Bakı 2023-cü ildə beynəlxalq konqresə ev sahibliyi edəcək

  17 Sentyabr 2021    Oxunub :348
   Bakı 2023-cü ildə beynəlxalq konqresə ev sahibliyi edəcək
Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ikitərəfli görüşdə nəqliyyat, nazir Rəşad Nəbiyev müstəqil Azərbaycanın cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.

“Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək”, – deyə görüşdə vurğulanıb.



Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında “Azərkosmos”a sıx əməkdaşlığa görə təşəkkür edib.

“Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək”, – deyə federasiya prezidenti vurğulayıb.

Görüş çərçivəsində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.



İmzalanma mərasimindən sonra Astronavtika Federasiyasının nümayəndə heyətinin də iştirakı ilə media təmsilçiləri üçün brifinq keçirilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan agentlik, şirkət və təşkilatların dünyadakı qabaqcıl tərəfdaşları ilə daha sıx əlaqələrin qurulması, regiona kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq

arenada “regionun kosmik mərkəzi” və etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.



Azvision.az

Teqlər: Konqres  







Xəbər lenti