"Sülh müqaviləsi yanvara qədər imzalanacaq" - "Qraparak"

  18 Sentyabr 2021    Oxunub :1186
 "Sülh müqaviləsi yanvara qədər imzalanacaq" -  "Qraparak"
İki gün əvvəl Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərin aradan qaldırılması üçün sərhədlərin tezliklə demarkasiyası və delimitasiyası prosesinin başlanmasının vacib olduğunu bildirib. Zaxarova Moskvanın bununla bağlı tərəflərə öz təkliflərini verdiyini və hazırda cavab gözlədiyini də diqqətə çatdırıb.
Azvision.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında ölkəsinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazır olduğunu söyləyib.
"Düşünürəm ki, delimitasiya və demarkasiya üzrə müəyyən prosesi başlamaq lazımdır”,- Qriqoryan əlavə edib.

Hakim “Vətəndaş müqaviləsi" partiyasının deputatı Andranik Koçarya n da analoji mövqe sərgiləyib: "Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesini başlamaq üçün qarşılıqlı razılığa gəldikləri barədə məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilərəm. Amma onu deyə bilərəm ki, atəşkəs rejimi yarandıqdan sonra tərəflər arasında məsləhətləşmələr aparılır və əlbəttə ki, indi biz bu mərhələyə keçməliyik".

Hakim partiyanın digər deputatı Artur Hovannisyan isə bu proseslər üzrə gedən danışıqlarda qeydə alınan bütün faktların müvafiq dövlət kanalları vasitəsilə cəmiyyətin diqqətinə çatdırıldığını vurğulayıb.

Məsələyə fərqli prizmadan yanaşan “Təzim edirəm” müxalif partiyasının deputatı Ayk Mamicanyan qeyd edib ki, sərhədlərin demarkasiyası yalnız ölkələrin bir-birilə heç bir problemi olmadığı halda həyata keçirilir. Jurnalistlərin “Əgər baş nazir Nikol Paşinyan sərhədlərin demarkasiyası üçün Sovet İttifaqının xəritələrini rəhbər tutursa, onda niyə tarixi ədaləti nəzərə alan, hüquqi və tarixi əsaslara uyğun demarkasiyanı özündə ehtiva edən layihə parlamentin müzakirəsinə çıxarılmır?” sualına Mamicanyan belə cavab verib: “Əgər Ermənistan parlamentində Ermənistanın Azərbaycanla heç bir probleminin olmadığını hesab edən insanlar tapılsa, bu mənim üçün çox ağrılı və təhqiramiz bir hal olacaq”.

Belə cavab həm erməni cəmiyyətində, həm də siyasi isteblişmentində hələ də mövcud sərt reallıqla barışmaq istəməyən revanşist düşüncəli qüvvələr olduğunu, Azərbaycanla münasibətlər mövzusundan ənənəvi qaydada daxili siyasi çəkişmələrdə əlverişli kart kimi istifadə edilidyini bir daha sübuta yetirir.

Amma erməni “Qraparak” qəzetinin yaydığı məlumat Ermənistan hakimiyyətinin də, müxalifətinin də bölgədə yaranmış yeni geosiyasi reallıqdan yaxa qurtara bilməyəcəyini və bu reallığın tələblərinə boyun əymək məcburiyyətində qaldığından xəbər verir. Artıq bir neçə gündür, Ermənistanın Müdafiə nazirinin rəhbərliyi altında Moskvada olan nümayəndə heyətinin rəsmi məlumatlara görə “Qərb-2021” strateji təlimlər çərçivəsində erməni hərbi qruplaşmasının hazırlığını izlədiyi bildirilsə də, “Qraparak” qəzeti öz mənbələrinə istinadən Moskvada Azərbaycan və erməni tərəfləri arasında “Sülh müqaviləsi” ətrafında danışıqların aparıldığını yazır.

"Bizə deyiblər ki, danışıqlar yekunlaşıb və erməni tərəfi nəticələrdən çox razıdır. Deyəsən, “Artsax”ın statusu məsələsinə toxunulmadan Sovet İttifaqının xəritələri çərçivəsində demarkasiya və delimitasiya prosesinin başlanması barədə razılığa gəlinib. Rusiya tərəfinin iştirakının da qeyri-müəyyən vaxta uzadılmasına nail olunub”, - “Qraparak” məlumat verir. Qəzetin yazdığına görə, sənəd, yəqin ki, yanvara qədər imzalanacaq və demarkasiya işlərinin başlanğıcı barədə üçtərəfli komissiya xəbər verəcək. "Təbii ki, bu məlumat hələlik məxfi saxlanır və biz bunu təsdiqləyən və ya təkzib edən rəsmi mövqe ala bilmədik”,- “Qraparak” qeyd edir.

Sahil İsgəndərov
Azvision.az

Teqlər: Ermənistan   Moskva  







Xəbər lenti