Bakıda latviyalı rəssamın "Qarabağ atları" sərgisi açılıb

  24 Sentyabr 2021    Oxunub :404
Bakıda latviyalı rəssamın "Qarabağ atları" sərgisi açılıb
Latviyanın Azərbaycandakı səfirliyi “Arts Council of Azerbaijan” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə latviyalı fotoqraf və rəssam Dase Ştrausanın "Qarabağ atları" adlı sərgisini təşkil edib.
Azvision.az xəbər verir ki, "Art Tower Galereya"da açılan sərgi sentyabrın 28-dək davam edəcək.

Tədbirdə çıxış edən latviya səfirliyinin müşaviri xanım Vija Busa sərgi barədə məlumat verib, rəsmlərin yaranması haqda söz açıb. O bildirib ki, rəssam Dase Ştrausa pandemiya səbəbindən açılış mərasimində iştirak edə bilmir: "Amma göründüyü kimi, biz hazırda onun yaratdığı rəsm əsərləri ilə təmasdayıq. Rəssam Dase Ştrausa paytaxt Bakıda 3 il yaşayıb, onun mədəniyyəti və insanları ilə yaxından tanış olub. Rəssam Azərbaycanda yaşadığı illərdə məhz bu gün rəsmlərini seyr etdiyimiz Qarabağ atları ilə də təmasda olmaq şansı qazanıb. Demək olar ki, hər gün atları görmək üçün gedərmiş. O vaxt atların fotoşəkillərini çəkib. Gördüyümüz bu rəsmlər çəkilərkən həmin fotoşəkillərə baxsa da, əslində öz yaddaşının gücündən ilhamlanıb".

Diplomat əlavə edib ki, rəssam təmasda olduğu Qarabağ atlarını o qədər bağlı olub ki, onları üzünə baxmaqla adlanının nə olduğunu deyə bilirmiş. Rəsmi hissə başa çatandan sonra tədbir gənc xanəndənin ifasında Qarabağ muğam və təsnifləri ilə davam edib.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ-atları   sərgi  







Xəbər lenti