Paşinyan ikiüzlülüyə “dualizm” dedi, inanmadılar – TƏHLİL

  17 Sentyabr 2021    Oxunub :2578
  Paşinyan ikiüzlülüyə “dualizm” dedi, inanmadılar –  TƏHLİL
Nikol Paşinyan İrandan sonra ikinci xarici səfərini Gürcüstana etməsini belə izah etmişdi ki, bu, “xarici siyasətdə əsas prioritetin qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması” olduğunun göstəricisidir. Məntiqlə, bu siyasi xətti izləməsinin məntiqi nəticəsi kimi Paşinyanın Türkiyə və Azərbaycanla münasibətlərinin bərpası üçün səy göstərəcəyini gözləmək olar.
Gürcüstan səfərindən dərhal sonra Paşinyanın Türkiyə ilə danışıqlara hazır olduğunu bəyan etməsi də bunun əyani göstəricisidir. Lakin unutmaq olmaz ki, o, seçkinin ilkin nəticələri açıqlanan kimi dərhal Moskvaya yollanaraq, prezident Vladimir Putinin xeyir-duasını almağı hər şeydən vacib bilmişdi. Bu bir daha Kremlin kölgəsinin hələ uzun müddət Yerevanın üzərindən çəkilməyəcəyinin əyani göstəricisi idi. Paşinyan hər nə qədər özünü “demokratik lider” kimi qələmə verməyə çalışsa da, münasibətlərini tənzimləməyə çalışdığı qonşuluğundakı dövlətlər onu ilk növbədə Rusiyanın forpostunun başçısı kimi qəbul edirlər.

Bununla belə, erməni baş nazir ölkəsinin “dualist” siyasi xarakterindən öz ağlınca yararlanmağa çalışır. Məsələn, Tehranda Rusiyanın Qafqazdakı əsas müttəfiqi obrazında çıxış edirsə, Tbilisidə özünü demokratik dəyərlərin regiondakı mühafizəkarı qismində təqdim etməyə çalışır. Gürcüstan səfərinin əvvəlində Nikol Paşinyanın Tbilisinin “Qəhrəmanlar meydanı”nı ziyarət edərək, 2008-ci ildə Rusiyaya qarşı Saakaşvillinin başlatdığı müharibədə həlak olanları anması erməni baş nazirin bu niyyətlərini açıq büruzə verir. Ancaq Paşinyanın ikiüzlü siyasəti daha çox tərs mütənasib nəticə verir – gürcülər onu demokrat libası geyinmiş Rusiya casusu, iranlılar isə əksinə, Amerikanın regiondakı xəfiyyəsi kimi qəbul edirlər.

Paşinyanın tamamilə əks geosiyasi qütblərdə dayanmış Tehran və Tbilisiyə “dostluq və mehriban qonşuluq” adı ilə həyata keçirdiyi səfərlərdən əldə etmək istədiyi əsas nəticə İrandan öz ərazisilə Gürcüstana ticarət dəhlizinin çəkilməsidir. Paşinyan anlayır ki, İran-Ermənistan-Gürcüstan ticarət dəhlizinin reallaşması bir sıra səbəblərdən qeyri-mümkündür, ancaq perspektivdə bu layihənin Gürcüstanı həm də “Şimal-Cənub” marşrutunda açar ölkəyə çevirəcəyinə inandırmağa çalışır ki, öz məqsədlərinə nail olsun. Paşinyanın məqsədi isə çox sadədir: Gürcüstan ərazisindən erməni mallarının daşınması üçün Rusiyaya çıxış əldə etmək.

Yerevan bu yolla bir tərəfdən iqtisadi maraqlar güdürsə, digər tərəfdən siyasi məqsədləri də var. Belə ki, Rusiyaya yolu açıldıqdan sonra Ermənistanın Azərbaycan ərazisindən şimalla ticarət etməyə ehtiyacı qalmayacaq və bu amil Zəngəzur dəhlizinin İrəvan üçün əhəmiyyətini azaltmaqla, Azərbaycan və Türkiyə ilə danışıqlarda ermənilərin mövqeyini nisbətən gücləndirəcək. Buna görə Paşinyan nə yolla olursa-olsun, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya əraziləndəki dəmir yolundan istifadə etmək hüququ qazanmağa çalışır.

Paşinyanın Gürcüstan səfəri bu ölkə üçün kifayət qədər həssas məqamda baş tutduğundan, bu amildən öz xeyrinə istifadə etməyə çalışır. Söhbət Gürcüstandakı qeyri-sabit siyasi vəziyyətdən və oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərinin ölkənin gələcək siyasi taleyində həlledici rol oynayacağından gedir. Belə ki, Avropa İttifaqının Gürcüstanın siyasi böhrandan çıxması üçün irəli sürdüyü plana əsasən, əgər hakim “Gürcü arzusu” partiyası bələdiyyə seçkilərində 43 faizdən aşağı səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Gələcək bələdiyyə seçkilərinin baş nazir Qaribaşvillinin siyasi hakimiyyətinin davamlılığına birbaşa təsir göstərəcəyini nəzərə alaraq, şübhəsiz ki, Paşinyan Rusiyaya çıxışın müqabilində erməni icmasının seçkilərdə onun partiyasına dəstək göstərəcəyini söz verə bilər. Təsadüfi deyil ki, Paşinyan Gürcüstandakı çıxışı zamanı erməni icması barədə söz açıb və gürcü hökumətinə təşəkkür edib ki ermənilərin öz dəyərlərini qoruyub saxlamalarına şərait yaradır. Paşinyan bu bəyanatıyla seçkilərdə hakim partiyaya yardım göstərəcəyinə işarə edirsə belə, digər tərəfdən siyasi şantaja da əl atmağı unutmur. Yəqin ki, Gürcüstan hakimiyyəti keçən il Cavaxetiyada erməniların keçirdiyi etiraz aksiyalarından çəkilmiş şəkillərin Paşinyanın öz “feysbuk” hesabında paylaşıb, üzərinə əyalətin erməni dilindəki adı olan “Cavakx” yazmasını unutmayıblar. Həmin vaxt baş nazirin bu hərəkəti iki ölkə arasında ciddi narazılığa səbəb olsa da, Paşinyan yenə də “Cavakx” kartından yararlanmaqdan çəkinmədi.

Gürcüstan hökumətinin rəhbəri isə daha çox neytral mövqe sərgiləyərək, Ermənistanla Azərbaycan və Türkiyə arasında vasitəçi rolunu vurğulamağa çalışıb. Qaribaşvillinin öz bəyanatında ölkəsi üçün ən vacib amilin regionda sülhün bərqərar olmasını bildirməsi əslində Yerevana Bakı ilə sülh razılaşmasının imzalanması üçün vasitəçilik xidmətlərinin təklifi idi. Ağdamın mina xəritələrinin müqabilində 15 erməni diversantının Yerevana verilməsi prosesinin reallaşmasının Tbilisinin vasitəçiliyi ilə baş tutduğunu nəzərə alsaq, gürcülərin bu mənada uğurlu təcrübəsinin olduğunu demək mümkündür.

Praqmatik Qaribaşvillinin Paşinyanın Cavaxetiya ilə bağlı şantajından ehtiyatlanaraq, Türkiyə və Azərbaycanın ziddinə ermənilərlə iş birliyinə girəcəyi inandırıcı səslənmir. Bunun əvəzində Gürcüstanın hökumət başçısı sülhün əldə olunması üçün səy göstərəcək ki, həm regionda sabitlik əldə olunsun, həm də, strateji tərəfdaşları olan Ankara ilə Bakı qarşısınında əlavə bir xal qazansın.

Tofiq Vahid
Azvision.az

Teqlər: Paşinyan   İran   Gürcüstan  







Xəbər lenti