Çinin Əfqanıstanda "İnan, ancaq yoxla!" siyasəti

   Çinin Əfqanıstanda    "İnan, ancaq yoxla!"    siyasəti
  07 Sentyabr 2021    Oxunub:1108
Son zamanlar dünya gündəminə çevrilən Əfqanıstan hadisələri hələ də gərginliyi ilə diqqət çəkir. Taliban hərəkatının hərbi çevriliş həyata keçirməsi ölkədəki siyasi durumla yanaşı sosial vəziyyətə də mənfi təsir edib. Bu günlərdə müqavimət göstərən yeganə bölgə olan Pəncşirin də taliblərin nəzarəti altına keçməsi artıq yaraqlıların tam qələbəsinin baş tutduğunu deməyə əsas verdi.
Ümumilikdə isə hərəkatın ölkəyə nəzarəti ələ keçirməsi ABŞ və NATO üzərində faktiki qələbə çalması kimi qiymətləndirilir. Bu nailiyyətlərə baxmayaraq taliblər idarəetmədə problemlərlə üzləşiblər. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qisim isə qaçmağa çalışır. İkincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları isə dondurulub. İnsanlara dolanmaq üçün pul lazım olsa da, bank sistemi çöküb.

Talibanın bu vəziyyətdə əsas ümidi xarici investisiyalardır. Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyətinin Əfqanıstana yatırım qoymaları real görünmür. Qərb dövlətlərinin Talibanla təmasları olsa da, bu hərəkatı rəsmən tanımırlar, onlar Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər. Talibanın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən Talibanla əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib.

Politoloq Elxan Şahinoğlu Azvision.az –a verdiyi açıqlamada bir neçə gün əvvəl Çin və İran xarici işlər nazirləri arasında olan telefon danışığını xatırladıb. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar.



“Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər. Pekinin əsas hədəflərindən biri Talibanın terrorçu qruplardan uzaqlaşmasıdır. Çünki, Taliban keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı Talibanın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir.

Buna baxmayaraq, Pekin Talibanın formalaşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır. İdeologiyalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə Taliban idarəetmə baxımından bir-birinə yaxındır. Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. Talibanın idarəetməsində də fərqli heç nə yoxdur. Taliban əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür”-,politoloq bildirib.

Elxan Şahinoğlu deyir ki, Çinin Talibanla dostluğunun təhlükəli yönləri də var:

“Birincisi, Taliban ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncşir vadisindəki qüvvələr Talibana təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istisna deyil. İkincisi, Taliban verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin “inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədi r”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin   Taliban  





Xəbər lenti