“Üçüncü Roma” yox, “İkinci Bizans”: Rusiyanın Güney Qafqaz siyasətinin geosiyasi kodları

  14 Sentyabr 2021    Oxunub :4784
      “Üçüncü Roma” yox, “İkinci Bizans”:    Rusiyanın Güney Qafqaz siyasətinin    geosiyasi kodları
Vüsal Məmmədov
AzVsion.az saytının baş redaktoru

Rusiyanın Güney Qafqazda yürütdüyü siyasət Azərbaycan insanında qarışıq hisslər doğurur. Xüsusilə də müharibə bitəndən sonra Ermənistanı silalandırmaqda davam etməsi və Qarabağda separatçılıq ideyalarını tükənməyə qoymaması “Bu Rusiya nə istəyir axı?!” şəklində hiddətli suallarla müşayiət olunur.
Rusiyanın nə istədiyini anlamaq üçün isə bir qədər dərinə - Onun dövlətçilik şüurunu və geosiyasi iddialarını müəyyən edən dominantların formalaşdığı dövrə baxmaq lazımdır. Kozma Prutkov boşuna demirdi ki, «Зри в корень!» (“Kökünə bax!”)

“Üçüncü Roma”

İstanbulda olan rus turistlər tarixi məkanlarda Bizans imperiyasının ikibaşlı qartalını görəndə heyrətlə deyirlər: “Bu ki bizim qartaldır!” Onlar tamamilə haqlıdırlar: Rusiya İmperiyasının... pardon, Federasiyasının gerbindəki ikibaşlı qartal eynilə Bizansın simvolu olan həmin qartaldır.

Bizans türk qılıncının zərbindən çökəndən sonra onun sonuncu imperatorunun qızı Sofiya (Zoya) Paleoloq 1472-ci ildə Moskva knyazı III İvana ərə gedir. Bu, geosiyasət tarixinin ən vacib evliliyi olmaqla, Bizans imperiyasının təkcə sonuncu varisinin yox, missiyasının da Rusiyaya köçməsi idi. Sofiya Bizansın bütün vəsiyyət və mənəvi-siyasi irsini özü ilə gətirərək, yeni formalaşmağa başlayan rus dövlətinin ideoloji bünövrəsinə yerləşdirmişdi. Bizans imperatorunun bütün hüquqları III İvana və onun varislərinə keçirdi. İkibaşlı qartal da məhz bu hadisə zamanı uçub, Moskvaya qondu.

Formalaşmaqda olan Rusiya dövlətinin ideoloji əsası Sofiyanın ölümündən bir qədər sonra onun gətirdiyi "cehizin" təsirilə qoyuldu: Bu, “Moskva – III Roma” nəzəriyyəsi idi. Nəzəriyyəyə görə, birinci və ikinci roma imperiyaları (ikinci Roma İmperiyası adı altında Bizans nəzərdə tutulurdu) “Günahlarına görə çökdülər, üçüncüsü ayaqdadır, dördüncüsü isə olmayacaq”. Abid Filofeyin bu ideyasının əsasında artıq III Vasili (Sofiya Paleoloq ilə III İvanın oğlu, IV İvan Qroznının atası) Bizansın əfsanəvi imperatoru Konstantinlə bir tutulurdu.
“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları

Sonrakı mərhələdə məhz “Üçüncü Roma” nəzəriyyəsi rus torpaqlarını Moskvanın ətrafında birləşdirən əsas milli-siyasi ideologiyaya çevrildi. Bu dövrdə “Monomax papağı” haqqında mif də formalaşdırılır – guya rus çarlarının hakimiyyət rəmzi olan baş geyimini onlara Bizans imperatoru Konstantin Monomax veribmiş...

Bütün hallarda, “Üçüncü Roma” nəzəriyyəsi möhkəmlənərək, rus siyasi fəlsəfəsi ilə yanaşı, mənəviyyatına və ədəbiyyatına da yol tapır. Bu nəzəriyyəyə görə, Bibliyadakı Daniil peyğəmbərin “Translatio imperii” prinsipinə əsasən, dünya səltənəti missiyası Rusiyaya ötürülmüşdü. Sual bu idi: İndi dünyada xristianların həyanı, dayağı kim olmalıdır?

Amma nəzəriyyənin çox ciddi bir nöqsanı vardı: Bizansın özünü heç bir halda “İkinci Roma” adlandlırmaq mümkün deyil. Bizans Roma İmperiyasının davamçısı yox, antipodu idi. Əslində geosiyasi kodların tarixinə baxsaq, bugünkü Rusiya-Qərb qarşıdurmasının kökləri gedib Bizans-Roma ziddiyyətlərinə çıxır.

“İkinci Bizans”

Nihil nova sub soli. 330-cu ildə Roma İmperiyası ikiyə bölünəndən sonra ta bugünə qədər gedən proseslər demək olar ki, eyni modelin zaman oxu üzrə yerdəyişməsindən başqa heç nə deyil. Məsələn, ABŞ-SSRİ qarşıdurması geosiyasi kodlar baxımından elə həmin Roma-Bizans üzləşməsi idi. Zbiqnev Bzejinskinin ABŞ-ı Roma İmperiyasından sonra ikinci qlobal supergüc kimi təsvir etməsi əsassız deyil. ABŞ – həqiqətən İkinci Romadır və onun qarşısında İkinci Bizans var. Amma bizi maraqlandıran mövzu bu xətt olmadığı üçün, qayıdaq İkinci Bizansın yeni formalaşdığı dövrə.

Yeni təşəkkül tapan Rusiya dövləti özünü “Üçüncü Roma”, əslində isə “İkinci Bizans” kimi dərk etdikcə, onun tarixi missiyasını da üzərinə götürürdü. Bu isə təkcə bütün dünyada pravoslav xristianların hamisi olmaq deyildi, Bizansın siyasi genetikasında müsəlman-türklərlə mübarizə də yazılmışdı. Məhz buna görə rus-türk müharibələri praktik olaraq rusların özlərini “Üçüncü Roma” (“İkinci Bizans”) kimi dərk etdikləri dövrlərdən (1568) başlayıb və 350 il – 1918-ci ildə hər iki imperiya çökənə qədər sürüb. Bu proses əslində Osmanlı-Bizans mübarizəsinin başqa formada davamı idi.

Həmin mübarizənin bitdiyini, yaxud nə zamansa bitəcəyini düşünmək sadəlövhlük olardı: Bunun üçün əvvəlcə Rusiya “İkinci Bizans” rolundan (Bizansın mənəvi irsindən) imtina etməlidir. Amma tam əksinə, Rusiya həmin yükü getdikcə daha dərindən öz üzərinə götürməkdədir. Sadəcə, XX əsrdə daha çox İkinci Bizans ilə İkinci Romanın qarşıdırması prioritet idi. İndi isə qlobal şərait dəyişdikcə, geosiyasi kodlar yenidən özünü göstərir.

Bizans və Qafqaz

Güney Qafqaz son dərəcə maraqlı yerdir. Coğrafiyası elədir ki, burada heç bir mərkəzləşmiş böyük dövlət yaranıb, güclənə bilməzdi, çünki bunun üçün geniş düzənlik ərazi lazımdır. Güney Qafqaz kimi dağlıq və mürəkkəb relyefli ərazilər adətən, böyük imperiyaların periferiyası, maraqların toqquşduğu, bufer zonası kimi baxdıqları yer olur. Belə yerlərdə asanlıqla lokal güclər yarana, relyefdən və təbiətdən dəstək alaraq, böyük güclərə qarşı dayana bilirlər. Və bu zaman əksər hallarda başqa bir böyük güc onların varlığı və dirənişi faktorundan öz maraqlarına uyğun istifadə etməyə çalışır.

Biz ilk dəfə Güney Qafqazı Bizans-Sasani geosiyasi qarşıdurmasında bu rolda görürük. Faktik olaraq, hər iki imperiya Qafqaz Albaniyasından digərilə mübarizədə öz maraqlarına uyğun istifadə etməyə çalışır, sələf-dövlətimiz isə bu iki imperiyanın arşında manevrlər etməyə cəhd göstərirdi.

Həm də iki qocaman imperiyanın başının bu mübarizəyə qarışması səbəbindən bədəvilərin gənc dövləti onların iksinin də dizini yerə gətirdi, Sasanilərin varlığına nöqtə qoydu, Güney Qafqaz isə bu dəfə Bizans-Ərəb mübarizəsinin vacib cinahına çevrildi. Biz Xürrəmilər hərəkatını adətən bir qəhrəmanlıq dastanı kimi öyrənirik, halbuki, o, bölgənin geosiyasi tarixini anlamaq baxımından da vacib ipucları verə bilər. Şübhəsiz ki, Bizansın gizli dəstəyi olmasa Xilafətə qarşı yerli müqavimət o qədər sürə bilməzdi...

Yəni Güney Qafqaza vacib maraqların toqquşduğu cinah kimi baxmaq Bizansın dövlətçilik ideyasının genetik kodunda var idi və bu kodlar tarixin irsiyyət mexanizmlərilə onun xələfinə də keçib. Bizans üçün həmin mərhələ səlcuqların gəlməsilə bitmiş, amma bundan sonra da dövlətçilik genində yeni kodun yazılması başlamışdı. 1064-cü ildə başlayan, əvvəlcə Bizans-Səlcuq, sonra Bizans-Osmanlı şəklində gedən, 1453-cü ildə İstanbulun fəthilə başa çatan silsilə 1568-ci ildə bu dəfə özünü Bizansın varisi elan edən Rusiya-Osmanlı savaşları şəklində bərpa olunur və 1918-ci ilə qədər sürür. Maraqlı vəziyyət alınır: Rusiyanı Bizansın varisi kimi qəbul etsək (özləri də belə hesab edirlər), belə çıxır ki, səlcuqların regiona gəldikləri vaxtdan başlayan savaşın geosiyasi kodları artıq min ildən çoxdur ki, müxtəlif mutasiyalarla davam edir.

Müasir dövr

Biz hazırda gedən proseslərin mahiyyətindəki dərinliyi anlamaq üçün məsələyə məhz bu prizmadan – geosiyasi kodlar aspektindən yanaşmağın tərəfdarıyıq. Osmanlıya yeniləndən sonra Bizans ruhu Rusiyanın simasında ikinci təcəlləsini (inkarnasiyasını) tapıb və tarixi mübarizəsini yeni mövqelərdən davam etdirib. Osmanlı ilə mübarizəsində Rusiya həmişə Güney Qafqaza vacib cinah kimi baxıb və heç vaxt buradan o tərəfə keçməyə can atmayıb. Ona görə yox ki, istəməyib; ona görə ki, qoymazdılar. Açıq danışaq: 1878-ci il müharibəsinə nöqtə qoyan müqavilənin imzalandığı San-Stefano şəhərindən səhər yola çıxan rus qoşunları günorta boğaz sahilində dincələ bilərdilər və onlara heç nə mane olmurdu – artıq qlobal gücə çevrilmiş və Qərbi Roma İmperiyasının genetik kodlarını daşıyan Avropa dövlətlərindən başqa. 25 il əvvəl Krım müharibəsində Avropa Rusiyaya başa salmışdı ki, Osmanlını nə qədər sevməsə də, II Bizansın güclənməsi daha arzuolunmazdır. Ona görə, 1878-ci ildə məhz Avropanın qorxusundan Rusiya İstanbula girmədi. Rusiya Güney Qafqazdan adlayıb, Təbrizi də tuta bilərdi, özü də dəfələrlə. Amma Qərbi Roma İmperiyasının genetik kodlarını daşıyan dövlətlər II Bizansa bu imkanı və icazəni verməyiblər.

Beləcə, Güney Qafqaz 3 geosiyasi kodun (Roma, Bizans, Türk) yayıldığı arealların hüdudlarının təmasda olduğu məkan kimi formalaşıb. Bu gün də heç nə dəyişməyib. Mübarizə bütün tarix boyunca 3 tərəfin arasında gedib, gedir və gedəcək. Burada “erməni” anlayışına yer yoxdur, heç vaxt da olmayıb. Yalandan tarix uydurmaqla deyil, nə Bizans-Sasani, nə Bizans-Ərəb, nə də Səlcuq-Bizans və Osmanlı-Bizans mübarizələrində biz heç bir erməni faktoru görmürük. Ermənilər ancaq II Bizans türklərlə köhnə mübarizəsini yeni dövrdə həm də Qara Dənizin şərq cinahında yürütməyə qərar verəndən sonra ortaya çıxırlar. Onlar heç vaxt bu tarixi mübarizənin subyekti olmayıblar, indi də deyillər. Min illik proseslər necə qurulubsa, elə də gedir. Çünki onları quran təkcə Əlahəzrət Tarix deyil. Hətta Əlahəzrət Tarixin qurduğu mexanizmlər də bir müddət sonra dayanır, Tarix və Coğrafiya həzrətlərinin birgə qurduqları mexanizmlər isə çox uzun müddət işləyir. Bu halda olduğu kimi.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Müəllifin digər yazıları:
“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları
Qarabağ meydanı: ABŞ oyuna daxil olur – TƏHLİL


Teqlər:   Geosiyasət   Güney-Qafqaz   Rusiya   Tarix  







Xəbər lenti