Ölkəmiz qeyri-qanuni əfqan miqrantlar üçün Avropanın qapısı olmayacaq".
Avropa liderləri Yaxın Şərqdəki hərbi hərəkətlərin səbəb olduğu 2015-ci il miqrasiya böhranının, xüsusilə Suriya presendentinin təkrarlanmasından qorxurlar. Onda təxminən 60 min miqrant Yunanıstanda məskunlaşmışdı.

İknci divarı Türkiyə İranla sərhəddə çəkir. Vanın Çaldıran bölgəsinin İranla sərhədində tikintisi başladılan və Ağrı vilayətinin Doğubeyazıt ilə Hakkarinin Yüksekova rayonuna qədər uzanan 560 kilometrlik divarın hörülməsi davam edir. Həmçinin bildirilir ki, sərhəd pozuntularının qarşısını almaq üçün Yüksekovada İranla sərhəddə 43 kilometr uzunluğunda beton divarın inşası tamamlanıb. Bununla yanaşı, bölgədə sərhədin qeyri-qanuni keçilməsinə yol verməmək üçün divarla yanaşı səngər qazılması ilə bağlı işlər də həyata keçirilib. Divar yalnız Əfqanıstandan artan qaçqın axınını dayandırmamalı, həm də silahlıların basqınlarından qorunmalıdır. Ərzidə elektron müşahidə sistemləri, fənərlər quraşdırılıb, divar boyunca patrul yolu tikilir.


Türkiyə artıq müharibədən qaçan 3,7 milyon suriyalıya ev sahibliyi edir. Hökumət yeni bir qaçqın dalğasını qarşılamaq gücündə deyil. Ekspertlər 6,5 milyon əfqanın Türkiyəyə köçmə təhlükəsi olduğunu vurğulayırlar. Türkiyəli professor Orxan Denizin sözlərinə görə, dünyanın 67 ölkəsində İran sərhədində tikilmiş divarın nümunələri var. Onun sözlərinə görə, mövcud və ya yeni tikilmiş divarların mühacir axınını tamamilə dayandıracağını gözləmək doğru olmazdı. Bunun böyük təsir göstərmədiyinə dair dünyada nümunələr mövcuddur. O deyib ki, divarın psixoloji təsiri var. Ancaq qaçqın axınını tamamilə önləyəcəyi gözləntisi doğru deyil. Qaçınlar divarların tikilmədiyi ərazilərə doğru irəliləyir, yeni yollar axtarırlar.

Türkiyənin köç “limiti” artıq dolub. Ölkədə 7 milyon rəsmi və qeyri-rəsmi mühacir var. Başqa sözlə, 83 milyon əhalisi olan Türkiyənin hər 11 nəfərindən 1-i mühacirdir. “Miqrasiyanın iqtisadi xərclərindən daha böyük olan təhlükəsizlik və sosial riskləri var. Bu mənada həqiqətən sərhədlərimizə nəzarət etməli və miqrasiyanı məhdudlaşdırmalıyıq. Əfqanıstanda yeni vəziyyətin yaratdığı miqrasiya dalğasından ciddi şəkildə təsirlənməmək üçün edilməsi lazım olan işlərdən biri ən yüksək səslə Türkiyənin miqrant tutumunun daha artırıla bilməyəcəyini, miqrantları qəbul etmək gücündə olmadığını, sərhədlərinin bağlandığını və girişə icazə verilməyəcəyini söyləməkdir”,- türkiyəli professor əlavə edib.

Xatırladaq ki, Türkiyədə 1 milyon əfqan qaçqının olması barədə məlumatlar yayılsa da, Prezident Rəcəb Tayyib Ərdoğan bunu təkzib edib. Onun sözlərinə görə, ölkədəki əfqan qaçqınların sayı 300 mindir.

Pakistan da Əfqanıstanla sərhəddə divarın tikintisinin, demək olar ki, başa çatdırdığını elan edib. İslamabad, militantların sərhəddən hücumlarının qarşısını almaq üçün divar qurduğunu söyləyir. 2017-ci ildə Pakistan Əfqanıstanla sərhəd boyunca yaraqlıların sərhədyanı hücumlarının qarşısını almaq üçün hasar çəkmişdi. İkiqat divarın hündürlüyü təxminən dörd metrdir. Ordu sərhəd boyunca hər hansı hərəkəti izləmək üçün müşahidə kameraları da quraşdırıb.


ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas bildirib ki, Kabilin süqutundan sonra Əfqanıstandan 40 mindən çox insan artıq ABŞ-a gətirilib. Onların dörddə biri Amerika vətəndaşları və ya yaşıl kart sahibləridir. Qalanları əfqanlar üçün xüsusi immiqrasiya vizası almış, ABŞ və ya NATO hərbçiləri ilə tərcüməçi olaraq və ya başqa vəzifələrdə çalışmış insanlardır. Bu qrupa sığınacaq üçün müraciət etmiş, lakin hələ də viza almamış insanlar və taliblərin hakimiyyətə gəlməsindən xüsusilə təsirlənə biləcək həssas əhali də daxildir. Mayorkas bildirib ki, qadınlar, uşaqlar və vətəndaş fəalları nəzərdə tutulur.

Bu gün qara rəngdə görünən Əfqanıstanın sabahı üçün də nikbin proqnoz yoxdur. İstənilən halda, proseslərin necə cərəyan edəcəyini, "Taliban"ın ölkəni hara aparacağını, əfqan xalqının nəhayət ki, o divarları keçməyə ehtiyac olmadan öz vətənində rahat, sülh içində yaşamaq imkanınıa sahib olacağını zaman göstərəcək.

Pərvanə Sultanova
Azvision.az


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər:   Əfqanıstan  





Xəbər lenti