Ştamların MÜqayisəsi: "Mü" haqqında nəyi bilməliyik

  08 Sentyabr 2021    Oxunub :1905
 Ştamların MÜqayisəsi:  "Mü" haqqında nəyi bilməliyik
Koronavirisun "Mü" ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkarlanıb. Hazırda dünyanın 43 ölkəsində bu ştamma yoluxma müşahidə edilir. "Mü" Çilidə daha çox yayılıb. Orada COVID-ə yoluxanların 40 faizini "Mü" ştammı təşkil edir. Bu rəqəm Kolumbiyada 39, Ekvadorda isə 13 faizdir. Artıq qonşu Türkiyədə iki nəfərdə yeni ştamma yoluxma aşkar edilib.
Həkim-infeksionist Vüqar Cavadzadə   Azvision.az-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının "Mü" variantını izlənilən ştammlar siyahısına daxil etdiyini deyib: "Düşünülür ki, yeni ştamm PZR testlərində gec tapıla və müalicəyə çətin tabe ola bilər. Bu versiya təsdiqini tam tapmayıb. Lakin dünyada iki dəfə vaksin olunanlar arasında ölənlərin "Mü" ştammına yoluxan yaşlı şəxslər olduğu müəyyən edilib".

Həkim-infeksionist yeni ştammın "Delta" qədər yoluxucu olmadığını bildirib. Onun sözlərinə görə, "Mü" ştammı barədə geniş məlumat yoxdur. Ciddi mənfi nəticələrə səbəb olan hadisələri olmayıb. Koronavirusun "Delta" ştammına bir ayın içində 50-dən artıq ölkədə rast gəlindi, amma "Mü" 8 aya 43 ölkədə yayılıb. Göründüyü kimi, ştammın yayılma intensivliyi aşağıdır.

Bu gün dünyada koronavirusun minlərlə mutasiyası olduğunu deyən Cavadzadənin sözlərinə görə, onların 99 faizi getdikcə zəifləyir. Elə variantlar var ki, insanda xəstəlik törətmir. Mutasiya uğrayan bəzi variantlar daha çox yoluxuculuq xüsusiyyəti qazanır ki, bu da onların yaşam tərzidir. "Delta" variantı çox yoluxucu olsa da, onun "Delta +" törəməsi o qədər də yoluxucu deyil.

- "Delta" və "Mü" variantlarının hər ikisi ölkədə olarsa, yoluxmalar çoxalacaq. Yoluxuculuq artarsa və çox insan xəstələnərsə, onların arasında ölüm sayı bir o qədər çox olacaq. Karantin tədbirləri yoluxmaların artmasının qarşısını almaq üçündür. Keçən il karantinin tətbiq olunması virusun ölkəyə yeni gəlməsi ilə bağlı idi. Vaksinlər də yox idi. Hazırda yoluxma sayı yüksək olsa da, ciddi epidemik təhlükə törədən vəziyyət müşahidə edilmir. Epidemik proses tam nəzarət altındadır. Xəstəxanalarda ehtiyat palata və tibb işçiləri var. İnsanlar da 1 il 6 ay ərzində müəyyən qədər maariflənib, həkimlər təcrübə qazanıblar. Xəstələrin çoxu ev şəraitində müalicə olunur və xəstəliklərinə ciddi yanaşır. İnsanlar psixoloji cəhətdən öyrəşiblər. Ona görə də, hazırki vəziyyətdə sərt karantin tədbirlərinin tətbiq edilməsi epidemik cəhətdən məqsədəuyğun deyil. Amma müəyyən sahələrdə lokal sərtləşmələr, qapanmalar ola, nəzarət gücləndirilə bilər,- Həkim deyib.

İnfeksionist koronavirusun hələ 2023-cü ilə qədər bizimlə olacağını deyir: "Koronavirus heç vaxt sıfıra düşməyəcək, ömrümüzün axırına qədər bizimlə olacaq. Sadəcə insanlar dəfələrlə xəstələnəcək, immunitet formalaşacaq. Zaman gələcək ki, şəxslər virusa yoluxmanı yüngül keçirəcəklər. Yalnız yanaşı xəstəlikləri olanlarda ağır nəticələr verəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus  







Xəbər lenti