Nipah atonnan! Dünya indi də Hindistan yarasalarının caynağına keçə bilər

  Nipah atonnan!   Dünya indi də Hindistan yarasalarının caynağına keçə bilər
  08 Sentyabr 2021    Oxunub:3360
Dünyanın hələlik sonu bilinməyən pandemiya ilə mübarizə apardığı bir vaxtda Hindistanda başqa təhlükəli virus baş qaldırıb. “Nipah” (NiV) adlanan bu virus demək olar ki, sağalmaz xəstəlik sayılır. Əslində tibb elmi və xüsusən də Hindistan məlum virusa yaxşı bələddir. “Nipah”ın uzun illər sonra yenidən üzə çıxması nəinki ölkədə, ümumilikdə dünyada narahatlığa səbəb olub.
Hər şey ondan başladı ki, bu günlərdə Hindistanın Kerala ştatında bir neçə nəfər oxşar simptomlarla xəstəxanaya yerləşdirildi. Tibb işçiləri çətinliklə də olsa xəstələrin koronavirusa deyil, köhnə və yeni virus sayılan ölümcül “Nipah”a yolxuduğunu müəyyən ediblər. Konkret olaraq 11 nəfərə belə bir diaqnoz qoyulub, 12 yaşlı uşaq isə artıq “Nipah”ın qurbanı olub. "The Hindu"nun yazdığına görə, ölən uşaq sonuncu dəfə müalicə aldığı xəstəxanaya qədər ən az dörd hospitalda olub. Buna görə də onun ən çox təmasda olduğu şəxslərin valideynləri, qohumları ilə yanaşı, məhz tibb işçiləri olduğu ehtimal edilir.

Məsələyə reaksiya verən Keralanın səhiyyə naziri Vina Corcun sözlərinə görə, nazirlik mərhumun təmasda olduğu 251 nəfəri aşkarlayıb ki, onlardan 129-u tibb işçisidir. Artıq yüzlərlə hindistanlının karantinə alındığı bildirilir. Hindistan Tibb Elmləri İnstitutunun professoru Aşutoşa Bisvas isə əhaliyə xəbərdarlıq edib ki, oyanan virus tənəffüs problemləri, qızdırma, əzələ və güclü başağrısı, başgicəllənmə, ürək bulanmasına səbəb ola bilər. Bir sözlə, koronavirusla eyni simptomlar müşahidə edilir.


Professor xatırladıb ki, bundan əvvəl Hindistanda biri Kerala, digəri isə Qərbi Benqalda olmaqla iki "Nipah" epidemiyası yayılıb. Sonuncu epidemiya zamanı xəstələnənlərin təxminən 90%-i ölüb. Daha sonra, 2019-cu ildə bu virusa yoluxma ilə bağlı yalnız 1 fakt aşkarlanıbmış. İndi isə, 2021-ci ildə, dünyanın və Hindistanın koronavirusla mübarizə apardığı bir vaxtda “Nipah”la bağlı ölümcül hallar qeydə alınır. Hindistanlı alim təəssüflə onu da vurğulayıb ki, bu xəstəlikdən qurtulmaq üçün xüsusi bir müalicə yoxdur.

Hindistanda bu günə qədər dörd "Nipah" epidemiyası yaşanıb. NiV infeksiyası ilə bağlı ilk fakt 2001-ci ildə Qərbi Benqalın Siliguri bölgəsində, daha sonra 2007-ci ildə Qərbi Benqalın Nadia rayonunda aşkarlanıb. Üçüncü epidemiya isə 2018-ci ildə Kerala əyalətinin Kozhikode şəhərində meydana gəlib. Həmin vaxt 18 nəfər ölüb.


Faridabaddakı "Fortis Escorts" xəstəxanasının baş məsləhətçisi Ravi Şekhar Jhaya görə, NiV-in yeni pandemiyaya çevrilməsi real görülmür. "Hindistan keçmişdə bu epidemiyanı çox yaxşı lokallaşdırdı" deyən Jha hazırkı simptomların da (ürəkbulanma, qusma, öskürək, qızdırma, nəfəs almaqda çətinlik və ağır dehidratasiya) əvvəlkilər kimi digər tənəffüs yolları xəstəliklərinə bənzədiyini bildirib.

Tibb elmi hələ də ölüm nisbətinin 40-75 faiz arasında olduğu NiV-in müalicəsini və peyvəndini aşkarlamayıb. Profilaktik tədbirlər baxımından isə digər təhlükəli viruslardan qorunmada istifadə edilən metodlar “Nipah”a da şamil olunur. Tez-tez əllər yuyulmalı, spirt və gigiyenik vasitələrdən aktiv şəkildə istifadə edilməlidir. Mütəxəssislər yarasaların olduğu və yoluxmaların qeydə alındığı əraziyə getməməyi tövsiyə edirlər. Artıq Hindistanda səlahiyyətli şəxslər insanları yarasaların qonduğu ağaclara yaxın durmamağa çağırıblar. Yarasalardan başqa donuzlar da virus yayıcısı sayılır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Virus   Hindistan   Nipah  





Xəbər lenti