İncik Fransaya Rusiyadan “Mistral” xatırlatması

İncik Fransaya Rusiyadan  “Mistral”  xatırlatması
  17 Sentyabr 2021    Oxunub:2225
"Bu hiddət və kədər haradandır? Kontraktların pozulması Fransa üçün bir növ adi vərdişdir. 2015-ci ildə Paris helikopter daşıyan 2 ədəd “Mistral” gəmisi ilə bağlı müqaviləni ləğv etdi. Yoxsa yalnız öz kürəyində hiss etdiyin bıçaqlar pisdir?"
Azvision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Teleqram" kanalında bu suallarla Parisə müraciət edib. Bununla o, sualtı qayıqların istehsalı sahəsində Avstraliya ilə Fransa arasındakı müqavilənin pozulmasından rəncidə düşən Parisə 2015-ci ildə atdığı analoji addımı xatırladıb.

Dünən ABŞ və Böyük Britaniya ilə müdafiə və təhükəsizlik sahəsində tərəfdaşlıq barədə saziş imzalayan Avstraliya Fransanın “Naval Group” şirkəti ilə mövcud müqavilədən çıxdığını açıqlayıb. “Barracuda” tipli 12 sualtı qayığın istehsalını nəzərdə tutan və 90 milyard Avstraliya dolları həcmində olan kontraktdan Avstraliyanın imtina etməsindən qəzbləndiyini bildirən Fransanın Xarici İşlər naziri Jan İv Le Drian bu addımı “arxadan vurulan zərbə” adlandırıb.

Mariya Zaxrova bu məqamı şərh etməklə Parisə 2011-ci ildə Rusiyanın “Rosoboroneksport” və Fransanın “DCNS/STX” şirkətləri arasında “Mistral” tipli 2 helikopterdaşıyıcı gəminin inşası sahəsində imzalanmış 1,2 millyard avroluq müqaviləni pozduğunu xatırladır. Həmin kontrakt çərçivəsində inşa olunmuş gəmilərdən birincisi - “Vladivostok” artıq 2014-cü ilin noyabrında Rusiyaya təhvil verilməli idi. Lakin Ukraynada baş verən hadisələrə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kontekstində Fransanın o vaxtkı prezidenti Fransua Olland həmin müqavilənin icrasını dayandırdı. İndi anoloji vəziyyətlə üzləşən Fransa öz müttəfiqlərindən incidiyini bildirir.

Amma öz əməli qarşısına çıxanın inciməyə mənəvi haqqı varmı? Hərçənd, qlobal siyasətdə böyük dövlətlərin leksikonundan məsuliyyət, etimad və haqq-ədalət anlayışları çoxdan çıxıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Zaxarova   Fransa  





Xəbər lenti