AzTU ilə Ankara Universiteti arasında müqavilə imzalanıb
Rektorlar Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənmiş ikili diplom proqramı haqqında müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bundan sonra görüləcək işlər haqqında fikirlərini bildiriblər. Çıxış zamanı rektorlar imzalanan ikili diplom proqramı haqqında müqavilənin bir illik gərgin əməyin nəticəsində əldə olunduğunu xüsusi vurğulayıblar.
Türkiyədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov tədbirdə qonaq qismində iştirak edib. Akademik Əhliman Əmiraslanov imzalanan müqavilənin qardaş ölkələrin universitetləri üçün cox əhəmiyyətli olduğunu bildirib. O, hər iki universitetin rektoruna və kollektivinə uğurlar arzulayıb.
Müqaviləyə əsasən, 2022/2023-cü tədris ilindən hər iki ali məktəbin bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararalana biləcək.
Tələbələr I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alacaq. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və Ankara Universitetinin diplomları təqdim olunacaq.
Azvision.az
Teqlər: AzTU