"ABŞ Qarabağ mövzusunda demaqogiya ilə məşğuldur – Rusiyalı politoloq

  24 Sentyabr 2021    Oxunub :578
"ABŞ Qarabağ mövzusunda demaqogiya ilə məşğuldur –  Rusiyalı politoloq
"ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Qarabağın statusu ilə bağlı fikirləri müttəfiq ölkələrin və digər oyunçuların hərəkətləri üçün əsas düstur deyil". Bunu Azvision.az-a politoloq Yevgeni Mixaylov ABŞ-ın Ermənistandakı səfirinin Dağlıq Qarabağın status məsələsinin həll olunmadığı ilə bağlı son açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ artıq fikirləri həssaslıqla dinlənəcək böyük dövlət deyil: "Xüsusilə də terrorla mübarizə bəhanəsilə yüz minlərlə dinc insanı öldürdüyü Əfqanıstandan biabırçı şəkildə çıxmasından sonra. Yeri gəlmişkən, ermənilərin Azərbaycanda - Qarabağ ərazisində etdikləri mənə müəyyən qədər amerikalıların hərəkətlərini xatırladır. Yüz minlərlə azərbaycanlı və minlərlə dinc sakin öz yurdundan uydurma bəhanələrlə qovuldu, öldürüldü. Bütün bunlar ermənilərin mifik, tarixi missiyalarına görə uydurduqları "dənizdən dənizə Böyük Ermənistan" avantürası naminə edildi".

Mixaylovun fikrincə, ABŞ Qarabağdakı vəziyyətə təsir göstərmək üçün nəticəsiz cəhdlərini davam etdirəcək, amma vəziyyəti kökündən dəyişə bilməyəcək. Ortada müharibəni qazanan, Ermənistanın işğal etdiyi əraziləri geri qaytarmış Azərbaycan, sülhməramlı mövqeyini əlində möhkəm tutan Moskva və Qarabağın Azərbaycandan kənarda statusunu tanımayan, üçtərəfli bəyanatı imzalayan İrəvan var. "Mövzu bağlanıb. Yerdə qalan siyasi nüfuzunu itirən və yeni güc mərkəzləri yaratmaq fürsətini qaçıran amerikalıların demaqogiyasıdır", - Mixaylov deyib.

Balifa Baxşıyeva
Azvision.az

Teqlər: Qarabağ   Status   ABŞ  







Xəbər lenti