"Bu əsl qəhrəmanlıq dastanıdır" - Cahid Bağçı

 "Bu əsl qəhrəmanlıq dastanıdır" -   Cahid Bağçı
  15 Sentyabr 2021    Oxunub:2151
Sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 103-cü ildönümü münasibətilə “Türk şəhidliyi” abidəsinin qarşısında anım mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir Cahid Bağcı abidənin önünə əklil qoyub. Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi zamanı şəhid olan türk hərbçilərinin xatirəsi yad edilib.

Tədbirdə çıxış edən səfir bildirib ki, 103 il əvvəl türk ordusunun bolşeviklərlə mübarizədə azərbaycanlı qardaşlarının yardımına gəlməsi əsl qəhrəmanlıq dastanıdır.

“Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da rahatlıqla uyuyun. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”, - səfir qeyd edib.

Diplomat bildirib ki, Osmanlı dövləti 103 il əvvəl Balkan yarımadası, Suriya, İraq və Şərq cəbhələrində ölüm-qalım mübarizəsi aparırdı. Bu dönəmdə bolşeviklərin işğalı və zülmü ilə üzləşən azərbaycanlı qardaşlarının köməyinə gələrək, Azərbaycanı müdafiə etməsi qəhrəmanlıq dastanıdır. Anadolu və Qafqaz igidlərinin qanları ilə sulanmış bu torpaqlar həm də qardaşlıq xəmirini yoğurub.

Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.

Səfir Cahid Bağcı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azvision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti