Təhlükə böyüyürMÜ? Dünya həyəcanla yeni ştammı izləyir...

  07 Sentyabr 2021    Oxunub :1236
Təhlükə böyüyürMÜ? Dünya həyəcanla yeni ştammı izləyir...
Pandemiya başlayandan bir müddət sonra koronavirusun yeni növü mutasiya uğramağa başladı və bir neçə yeni ştamm meydana gəldi. Bunlardan ən təhlükəlisi "Hindistan ştammı" və ya COVİD-19-un “Delta” adlanan növü sayılır.
2020-ci ilin oktyabr ayında Hindistanda meydana çıxan “Delta” ştammı qısa müddətdə xeyli can aldı. Bugünlərdə isə mütəxəssislər təhlükəsinə görə “Delta”dan geri qalmayan yeni ştammdan daha çox danışırlar. Bu, koronavirusun yunan əlifbasının “Mü” hərfi ilə adlandırılan yeni ştammıdır. Bu ilin yanvarında Kolumbiyada aşkarlanmış ştamm artıq ABŞ, Yaponiya və Koreya Respublikası da daxil olmaqla, 43 ölkədə yayılıb.

Hazırda yeni ştamm daha çox ABŞ-ın tibb mütəxəssislərini qayğılandırır. Amerikalı elm adamları "Mü"nün kifayət qədər araşdırılmamasından narahatdırlar. Amerika Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauciyə görə, bu yeni mutasiya bəzi antitellərə qarşı dayanıqlı ola bilər. Belə olan təqdirdə isə dünyanı nələrin gözlədiyi, pandemiyanın hansı dövrə qədər davam edəcəyini təsəvvür etmək çətin deyil.


Amma Fauci onu da qeyd edib ki, hazırda ABŞ-da ən çox rast gəlinən növ “Mü” deyil, məhz Hindistandan yayılmış "Delta" dır. “Delta” ölkədə yayılan virus növləri arasında 99 faizdən çox paya malikdir. Maraqlısı budur ki, amerikalı elm adamları "Mü"nun sonda "Delta"nı əvəz edəcəyini proqnozlaşdırırlar.

Düzdür, ABŞ-ın baş infeksionisti hazırda “Mü” ilə bağlı heç bir təhlükənin olmadığını bəyan edib. O, ölkəsində mütəxəssislərin "COVID-19"un bütün mutasiyalarına ciddi yanaşdıqlarını bildirib. Fauci deyib ki, mövcud koronavirus peyvəndləri istənilən ştammın öhdəsindən gələ bilir. Ancaq həkimlər müalicələrdə tətbiq olunan hazırkı dərmanların "Mü" ştammına necə təsir etməsi barədə hələlik kifayət qədər məlumata malik deyillər.

COVID-in yeni ştammı vaksinlərə qarşı daha davamlıdır
Rusiyada isə vəziyyət bir qədər fərqlidir. Moskvada düşünürlər ki, amerikalı mütəxəssislərin həyəcan təbili çaldığı yeni ştammla bağlı narahat olmağa dəyməz. Çünki ABŞ-dan fərqli olaraq, burada "Mü"nun geniş yayılması ehtimalı azdır. Həkim-infeksionist Yevqeni Timakov "RİA Novosti"yə verdiyi açıqlamada deyib ki, hazırda koronavirusun yeni növünün "Delta" ilə yerini dəyişməsi üçün heç bir ön şərt yoxdur. "Əgər bu yeni variant bir növ epidemik prosesə səbəb olarsa, çox güman ki, lokal xarakter daşıyacaq",- o deyib.

Ümumiyyətlə təkcə Rusiya və ABŞ-da deyil, Avropa və Asiyanın aparıcı ölkələrində də mütəxəssislər yeni ştammın insanda virusa qarşı formalaşmış güclü immunitetin, antitellərin əleyhinə daha dayanıqlı olmasından ehtiyat edirlər. Maraqlıdır ki, bu günə kimi dünyada əsas təhlükəyə çevrilmiş “Delta” ştammı ilə bağlı bu cür fərziyyələr irəli sürülmürdü, onun sadəcə daha çox insanları tez bir zamanda yoluxdura bilməsilə fərqləndiyi bildirilirdi. “Mü” isə həm hələlik araşdırılmamış yeni növdür, həm antitellərə qarşı xeyli dayanıqlı görünür, həm də ki, yaxın gələcəkdə bu ştammın hansı faciələrə yol aça biləcəyi tam aydın deyil.


Asiya ölkələri də yeni pandemiyaya səbəb ola biləcək ştammdan narahatdırlar. Sentyabrın 1-də Yaponiyanın Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq yeni ştamma yoluxma ilə bağlı faktı təsdiqlədi. Ölkədə iki nəfərin "Mü" daşıyıcısı olduğu aşkarlandı. Onlar xarici səfərdən dönüblərmiş və hər iki şəxsdə olan narahatlıqlar iyun-iyul aylarında hava limanında aparılan yoxlamalar zamanı aşkarlanıb.

"Mü" Koreyanı da qayğılandırmağa başlayıb. Sentyabrın 3-ü ölkədə "Mü" təhlükəsi barədə məlumat yayıldı. Epidemiya ilə Mübarizə Mərkəzi Qərargahı bəyan edib ki, hazırda ölkədə yeni ştama yoluxma ilə bağlı aşkarlanmış 3 şəxs xaricdən gəlib. Bölgələrə isə bu ştam daşınmayıb.

Kolumbiyanın Səhiyyə Nazirliyi isə sentyabrın 2 -də ölkə ərazisində həqiqətən də "Mu" ştammının olmasını təsdiqləyib.

ÜST də “Mü” ilə bağlı həyəcan təbili çalıb. Təşkilat buna qədər "Alfa", "Beta", "Qamma" və "Delta" ştammlarını ən təhlükəli növ adlandırırdı. Qurum “Delta”nı hazırda dünyada ən çox yayılmış koronavirus növlərindən biri kimi xarakterizə edir. Amma avqustun sonunda ÜST hələ yanvar ayında Kolumbiyada meydana gəlmiş “Mü” ştammını özünün monitorinq, “maraq doğuran” mutasiyalar siyahısına saldı. Bu gün yeni ştamm hazırda əvvəllər aşkar edilərək araşdırılan digər koronavirus növləri siyahısında yer alır. Ancaq "Eta", "Yota", "Kappa" və "Lyambda" kimi ştammlardan fərqli olaraq "Mu" hələ ki, kifayət qədər araşdırılmayıb.

ÜST-nin qlobal epidemioloji vəziyyətlə bağlı 31 avqust tarixli həftəlik hesabatındakı xəbərdarlığında ən diqqət çəkən məqam budur ki, "B.1.621" elmi adı ilə tanınan "Mü" peyvəndlərə qarşı daha davamlı ola bilər. ÜST-ə görə bu tip viruslar elə bir mutasiyaya uğraya bilirlər ki, onların immun sisteminə qarşı potensial gücə malik xüsusiyyətləri formalaşır. “Mü” variantı potensial immun qaçış xüsusiyyətlərinə malikdir. Bu isə o deməkdir ki, mövcud peyvəndlər belə ona qarşı daha az təsirli ola bilər. Eyni zamanda təşkilat bunu təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olacağını qeyd edib.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ştam   Koronavirus   ÜST   Delta  







Xəbər lenti