"Yeni NATO"nun hədəfi Çindir

      "Yeni NATO"nun hədəfi Çindir
  24 Sentyabr 2021    Oxunub:961
ABŞ-ın məşhur “The New Yorker” dərgisində yayımlanan məqalədə Vaşinqtonun növbəti hədəfinin Çin olacağı bildirilib. Amerika İraqı və Əfqanıstanı tərk etdi. Pentaqon bu iki ölkədə fəaliyyətini başa çatdırıb. Pentaqon rəsmiləri indi yeni hədəf haqqında düşünməlidirlər. Əlbəttə, İran Vaşinqtonu əvvəlkitək narahat edir, ancaq ABŞ paytaxtında daha çox Çin və bu ölkənin siyasəti haqqında danışırlar.
Son prosesləri Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə birgə formalaşdırdığı yeni ittifaq da Çinə qarşıdır. Bu ittifaqı "yeni NATO" da adlandırmaq olar.

- Bir qrup amerikalı ekspertin fikrincə, Vaşinqton Yaxın Şərqin problemlərindən uzaqlaşmalı və yeni hədəflər haqqında planlar tərtib etməlidir. Çünki Yaxın Şərqlə məşğul olmaq böyük insan və maliyyə resursları tələb edir. Misal üçün Amerika Əfqanıstanda trilyonlarla dollar xərclədi və 3 minə yaxın hərbçisini itirdi, nəticə göz qabağındadır… Taliban yenidən Əfqanıstana nəzarəti ələ keçirdi.

Çin hərbi qüdrətini və hədəflərini artırır. Pekin Tayvan adasına iddia edir. Bu amillər isə Vaşinqtonu ciddi narahat edir. Çin Tayvan adasına nəzarəti ələ keçirmək uğrunda əməliyyata başlayarsa, ABŞ seyrçi qalmayacaq. Ona görə də amerikalı ekspertlər növbəti toqquşmanın Tayvan adası uğrunda başlanacağını ehtimal edirlər. Bu müharibədə isə Amerikaya müttəfiqlər lazımdır.

Politoloq deyir ki, Çin hərbi dəniz qüvvələrinin gücünü artırır, okeanlara yeni hərbi gəmilərini çıxarır. Pekinin uzaq mənzilli raketlərinin sayı da getdikcə artır. Bu raketlər Amerikanın bölgədəki hərbi bazalarına çatmaq imkanındadır. Vaşinqtonda hesab edirlər ki, Çin Tayvanı ələ keçirmək üçün bütün imkanlarını səfərbər edib.



- Amerikalı ekspertlər Çinlə ABŞ arasında Tayvan adası uğrunda müharibənin yalnız bu iki ölkəni əhatə etməyəcəyini də anlayırlar. Rusiya kənarda qalmayacaq, Kreml Çinə dəstəyini artıracaq və Amerika ilə üz-üzə gələcək. Yaponiya da proseslərdən kənarda qalmayaraq ABŞ-la birgə hərəkət edəcək.

Amerikalı ekspertlərin heç də hamısı optimist deyil. Əfqanıstanda məğlub olan Amerikanın Tayvanda uğur qazanacağına inanmayanlar var. ABŞ-ın Əfqanıstanı tələsik tərk etməsi və Talibana məğlubiyyətini etiraf etməsi Çinin iştahasını artırıb. Çində düşünürlər ki, Talibanla bacara bilməyən Amerika Tayvan uğrunda mübarizədə də məğlub olacaq. Ancaq Pekinin hesabları özünü doğrultmaya da bilər.

Pentaqon növbəti müharibədə məğlubiyyətə deyil, qələbəyə köklənir. Əks halda ABŞ “superdövlət” statusundan məhrum olacaq. Bunu Ağ Evdə və Pentaqonda anlayırlar. Ona görə də Amerika Tayvan adası uğrunda mübarizəyə indidən hazırlaşır. Amerikada Çini içəridən zəiflətmək haqqında da planlar qurur, insan haqları və texnologiyalar istiqamətində bu ölkəni zəif nöqtələrdən vururlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin   ABŞ   Tayvan  





Xəbər lenti