ABŞ-Çin münasibətləri çətin mərhələyə qədəm qoyub - Ekspert

   ABŞ-Çin münasibətləri çətin mərhələyə qədəm qoyub -    Ekspert
  16 Sentyabr 2021    Oxunub:2586
Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub. Ağ Evin məlumatına görə, iki nəhəng ölkənin liderləri geniş strateji müzakirələr çərçivəsində tərəflərin maraqların toqquşduğu və ayrıldığı sahələrlə bağlı fikir mübadiləsi aparıblar.
Liderlər hər iki qrup məsələlərin açıq və birbaşa şəkildə müzakirə edilməsinə, müntəzəm əlaqələrin yüksək səviyyədə saxlanılmasına dair razılığa gəliblər.

“Financial Times” nəşri isə Baydenin ÇXR sədrinə görüşməyi təklif etdiyini, ancaq rədd cavabı aldığını yazb: “Bu təklif liderlər arasında ötən həftə baş tutan 90 dəqiqəlik söhbət zamanı irəli sürülüb. ABŞ prezidenti Si Cinpinə Amerika-Çin münasibətlərindəki dalandan çıxmaq üçün sammit keçirməyi təklif edib. Ancaq Çin lideri onun təklifini qəbul etməyib və bunun əvəzində Vaşinqtonun qarşısına Pekinlə münasibətdəki sərt tonu azaltmaq şərti qoyub”.

Cinpinin üz-üzə görüşə razılıq verməməsi bir sıra ABŞ rəsmilərində Pekinin Vaşinqtona qarşı çətin oyun oynamaqda davam etməsi təəssüratını yaradıb.

Hindistanın Cəvahirləl Nehru Universitetinin Çinşünaslıq üzrə professoru Srikant Kondapalli Azvision.az - a iki ölkənin münasibətlərinin bundan sonra necə inkişaf edə biləcəyini, mövcud gərginliyin beynəlxalq siyasətə təsirini şərh edib.

O xatırladıb ki, ABŞ vaxtilə Sovet İttifaqına qarşı çıxması üçün Çinin beynəlxalq sistemdə yüksəlməsinə kömək etmişdi. Sərmayələr, ticarət, texnologiyalar, bazarlar, insanlar arasındakı əlaqələrin onilliklər ərzində inlişafda olması Prezident Obamanın 2009-cu ildəki G-2 təklifi (bu, ABŞ və Çinin regional və qlobal təhlükəsizlik mövzusunda koordinasiyalı mövqe nümayiş etdirməsini nəzərdə tuturdu) üçün əsas yaratdı. 70 mindən çox Amerika müəssisəsi Çində fəaliyyət göstərməyə başladı, ölkəyə 700 milyard dollarlıq ABŞ investisiyası qoyuldu. Bununla birlikdə, son dönəmdə (Tramp Adminstrasiyası zamanından) ABŞ-ın Pekinin xeyrinə artan ticarət balansını, maliyyə və investisiya məhdudiyyətlərini şübhə altına alması da daxil olmaqla, bir sıra səbəblər, o cümlədən Sincan, Tibet, Tayvan, Senkaku Adaları, Cənubi Çin dənizi və koronavirus pandemiyası kimi digər məsələlər əlaqələri korlayır.

Ekspert hesab edir ki, həm ABŞ, həm də Çin bir-birini kəskin tənqid edir və görünür ki, 1990 -cı illərin qarşılıqlı anlaşma siyasəti sona çatır.

"Dünyanın müxtəlif yerlərində ABŞ-ın təsirini əvəz etməyə hazırlaşan Çin rəqibinin Əfqanıstandan çıxmasını sərt tənqid etdi. ABŞ isə Çini (və Rusiyanı) "strateji rəqib" adlandırdı. Bütün bunları nəzərə alaraq, ABŞ-Çin münasibətlərinin çətin bir mərhələyə qədəm qoyduğunu söyləmək düzgün olardı" , - Kondapalli deyib.

Bayden və Cinpin arasında son telefon danışığına diqqət çəkən ekspert bildirib ki, prezident Co Bayden yanvar ayında vəzifəsinə başladıqdan sonra, bu, iki ən böyük iqtisadiyyata malik ölkələrin liderləri arasında ikinci telefon danışığıdır:

“Digər səviyyələrdə görüşlər olsa da, liderlər arasındakı ünsiyyət mövcud gərginliyi azaltmaq üçün vacibdir. Bu ilin mart ayında ABŞ-ın dövlət katibi Entoni Blinken və Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanın Çin Siyasi Bürosunun üzvü Yanq Jieçi və XİN rəhbəri Vanq Yi ilə Anchorage görüşü yalnız iki ölkə arasındakı fikir ayrılıqlarını üzə çıxardı. ABŞ dövlət katibinin müavini Vendi Şermanın bu ilin iyul ayında Tianjində xarici işlər naziri Vanq Yi ilə görüşü də çox müsbət olmadı. Sentyabrın 9-da Prezident Bayden çinli həmkarına zəng etdi. Qərb mətbuatı gərgin münasibətlərin yaxşılaşmasından əvvəl Cinpinin Baydenlə şəxsən görüşə razı olmadığını yazdı. Lakin ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bunu təkzib etdi".

Hindistanlı ekspertə görə, ABŞ regional və qlobal məsələlərdə "üstünlüyündən" və xaricdəki maraqlarının qorunması məsələsindən narahatdır. Çin isə son vaxtlar ABŞ-ın hərəkətlərini daha çox şübhə altına alır: "Çin ABŞ-ın texnologiyalarından və investisiyalarından bəhrələndi. Çin əvvəlcə ABŞ "imperializminə" qarşı çıxdı, lakin sonradan onu "düşmən və dost olmayan" dövlət kimi xarakterizə etdi. 2017-ci ildə Kommunist Partiyasının 19-cu Konqresində Çin 2049-cu ilə qədər böyük gücə çevrilmək planını açıqladı. Onun "Çin istehsalı 2025" planı əksər məhsulların yerli istehsalçılardan alınmasını nəzərdə tutur".

Çin-ABŞ gərginliyinin qlobal siyasətə təsirinə gəlincə, ekspert hesab edir ki, ABŞ və Çin arasındakı gərginlik nöqtələri əhəmiyyətli dərəcədə artdıqca, digər ölkələr də bu münaqişəyə cəlb olunur: "İki ölkənin siyasi fikir ayrılıqları ön plana çıxdıqca və qarşılıqlı tənqidləri kəskinləşdikcə bir çoxları tərəf tutmaq məcburiyyətində qalır. ABŞ son səkkiz onillikdə liberal bir dünya nizamı təklif etsə də və dəstəkləsə də, Çin hələ də digər ölkələrin faydalanacağı və özünü rahat hiss edəcəyi böyük bir strategiya ortaya qoymayıb. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və nəticədə yaranan qarışıqlıq, İraq və Suriyada və digər yerlərdəki vəziyyət müttəfiq sistemlərinin çökməsi ilə bağlı fikir yaratdı".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çİn   ABŞ  





Xəbər lenti