Olimpiya kompleksi: Kimlər gəlir və nə edir - Reportaj+Fotolar

  Olimpiya kompleksi:  Kimlər gəlir və nə edir -  Reportaj+Fotolar
  13 Sentyabr 2021    Oxunub:4988
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman ictimaiyyətini narahat edən bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını və təhlillər aparılmasını vacib saydı.
“Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”, - Prezident bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, son Olimpiya Oyunlarında medal qazananlar veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir: "Necə ola bilər ki, nəsillər arasında belə bir məsafə yaranır? Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin",- Prezident bildirib.

Bu sual bizə də maraqlı gəldiyindən, Hövsan Olimpiya İdman Kompleksinə üz tutaraq, burada idmançılar üçün yaradılan şərait və hazırda gənclərin idman mərkəzindən hansı formada yararlanması ilə tanış olduq. Nə qədər qəribə səslənsə də Olimpiya Kompleksinin həyətinə daxil olanda gözümüzə ilk olaraq hansısa idman avadanlığı deyil, məhz tibbə aid avadanlıqlar sataşdı. Kompleksin rəhbəri Elşən Əliyev bizimlə söhbətində qəsəbə gənclərinin uzun fasilədən sonra yenidən kompleksə aktiv şəkildə gəldiklərini söylədi. O, pandemiyanın gənclərin idman həyatına da az təsir etmədiyini bildirdi. Elşən Əliyev rəhbərlik etdiyi kompleksin bir müddət təyinatının dəyişdirilməsini də xatırlatdı:


- Oxucular üçün öncə Hövsan Olimpiya İdman Kompleksi barədə qısaca məlumat verim. Kompleks 2009-cu il oktyabrın 15-də istifadəyə verilib. Binanın böyük idman zalında tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb. Üzgüçülük hovuzunun isə 122 tamaşaçı oturacağı var. Kiçik zal idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulub və burada 200 tamaşaçı yeri mövcuddur. Bundan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidmət otaqları var. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar var. Üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunub. Açıq havada 100 tamaşaçı yeri olan oxatma zalı, tennis kortu, mini futbol, basketbol və voleybol meydançaları var. Burada güllə atıcılığı üzrə qapalı tir də inşa olunub.
Hazırda kompleksdə 14 olimpiya və qeyri-olimpiya idman növü üzrə fəaliyyətlər həyata keçirilir. Cənab Prezidentin tapşırığı ilə Olimpiya idman növləri ödənişsiz təşkil olunur. Bura sərbəst və Yunan-Roma növü üzrə güləş, futbol, boks kimi mühüm idman növləri daxildir. Hətta binanın girişində bununla bağlı vətəndaşlar üçün bildiriş xarakterli elanlar vurulub. Kompleksə aid sosial şəbəkələrdəki səhifələrimizdə isə olimpiya idman növlərinin ödənişsiz olması barədə tez-tez paylaşımlar edilir.


Müsahibimiz qeyri-olimpiya idman növlərinin ödənişli olmasının səbəbini də izah edib. Onun sözlərinə görə, kompleks təsərrüfat hesablı obyekt olduğu üçün müəyyən xərclərin ödənməsi lazım gəlir. Həmin xərclər isə məhz qeyri-olimpiya idman növlərindən gələn gəlirlər hesabına qarşılanır. Bu mənada hazırda kompleksdə hovuzdan istifadə, kikboks, karate kimi idman növləri ödənişli sahələrə daxildir.


- Adıçəkilən idman növlərində yüksək nəticələr də göstərmişik. Maraq üçün deyim ki, bizdə əksər idmançılar yeniyetmə və gənclərdən ibarətdir . Böyük yaş qrupu, yəni 18 yaşdan yuxarı idmanla məşğul olan azdır. Onların müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə əldə etdiyi nailiyyətlər də az deyil. Dünya və Avropa çempionatlarına qatılmış idmançılarımız var. Bütün bunlar barədə sosial mediada mütəmadi paylaşımlar edirik ki, gənclərimizdə idmana marağı artıraq. Yəni hər vasitəylə qəsəbə və kənddə yaşayan gənclərimizi idmana cəlb etməyə çalışırıq. Bizə qoşulan idmançılara isə şərait yaradırıq ki, onlar bayrağımızı zirvələrə daşısınlar,- Elşən Əliyev deyir.

Kompleksin həyətində gəzərkən süni oksigen balonları üçün quraşdırılmış xüsusi stansiya diqqətimizi çəkdi. Elşən Əliyev bu idman obyektinin pandemiya dövründə bir müddət təyinatının dəyişdirildiyini dedi. Ölkədə yalnız iki böyük idman obyekti-Hövsan və Abşeron Olimpiya İdman Kompleksi cənab Prezidentin göstərişi ilə qısa müddət ərzində modul tipli xəstəxanaya çevrilib.


- Həmin dövrdə operativ şəkildə bəzi zallar 290 nəfər koronavirus xəstəsinin qəbulu üçün hazırlandı. Burada dekabrdan modul tipli xəstəxana fəaliyyətə başladı və yanvar ayının 14-də isə xəstə qəbulu yekunlaşdı. Hazırda təyinatımız dəyişib, əvvəlki tək idman istiqamətindəki fəaliyyətimizi bərpa etmişik. Buranı yalnız iyun ayında hazır vəziyyətə gətirə bildik. Amma zallarda quraşdırılmış xüsusi tibbi avadanlıqlar, çarpayılar və s. hələ də qalır. Çünki bu idman obyekti yenidən hər an təyinatını dəyişə bilər. Yəni hər şey start vəziyyətdədir.


Gözümüzə az sayda da olsa uşaqlar dəyir. Kimisi valideyni ilə, kimi isə idman çantasını çiyninə atıb tək gəlirdi. Həm bəzi idman avadanlıqlarının istifadə müddətinin keçməsi, həm də komleksdə az adamın olmasının səbəbləri ilə maraqlandıq. Müsahibimiz deyir ki, modul tipli xəstəxana qurulan vaxt müəyyən yerlər təmir edilməli idi. Gənclər və İdman Nazirliyinin dəstəyilə bu problem aradan qaldırılıb.
- Maddi texniki bazaya gəldikdə isə, bəzi avadanlıqlar yenilənsə yaxşı olar. Bununla bağlı aidiyyəti yerlərə müraciət olunub. Xüsusilə trenajor qurğularının, idman döşəklərinin yenilənməsinə ehtiyac var.


Bu gün idman federasiyalarının məşqləri Hövsan Olimpiya İdman kompleksində təşkil olunmur. Kompleksin rəhbəri bunu onunla izah edib ki, idman mərkəzində otel yoxdur. İdmançıların qalacaq yeri olmaması səbəbindən təlim-məşq toplantıları digər şəraiti daha yaxşı olan komplekslərdə həyata keçirilir. Bu cür idman toplantılarına xeyli kollektiv gəlir ki, onların da qidalanması, qalması üçün yaxşı şərait olmalıdır. Amma Bakı Şəhər Gənclər İdman İdarəsinin əksər yarışları burada təşkil edilir. Nazirliyin də bir sıra turnirləri Hövsan Olimpiya İdman kompleksində keçirilib.


Söhbət əsnasında əsasən üzgüçülük üçün gələn azyaşlıların çoxluq təşkil etdiyini müşahidə etdik. Kompleksdə məşq etmiş və buranın yetirməsi olan hansı uğurlu idmançıların olması ilə də maraqlandıq. Elşən Əliyev burada uzun illər xeyli sayda uğurlu idmançıların yetişdiyini söylədi: “Son dövrlərə aid təkcə bir misalı çəkə bilərəm ki, bu yaxınlarda Budapeştdə yeniyetmələr arasında keçirilən dünya birinciliyində bizim bir idmançımız yüksək kürsüyə qalxdı. Ruzanna Məmmədova ikinci yeri tutdu. Yığma komandanın içərisində yeganə finala çıxan məhz o olmuşdu. Karate üzrə 7-8 idmançımız olub ki, onlar yeniyetmələr arasında dünya çempionu adını qazanıblar . Türkiyədə və digər yerlərdə keçirilən müxtəlif yarışlarda, Avropa və Dünya çempionatlarında birinci və ikinci yerlərə layiq görülüblər. Bakı və respublika üzrə qaliblərimiz çoxdur. Amma dünyanın müxtəlif yerlərində keçirilən turnirlərdə qələbələr qazanmış idmançılarımız da az deyil. Aydın Rüstəmzadə karate üzrə dünya kubokunun qalibi olub, Bakı çempionu və Azərbaycan birincisidir. Natiq Cəfərov isə karate üzrə Dünya və Avropa çempionu, Dünya kubokunun qalibi olmaqla yanaşı Azərbaycan çempionudur. Azərbaycan bayrağını dəfələrlə dalğalandırmış MMA döyüşçüsü Murad Nəzərlinin də adını çəkmək olar. Boksçumuz Məhərrəm Heydərov isə respublika çempionatını gümüş mükafatçısıdır. Yəni onlarla belə misallar göstərmək olar”.


Müsahibimiz Prezident İlham Əliyevin bu günlərdə çıxışı zamanı idman ictimaiyyətinə bildirdiyi iradla bağlı sualımızı da cavablandırdı. O olimpiadada təcrübəli, nisbətən yaşlı idmançıların daha çox fərqlənməsini, yeni gənc nəslin az uğur qazanmasının səbəblərini belə izah edib:
“Deməzdim ki, gənc nəslin idmana marağı azalıb. Əksinə, ölkədə yeniyetmə və gənclər idmana daha çox meyl etməyə başlayıblar. Düşünürəm ki, idmanda bir qədər axsamaların olmasına səbəb pandemiya vaxtı 1 ildən çox müddətdə əksər məşq proseslərinin dayandırılmasıdır. Amma hazırda idmanın ayrı-ayrı növlərinə axın müşahidə edilir. Çünki uzun müddət passiv həyat keçirən yeniyetmələr, evdə qalan gənclər indi yenidən aktiv həyata qayıdırlar. Zənnimcə, federasiyaların aktivliyi artmalıdır. Federasiyalar həmin yeniyetmə və gənc idmançıların məşq toplantılarında iştirakını çoxaltmalıdır ki, onların potensialı veteran idmançılara gəlib çatsın. Şəxsi fikrim budur ki, belə potensialda olan yeni nəsil az formalaşdığı üçün veteran idmançılardan daha çox istifadə edilir. Müəyyən dövrdə məşq proseslərinin dayanması da bu məsələdə öz sözünü dedi.


Hazırda Hövsan qəsəbəsindən və kəndindən olan sakinlər kompleksdəki şəraitdən yenidən aktiv şəkildə yararlanmağa başlayıblar. Sizin də müşahidə etdiyiniz kimi bu gün daha çox üzgüçülüyə maraq var. Digər idman növləri də valideynlərin və gənclərin marağındadır. Bizim xüsusi qruplarımız var ki, hər qrupda da 20-dən çox yeniyetmə və gənclər bizim təqdim etdiyimi idman növlərindən yararlanırlar. Yeri gəlmişkən onu da qeyd edim ki, Operativ Qərargah bütün idman zallarından istifadəyə icazə verəndən sonra, iyunun ayının 10-dan şəxsi təşəbbüsümüzlə şəhid və qazi ailələri, onların övladları üçün bütün idman növlərini ödənişsiz təşkil edirik. Bununla bağlı elanlarımızı da yerləşdirmişik. Bu bizim borcumuzdur və çalışacağıq ki, bu qəbildən olan digər həssas məsələləri də diqqətdə saxlayaq”.


Kompleksdə üzgüçülük üzrə məşqçi kimi fəaliyyət göstərən Anar Novruzovla da söhbətimiz maraqlı alındı. O valideynləri övladlarını körpə ikən hovuza, idmana meylləndirməyə çağırdı: “Azərbaycanda idmana maraq hər zaman yüksək səviyyədə olub. Su idmanı növləri isə xüsusi bir sahədir. Valideynlərə məsləhət bilərdim ki, övladlarını 4-5 yaşından üzgüçülük məşqlərinə yazdırsınlar. Bizim sahə ən gözəl və travmasız idman növü sayılır. Bütün idman növlərinin üzgüçülüyə ehtiyacı var. İstər, bodibildinq, karate, güləş, futbol, istərsə də digər idman növləri ilə məşğul olanlar üzgüçülükdən mütləq yararlanırlar. Bu elə bir idman növüdür ki, insan bədənində 2 minə yaxın toxuma varsa, onu üzməklə aktiv saxlayırsan inkişaf etdirirsən. Qəsəbəmizdə üzgüçülüyə xeyli maraq var. Əvvəllər hovuzdan istifadə edən xeyli sayda azyaşlı uşaq var idi. Hazırda məktəblərin fəaliyyətə başlaması ilə əlaqədar olaraq valideynlər əvvəlki tək övladlarını hovuza aktiv şəkildə gətirmirlər. Əlbəttə ki, pandemiyanın da öz təsiri olur . Ancaq sağlamlıq mütləqdir.


Hazırda bizim hovuzdan 3 yaşında istifadə edən balaca idmançımız da var. Uşaqlara proqram vermək bir qədər çətindir. Bura onlar üçün akvapark kimi qəbul olunur. Suya girdikdən sonra məşqçiyə demək olar ki, qulaq asmırlar. Yalnız sevinir, suda hərəkət edərək sanki adrenalini çoxaldırlar. Amma istənilən halda onların suya meyllənməsi, sevinərək öz emosiyalarını göstərməsi bizə bəs edir. Çünki balacaların aktiv şəkildə elementar üsullarla adi əl-ayağını tərpətməsi belə fiziki hərəkət sayılır. Azyaşlıların kompüter arxasında saatlarla oturmasındansa bir-iki saat suda üzməsi daha məqbuldur. Hovuz yalnız idmançılar üçün deyil. Bəzi uşaqların onurğasında problemlər olur ki, üzməklə o yoluna qoyulur. Onların boyu da tez uzanır, şuxluq yaranır və s. Bu gün Hövsandan bizim çox yaşlı tələbələrimiz də var. İnsanlar gəlirlər gec də olsa üzgüçülüyü öyrənməyə çalışırlar. Yəni insanın özündən asılıdır”.

İdman kompleksində bəzi nüanslar bizi təəccübləndirsə də, sonda fotoqrafla buradan böyük ümidlərlə ayrıldıq. Ümid edirik ki, növbəti olimpiadaya qədər kompleks nəhəng hospitalı deyil, gənclərin, yeniyetmələrin qaynayıb-qarışdığı, məşq etdiyi, asudə vaxtlarını səmərəli keçirə bildiyi bir mərkəzə çevriləcək. Hövsandan isə olimpiya çempionları çıxacaq...



Digər fotolar üçün aşağıdakı lentə baxa bilərsiniz

Tural Tağıyev
FOTOLAR Anar Bayramlı
Azvision.az

Qalereya




Teqlər: Olimpiya   Medal   Hövsan  





Xəbər lenti