"Gorus-Qafan yolundakı durum iqtisadiyyata böyük ziyan vurur"- Erməni nazir

   "Gorus-Qafan yolundakı durum iqtisadiyyata böyük ziyan vurur"- Erməni nazir
  16 Sentyabr 2021    Oxunub:1309
Bu günlərdə Azərbaycan polisinin Gorus-Qafan yolunda İrandan gələn yük maşınlarını saxlayaraq onların qarşısında qanuni tələblər qoyması Ermənistanda təşvişə səbəb olub.
Azvision.az xəbər verir ki, bu gün Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, yaranmış yeni situasiya ölkə iqtisadiyyatına mənfi təsir edir.

-Bəli, mövcud durum bizi çox narahat edir. Yolun belə bir vəziyyətə gəlməsi həm ticarət, həm də turizm baxımından iqtisadiyyata böyük ziyan vurur. Bir çox turist artıq həmin yoldan ehtiyat edərək Ermənistana gəlməyə çəkinir.

Qeyd edək ki, bir neçə gün öncə İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər yayıldı. Bu, rəsmi Bakının ciddi narahatlığına səbəb olub və sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bundan sonra Azərbaycan polisi sənədləri və yükləri yoxlamaq üçün Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını saxlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İqtisadiyat   Yol   Ermənistan  





Xəbər lenti