9/11: Üç rəqəmlə ört-basdır edilən böyük oyunun gizlinləri

   9/11: Üç rəqəmlə ört-basdır edilən  böyük oyunun gizlinləri
  11 Sentyabr 2021    Oxunub:2867
Adi çərşənbə axşamı günlərindən biri olan 2001-ci il sentyabrın 11-nin səhəri Nyu-Yorkun minlərlə sakini işə tələsirdi, çoxları isə artıq işə başlamışdılar. Lakin meqapolisdə yerləşən Dünya Ticarət Mərkəzinin əkiz binalarına cəmi 17 dəqiqə fərqlə çırpılan sərnişin təyyarələri həmin günü yalnız amerikalılar yox, bütün bəşəriyyət üçün ən böyük və davamlı faciələrdən birinə çevirdi.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktı 34 dəqiqə sonra Vaşinqtonda Pentaqonun qərb divarına sərnişin laynerinin çırpılması ilə davam etdi. Xoşbəxtlikdən 4-cü laynerin Pensilvaniya ştatındakı Şanksvill səhrasına düşməsi nətcəsində daha bir terror faciəsi yaşanmadı. Açıqlanan rəsmi məlumata görə, qaçırılmış 4 sərnişin təyyarəsində 19 terrorçu sözügedən müdhiş cinayətləri törədib. Sonuncu cəhdin fiaskoya uğramasının səbəbi isə, təyyarədəki sərnişinlərin terrorçulara müqavimət göstərərək onların planlarını pozması olub. Həmin təyyarənin hədəfində böyük ehtimalla, Ağ Evin və yaxud da Konqresin olduğu bildirilir.

Terror aktının birbaşa icraçılarından 15-nin Üsamə bin Ladenin yerlisi, yəni səudiyyəli, 2-nin BƏƏ-dən, daha iki nəfərin isə Misirdən və Livandan olduğu bildirilir. Onların bir neçə qrupa bölündüyü, hər qrupda təyyarə idarə etməyi bacaran terrorçunun olduğu və ABŞ-ın fərdi məktəblərində bu sənətə yiyələndikləri bildirilir. Amma həmin hadisələrin rəsmi izahına skeptik yanaşan və sözügedən aviator kurslarının işini yaxından bilən mütəxəssislərə görə, həmin mərkəzlərdə “Boing” təyyarələrinin idaretməsi ustalığına yiyələnmək mümkün deyil.

Terror aktları nəticəsində 2996 insnan həlak olub: Nyu-Yorkda 2753, Vaşinqtonda 189, Pensilvaniyada isə 44 nəfər. Terror aktlarına görə məsuliyyəti o vaxt “Əl-Qaidə” təşkilatı götürdü. Amma maraqlıdır ki, bu hadisədə şəxsən əli olduğunu “Əl-Qaidə”nin lideri Üsama bin Laden yalnız 3 illik sükutdan sonra etiraf etdi. ABŞ isə terrorun elə səhəri günü “Əl-Qaidə”nin etirafı ilə əlüstü razılaşaraq, qısa bir müddətdə genişmiqyaslı antiterror əməliyyatlarına başlamaq üçün beynəlxalq koalisiya yaratdı.

Belə operativlik ən azı 2 ehtimalın yaranmasını şərtləndirir: 1) Belə görünür ki, etiraf olsa da olmasa da, Vaşinqton onsuz da günahkar kimi barmağını “Əl-Qaidə”yə tuşlaycaqdı; 2) Bu hadisələrin arxasında elə Vaşinqtonun “xeyir-duası”, ciddi mailiyyə və hərbi dəstəyilə ərsəyə gələrək, güclənmiş “Əl-Qaidə”nin öz “mənəvi ata”sının hazırladığı ssenaridə ona ayırdığı rolu oynamaq məcburiyyəti reallığı.

Belə ki, Sovet qoşunlarının çıxmasından və 5-6 il davam edən qanlı vətəndaş müharibəsindən sonra Əfqanıstanda hakimiyyətə gələn “Taliban”ın apardığı daxili və xarici siyasət heç də Vaşinqtonun bu müstəvidə hazırladığı planlarla uzlaşmırdı. Belə ziddiyyətə son qoymaq, taliblərin hakimiyyətini devirmək, “Taliban”ı ideoloji kontekstdə onunla yaxın olan “Əl-Qaidə”yə dəstək və sığınacaq verməkdə suçlandırmaq üçün əlahiddə bir təxribata böyük ehtiyac duyulurdu ki, bu baxımdan 2001-ci ilin sentyabr hadisəsi xüsusi xidmət orqanlarının işləyib hazırladığı və həyata keçirdiyi ən unikal əməliyyat sayıla bilər.

Yeri gəlmişkən, bir çox ekspertlər heç də belə saymırlar, əslində buna tam əmindirlər. Onların çoxu ilk növbədə qiqqəti bir sıra “qəribə” detallara yönəldirlər. Əvvəla, terror aktları törədilən gün təyyarələrin ələ keçirilməsi imitasiyasının da planlaşdırıldığı hərbi təlimlər keçirilirdi. Belə təlimlər zamanı təyyarələrin həqiqətən də terrorçular tərəfindən qaçırılması daha çox irəlicədən hazırlanmış planının real inikasına bənzəyir.

ABŞ-ın o vaxtkı vitse-prezidenti D.Çeyni ilə müdafiə naziri Donald Ramsfeldin açıqlamalarında bir-birinə zidd olan məqamları da nəzərə alsaq, həmin hadisələr barədə konspiroloji ehtimalların sayı daha da artır. Maraqlıdır ki, sonradan araşdırıcı komissiya bir sıra çətin suallara, o cümlədən əkiz qüllələrin nədən düppədüz çökməsinə, yanğınsöndürənlərin qüllələrin daxilində eşitdikləri partlayışların haradan törəndiyini və səbəbini izah edə bilməyiblər. Mütəxəssilər bu məqamı “nəzarət olunan” söküntü nəzəriyyəsi ilə, yəni binanın alt mərtəbəsində yerləşdirilmiş partlayıcı maddələrin detonasiyası vasitəsilə onun sərbəst çökmə sürətilə dağıdılması kimi izah edirlər.

Belə nəhəng dağıntılar arasında təyyarələri qaçıranların xətər-ətərsiz qalan pasportlarının da olduğu heç bir zədə almamış maşının tapılması da yəqin ki, çox mətləblərdən xəbər verir. Pentaqonun binasına çırpılan təyyarə ilə də bağlı açıq qalan suallar var. Məsələn, həmin təyyarənin və ehtimala görə onun içərisində olan sərnişinlərin heç bir bədən orqanlarının qalıqları aşkarlanmayıb. Binanın divarındakı aşkarlanan dəlik isə təyyarənin qanadlarının əhatə radiusundan qat-qat balacadır.

2009-cu ildə beynəlxalq tədqiqatçılar qrupunun “Open Chemical Physics” elmi jurnalında dərc etdiyi məqalədə Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin qalıqlarının kimyəvi analizində termit (poladı əridə biləcək yanan maddə) tapıldığı bildirilir. Aviasiya yanacağının alovlanmasının yuxarı həddi normal şəraitdə 1000 dərəcə təşkil etdiyi halda, termitin əriməsi üçün ən azı 1500 dərəcə tələb olunur. Deməli, Əkiz qüllələrdə metal konstruksiayaların əriməsi üçün aviasiya yanacağının gücü kifayət etmir.
Faciənin detallarını araşdıran rəsmi komissiyanın cavabı belə olub ki, onlar heç də binaların metal konstruksiyalarının əridiyini iddia etmirlər. Sadəcə təyyarələrin çırpılması nəticəsində törənmiş yanğının binaların polad karkasını əhəmiyyətli dərəcədə sarsdığını deyirlər. Amma belə hallarda bütün versiyaları nəzərdən keçirməyə məsul olan komissiya nədənsə, qalıqların kimyəvi analizi kimi vacib variantı yoxlamağa lüzum görməyib.
Ən diqqətçəkən məqamlardan biri də həmin hadisədən təxminən ay yarım əvvəl amerikalı milyarder Lari Silversteyn ümumdünya ticarət mərkəzini 99 illiyə icarəyə götürmək üçün 3,6 milyard dollarlıq kontrakt bağlayıb. Həmin kontrakt binanın bədbəxt hadisələrdən, o cümlədən də terror aktlarından 3,5 milyard həcmində sığortalanmasını nəzərdə tuturdu. Bax belə yerdə deyiblər ki, lazımi vaxta lazımi yerdə olmaq lazımdır.

Bu məsələdə maliyyə maraqlarının əsas amillərdən biri olması kontekstində terror aktlarında “Əl-Qaidə”yə və onun liderinə qarşı sərt ittihamlar irəli sürən Vaşinqtonun müəyyən addımları əsl absurd teatrını xatırladır. Bin Ladenin ailəsinin və Səudiyyə Ərəbistanının digər təmsilçilərinin ABŞ-dan təcili şəkildə çıxarılması üçün xüsusi təyyarələr ayrılır. Ümumilikdə 140 ərəbin, o cümlədən bin Ladenin ailəsinin buradan getməsinə imkan yaradılır. Baxmayaraq ki, bir neçə ildən sonra Əfqanıstanda aparılan antiterror əməliyyatı çərçivəsində Üsama bin Laden amerikalı xüsusi təyinatlıları tərəfindən Pakistanda öldürüləcək və B.Obamanın prezidentliyinin sonlarına yaxın 11 sentyabr hadisələri az qala ABŞ-la Səudiyyə arasında çox kəskin ədavətə səbəb olacaq.

Sadalananlar kontekstində skeptiklərin gəldiyi qənaət budur ki, çox ustalıqla hazırlanmış 11 sentyabr faciəsi “antiterror hərəkatı” pərdəsi altında Yaxın Şərqdə əsl terrorçuluğu alovlandırmaq məqsədilə aparılması palanlaşdırılan oyunda ilk gediş idi. Sözsüz ki, terrorçuluğun qarşısı qəti şəkildə alınmalı və bu mənada hətta bir adamın belə qətlə yetirilməsi bağışlanmamalıdır. Amma beynəlxalq terrorizmlə mübarizə adı altında onlarla dövlətin iştirakı ilə yaradılan koalisiya ilə pərdələnərək, böyük bir regionu xaosa sürükləmək, neçə-neçə dövləti parçalamaq, vətəndaş müharibələri alovlandırmaq, qadınlar, uşaqlar və qocalar da daxil olmaqal milyonlarla dinc insanı qətlə yetirmək və 10 milyonlarla insanı öz ev-eşiyindən və el-obasından didərgin salmaq terrorçuluqdan nə ilə fərqlənir? Yoxsa “xırda” terrorçuluqdan daha genişmiqyaslı, daha böyük “ustalıqla” və qəddar şəkildə həyata keçirilən bu “qanuniləşdirilmiş” terrorun başqa adı var?

Sahil İsgəndərov, politoloq
Azvision.az


Teqlər:





Xəbər lenti