Anar Kərimov: "Paralimpiadada onuncu olmaq böyük zəfərdir"

      Anar Kərimov:    "Paralimpiadada onuncu olmaq böyük zəfərdir"
  07 Sentyabr 2021    Oxunub:1411
Bu gün xalqımız və ölkəmiz üçün əlamətdar gündür. Tokiodan qayıdan qəhrəman paralimpiyaçılarımızı qarşılayırıq. Onlar XVI Paralimpiya Oyunlarında parlaq qələbə qazanaraq hamımızı sevindirdilər.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində deyib.

Paralimpiadada Azərbaycanın 163 ölkə arasında 10-cu pillədə qərarlaşmasının böyük zəfər və nailiyyət olduğunu diqqətə çatdıran nazir müavini bildirib: “Bu qələbə bir daha sübut edir ki, ölkəmizdə Paralimpiya hərəkatı inkişaf edir və paralimpiyaçılarımız həmişə diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu məsələlərə xüsusi önəm verir. Paralimpiyaçılar daim dövlət qayğısı ilə əhatə olunublar. Bunun bariz nümunəsidir ki, idmançılarımız Tokio Paralimpiadasında 19 medal qazanıb və bunların 14-ü qızıldır”.

A.Kərimov bildirib ki, Azərbaycan Prezidenti əlilliyi olan şəxslər üçün sosial müdafiə tədbirlərinin görülməsinə, onların idmana cəlb olunmasına, fəal idman tədbirlərinə maraq göstərmələrinə daim böyük önəm verir. Dövlətimizin başçısı onlarla dəfələrlə görüşüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər qələbədən sonra paralimpiyaçılarımızı təbrik edib. Bu diqqət və qayğı idmançıları daha da ruhlandırıb və onların mübarizə əzmini artırıb. Bunun nəticəsində ölkəmiz yüksək nəticələr qazanıb”.
Milli komandamızın çıxışını ötən Paralimpiya Oyunlarındakı nəticə ilə müqayisə edən nazir müavini bildirib ki, Tokioda Azərbaycan komandası ilk onluğa daxil oldu. Bu, ötən Paralimpiadalarla müqayisədə böyük uğurdur. Tokioda idmançılarımız dünya və Paralimpiya rekordlarına imza atdılar.
Xatırladaq ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamed Heydari qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azvision.az



Teqlər: Paralimpiya  





Xəbər lenti