Azərbaycanda yaşlılara qayğı: Balans necə qurulmalıdır – Müsahibə

  24 Sentyabr 2021    Oxunub :4668
      Azərbaycanda yaşlılara qayğı:    Balans necə qurulmalıdır –    Müsahibə
Yaşlı insanlara qayğı istənilən cəmiyyətin qarşısında duran əsas sosial problemlərdəndir. Pandemiya dövründə bu məsələ yeni tərəflərilə qarşıya çıxdı. Yeni şəraitdə yaşlıların qayğısına qalmaq üçün dövlət-cəmiyyət əməkdaşlığının da yeni istiqamətləri aktuallaşır. Bu məsələlərlə bağlı AzVision.az Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi, sosioloq Humay Axundzadə ilə söhbətləşib.
- Humay xanım, pandemiya dövründə yaşlı insanların müdafiəsi və onlara qayğı məsələsi yeni formada gündəmə gəldi. Çünki elə ilk əvvəldən məlum oldu ki, koronavirusun yaratdığı fəsadlar daha çox yaşı 65-dən yuxarı olanlar üçün təhlükəlidir. Bu kontekstdə sosioloqların diqqət yetirdiyi məsələlər hansılardır?
- Doğru qeyd edirsiniz ki, pandemiya yaşlılara qayğı məsələsini tamamilə fərqli müstəviyə çıxardı və belə demək olarsa, bu sahədə olan müasir yanaşmalara zidd realığı ortaya qoydu. Son illər inkişaf etmiş dövlətlərdə fəal yaşlanma konsepsiyası getdikcə geniş yayılmaqdadır. Bu yanaşmanın əsas ideyası yaşından asılı olmayaraq insanların fəal həyat sürməsi, mümkün qədər uzun müddət cəmiyyətin fəal üzvü kimi yaşamasını təmin etməkdir. Yəni, yaşlıların həyat rifahı onların fəallığından, özünü cəmiyyətin faydalı üzvü kimi hiss edilməsinin təmin olunmasından asılıdır.
Pandemiya isə elə bir vəziyyət yaratdı ki, bir çox ölkələr yaşlı insanların sağlamlığını qorumaq naminə onların hərəkət fəallığını, ictimai məkanlarda keçirdiyi vaxtı məhdudlaşdırmalı oldular. Bunun isə öz növbəsində müəyyən çətin tərəfləri vardır. Bilirik ki, fiziki və eyni zamanda psixoloji sağlamlığın qorunmasında fiziki fəallıq xüsusi önəm daşıyır. Ona görə də, bu elə bir məsələdir ki, onun birmənalı həlli kifayət qədər çətindir və epidemiyanın dinamikasından asılı olaraq, dəyişkən həllər tələb edir.
Bu baxımdan ümumiyyətlə Azərbaycanda yaşlılarla bağlı sosial məsələlər, qayğı və rifahı şərtləndirən amillərin tədqiqi çox önəmlidir.

- STM-də indiyədək aparılan tədqiqatlar arasında həm də yaşlılara qayğı mövzusuna həsr olunan ayrıca tədqiqat vardır. Ən ümumi şəkildə götürsək yaşlılara qayğının yüksək səviyyədə olması üçün hansı sosial komponentlər lazımdır?
- Yaşlılara qayğını güzaran səviyyəsində, yəni mikrosəviyyədə nəzərdən keçirəndə görə bilərik ki, onun yüksək səviyyədə təmin olunması bilavasitə yaşlının əhatəsində olan insanlardan, əksər hallarda isə məhz qadın ailə üzvlərindən asılıdır. Ancaq təbii ki, bu qeyd etdiyim kimi, mikrosəviyyədir, makrosəviyyədə isə yaşlılara qayğının keyfiyyəti cəmiyyətdəki müxtəlif sosial aktorların və institutların inkişafı, onlar arasında əməkdaşlıqdan asılıdır.
Sosiologiyada mühüm anlayışlardan biri qayğı rejimi anlayışıdır ki, bu da tədqiqatımızın əsaslandığı əsaslandığı konsepsiyalardan biri idi. Nədi qayğı rejimi? Hər bir cəmiyyətdə müxtəlif həssas qrupların sosial təminatını həyata keçirmək üçün sosial institutlar arasında müəyyən əməkdaşlıq, məsuliyyət bölgüsü olur. Yəni, müəyyən vətəndaşların rifahı kimdən asılıdır, onlara görə kim cavabdehdir? Bu məsuliyyət bölgüsü nisbətən sabit olur, lakin cəmiyyətin sosial strukturu dəyişdikcə, dəyişir. Məsələn, cəmiyyətdə yaşlıların rifahına görə hansı sosial aktorlar və institutlar məsuliyyət daşıyır? Burda, ilk növbədə, ailəni göstərmək lazımdır. Dünya ölkələrinin əksəriyyətində yaşlılara qayğı üçün məhz ailə institutu ilk yerdədir. Yəni, ailə strukturu, ailə dəyərləri müxtəlif ola bilər. Ancaq əksər cəmiyyətlərdə məhz ailə bu məsələdə birinci yerdədir. Bəzi istisnaları, deyək ki, Skandinaviya ölkələrini çıxmaq olar. Dövləti sosial aktor kimi nəzərdən keçirsək, görərik ki, müxtəlif ölkələrdə onun rolu fərqlidir. Məsələn, Azərbaycanda istisnasız olaraq, bütün yaşlı vətəndaşlar təqaüdlə təmin olunur və bu onun sosial siyasətinin vacib istiqamətlərindən biridir. Bununla bərabər, pensiya yaşı yüksəlir, demək ki, vətəndaşların daha uzun müddət peşə fəaliyyətində olacağı gözlənilir. Ancaq elə ölkələr var ki, orda yaşa görə təqaüd ya ümumiyyətlə yoxdur, ya da ümumvətəndaş əsaslı deyil, ayrı-ayrı şirkət və qurumlardan asılıdır (məsələn, bəzi şərqi Asiya ölkələri) . Elə ölkələr də var ki, orda yaşlı vətəndaşın ala biləcəyi təqaüd bir neçə mənbədən ola bilər və o, seçim etmək imkanına malikdir (məsələn, Almaniya).
Sualınıza qayıdaraq, əsas sosial komponentlər kimi ailə və dövləti göstərmək lazımdır. Ancaq digər aktorlar kimi, özəl sektor, icma, könüllü təşkilatları və xeyriyyə cəmiyyətlərini göstərmək olar ki, onların rolu da ölkədən ölkəyə fərqlənir.

- Qeyd etdiniz ki, sosial aktorların əməkdaşlığı önəmlidir. Lakin razılaşaq ki, hər cəmiyyətin özünəməxsus ənənələri vardır. Bu baxımdan sorğuda iştirak edən respondentlər hansı sosial aktorlara üstünlük verirlər, gözləntilər daha çox hansı sosial instituta aiddir?
- Əslində sizin verdiyiniz sual bir çox ölkələrdə sosioloqları düşündürən fundamental məsələdir. Sorğuda bu məsələyə ayrıca blok həsr olunmuşdur. Respondentlərə belə bir sual verilmişdir. “Gələcəkdə yaşlıların sayı daha çox olacaq. Fikrinizcə, onların tələbatlarını ödəmək üçün əsas məsuliyyət kimin üzərindədir?” Cavab variantlarında bütün real və mümkün aktorlar sadalanmışdır: ailə, dövlət (sosial işçilər), digər qohumlar, dostlar, qonşular, özəl sektor, özəl qayğı mərkəzləri, xeyriyyə cəmiyyətləri, könüllü təşkilatları.
Sorğunun nəticələri göstərdi ki, respondentlərin böyük əksəriyyəti bu məsuliyyəti məhz ailə və dövlət üzərində görür (87% ailə, 83% dövlətin məsuliyyət daşıması ilə razıdır). Özəl sektor, xeyriyyə cəmiyyətləri, könüllü təşkilatları isə getdikcə azalan faiz göstəricilərinə malikdirlər (47% özəl sektor, 63% xeyriyyə cəmiyyətləri, 56% könüllü təşkilatları). Diqqət cəlb edən məsələ həm də odur ki, respondentlər bu sahədə digər qohum, dost, qonşu şəbəkəsinə çox az yer verir. Yəni, onların rolunun qəbul olunması ayrılıqda 20%-i ötmür. Belə nəticələr təsadüfi deyil. Bu bir tərəfdən mövcud təcrübələr, digər tərəfdən qayğı ideallarından qaynaqlanır.

- Yaşlılara qayğının təşkilində ailənin və dövlətin rolu daha aydındır. Bəs, özəl sektorun inkişafına Sizcə hansı amillər yardım edə bilər?
- Bu da vacib məsələlərdən biridir. Ümumiyyətlə, özəl sektora nələr daxil olar bilər? Bura muzdlu qayğını həyata keçirən şəxslərin işini təşkil edən, onların müvafiq ailələrlə əlaqələndirilməsinə xidmət edən özəl agentliklər, müvafiq sahədə mütəxəsislərin yetişdirilməsi ilə məşğul olan özəl qurumlar aid ola bilər. Bundan başqa özəl sektor deyəndə, biz fərdi qaydada ev şəraitində muzdla qayğı xidməti göstərən dayələrin işini nəzərdə tuturuq. Məlumdur ki, son illər (ən azı son 10 il ərzində) Azərbaycanda bu sahə inkişaf etməyə başlamışdır.
Ancaq müvafiq sahənin öyrənilməsi onu göstərir ki, o daha çox pərakəndə xarakter daşıyır. Yaşlı ailə üzvünə qulluq üçün muzdlu işçi axtaranlar əksər hallarda bunu şəxsi münasibət şəbəkələri vasitəsilə edirlər. Bu sahədə xidmət təklif etmək istəyən agentliklərin isə problemi odur ki, onlar əmək müqaviləsi bağlamaq üçün müvafiq qanunverici əsaslara malik olmalıdırlar.
Göstərilən sahələrin inkişaf etməsi üçün ilk növbədə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi zəruridir. Məhz qanunverici əsasların işlənilməsi özəl qayğı xidmətlərinin cəmiyyətdə yeni sosial institut kimi formalaşmasına, bu sahənin tam şəkildə kölgə iqtisadiyyatından çıxmasına, və çox vacib məsələdir ki, bu sahədə fəaliyyət göstərən insanların əmək hüquqlarının təmin olunmasına xidmət edə bilər.
Qanunvericilik əsasları ona xidmət etmiş olur ki, birincisi, bu münasibətlər yalnız şifahi danışıqlara əsaslanmadığına, əmək müqaviləsi olduğuna görə, tərəflərin məsuliyyəti daha aydın olur. Bundan başqa deyək ki, elə bu pandemiya şəraitini götürək. Əgər qayğı peşələrində olan insanlar (və onların mütləq əksəriyyəti qadınlardır) əməyi rəsmiləşmiş olsaydı, onların hətta karantin müddətində fəaliyyət göstərməsindən danışmaq olardı.
Başqa bir məsələ. Hazırda kifayət qədər insan var ki, ev şəraitində muzdlu qayğı xidməti göstərirlər. Onların gələcəkdə əmək pensiyası yalnız o zaman ola bilər ki, indi onlar öz fəaliyyətlərini rəsmiləşdirsinlər və yalnız rəsmiləşmiş, qanunvericiliyə əsaslanan əmək növləri sözün əsil mənasında peşəyə çevrilə, peşəkarlaşa bilər.

- Qeyd etdiniz ki, qayğı sosiologiyanın geniş tədqiqat sahəsi, sosial siyasətin mühüm istiqamətidir. Bəs, onun növləri, təsnifatı varmı? Yəni, intuitiv olaraq, adam düşünür ki, maddi yardımı da kimsə qayğı adlandıra bilər, kimsə deyə bilər ki, yaxşı qayğı ancaq evdə ola bilər. Tədqiqatda bu tip məsələlər öyrənilibmi?
- Tamamilə doğrudur. Sualınızın iki tərəfinə diqqət çəkmək istərdim. Biri qayğının növləri ilə bağlıdır. İkincisi cəmiyyətin qayğı idealları ilə bağlıdır. Əlbəttə, belə təsnifatlar mövcuddur. Ən ümumi şəkildə qayğını ailə qayğısı və institusional qayğı növlərinə bölürlər. İnstitusional qayğı ailədənkənar hansı müəssisələr varsa, onları əhatə edir – stasionarlar, qocalar evləri və s. Lakin hətta ailə qayğısı daxilində müxtəlif növlər vardır. Tədqiqat sorğusunda bu xırdalıqlara da toxunulmuş və respondentlərə sual verilmişdi ki, qayğının müxtəlif növlərinə - maddi təminata, ev təsərrüfatı işlərinin yerinə yetirilməsinə və birbaşa qayğının təmin olunmasına görə ailənin və dövlətin məsuliyyət balansını necə görürlər. Burda bir sıra maraqlı məqamlar üzə çıxmışdır. Təbii ki, rəyi soruşulanlar hər bir qayğı növünə görə məsuliyyət balansını bir qədər fərqli görür. Birbaşa qayğıdan danışırıqsa, yəni yaşlı adam özü-özünə qulluq edə bilmir və onun yeməyini başqası verməlidir və digər gündəlik özünəqulluq işlərində başqasının yardımına ehtiyacı vardır. Bu məsələləri respondentlərin daha çox hissəsi ailənin məsuliyyəti kimi görür (43%). Ancaq təqribən 40%-ə yaxın hissəsi bunun ailə və dövlət arasında bölüşdürülməsinin əlehinə deyil. Təqribən eyni vəziyyət instrumental qayğı, yəni ev işlərində yardımlar bağlıdır. Respondentlərin 52%-i bunu tamamilə ailənin məsuliyyəti hesab edir, 30% -i bu işlərin ailə-dövlət əməkdaşlığı gedişində yerinə yetirilməsini məqbul hesab edir. Maddi təminat məsələsində rəy daha fərqlidir. Belə ki, burda respondentlərin yarıdan çoxu (57%) yaşlıların maddi təminatına görə ailənin və dövlətin əməkdaşlığına üstünlük verir. Maraqlıdır ki, burda tamamilə ailənin məsuliyyətidir hesab edənlər 10%-dirsə, tamamilə dövlətin məsuliyyəti hesab edənlər 21% dir.
Bütün bu istək və gözləntilər təsadüfi deyil və birdən-birə yaranmır. Məsələ bundadır ki, hər bir cəmiyyətə xas müəyyən qayğı idealları mövcuddur. Bu yalnız yaşlılara deyil, həm də uşaqlara aiddir. Yəni, kimin qayğısına kim baxmalıdır və harda baxmalıdır. Və qayğının məzmunu, həcmi nə qədər olmalıdır ki, bunu yaxşı qayğı hesab edək.
Məsələn, bilirsiniz ki, son illər uşaqlara qayğı üçün dayə xidmətlərindən istifadə olunur. Bu bir çox hallarda anaların iş və ailə vəzifələri arasında balans tapmaq məcburiyyətindən irəli gəlir. Ancaq bəzən görürsünüz ki, bu praktika tənqidə məruz qalır ki, uşağı ana sevgisindən məhrum etmək olmaz. Baxın, bu qayğı ideallarının ifadəsidir.
Eləcə də, yaşlılara qayğı məsələsində belə idelalar vardır, bəzən hətta millət səviyyəsində özümüzlə başqalarını fərqləndirmək istəyəndə qayğı ideallarındakı məqamları vurğulayırıq.

- Tədqiqatda yaşlılara stereotiplərə də toxunulur. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində yaşlılara aid hansı stereotiplər daha güclüdür? Onların yaşlılara hansısa ziyanı ola bilərmi?
- İstənilən cəmiyyətdə bu və ya digər insan qrupu haqqında stereotiplərin olması qaçılmazdır. Bu insan zəkasının xüsusiyyətlərindən irəli gəlir, mürəkkəb dünyanı sadələşdirməyə xidmət edir. Yəni, insanların hansısa stereotiplərə inamı bəd niyyətdən irəli gəlmir və hətta stereotiplər insanın həyat imkanlarına əngəl törətsələr də, onların dəyişilməsi uzun zaman tələb edir.
Tədqiqatda yaşlılara münasibətdə olan stereotiplərə həsr olunmuş ayrıca bölmə var. Bəzi stereotiplərin mümkün ziyanı daha aydındır. Məsələn, “Müəyyən yaşdan sonra oxuyub təhsil almaq gecdir” fikri insanlara yalnız pensiya yaşında əngəl törətmir. O, elə orta yaşdan etibarən insanın daha çevik həyat strategiyasını seçməsinə mane olur. Deyək ki, insan peşəsinə marağını itirib, və ya işi onu qane etmir, yaxud da əmək bazarı dəyişib, onun peşəsinə ehtiyacı yoxdur, ancaq yeni iş, yeni peşə, yeni biliyə can atmaqdan çəkinir. Çünki hesab edir ki, artıq gecdir. Və “müəyyən yaş” çox mücərrəd yaşdır. Oxumağa, öyrənməyə limit qoyulanda, o limit çox erkən yaşlardan insanın həyatına mane olur. Yaşlılıq dövründə isə ümumiyyətlə həyat imkanlarının daralmasında gətirir.
Başqa bir stereotip fikir vardır: “İnsan yaşlandıqca, onun gördüyü işin keyfiyyəti azalır”. Bu stereotip insanın yaşlandıqca əmək bazarında rəqabət qabiliyyətini azaldır. Müəyyən yaşda işini itirən insanları çətin vəziyyətdə qoyur. Çünki, təsəvvür edin ki, işəgötürənlər bu stereotiplə düşünürsə, daha cavan əməkdaşlara üstünlük verir. Halbuku bütün tədqiqatlar göstərir ki, gənc işçilər daha tez-tez iş yerini tərk etməyə meylli olurlar. Yaşlandıqca isə insan işlədiyi yerə, necə deyərlər, daha sadiq olur.
Başqa bir stereotip “Yaşlı insanın tez-tez xəstələnməsi təbiidir” fikridir. Bu da insanın yaşlılıq dövründə sağlamlığına biganə yanaşmasına, bəzi hallarda səhiyyə işçilərinin də yaşlı adamı müalicə eedərkən qarşısına daha aşağı standartlar qoymasına səbəb olur.

- Yaşlılar haqqında təsəvvürlərdə, ya onlara qayğıya aid fikirlərdə respondentlərin müxtəlif qrupları arasında fərq vardımı? Yəni, deyək ki, gənclər və yaşlılar, şəhər və region əhalisi arasında oxşarlıq və fərqlər nədən ibarət idi?
- Əlbəttə, tədqiqatçı kimi bizi ümumən respondentlərin nə düşünməsi ilə yanaşı, həm də müxtəlif əhali qruplarına aid olan respondentlərin fikirləri arasında oxşar və fərqli cəhətlər maraqlandırır. Bütün sualların cavablarında yaşa, cinsə, təhsilə, yaşayış yerinə və s. sosial-demoqrafik əlamətlərə görə oxşarlıq və fərqləri təhlil etdik. Ən ümumi şəkildə deyə bilərəm ki, yaşlılara qayğı məsələsi kifayət qədər həssas məsələ olduğundan və cəmiyyətdə dərin kök salan dəyərlərlə əlaqəli olduğundan göstərilən əlamətlər üzrə fərqlər bir o qədər də nəzərə çarpan deyildi.
Ancaq biz bununla kifayətlənmədik. Sosiologiyada məlum olan “trendsetterlər” konsepsiyasını tətbiq edərək, respondentlər arasında üç sosial-demoqrafik əlamətin kəsişməsinə düşənləri ayırdıq, və onların cavablarını ayrıca təhlil edərək maraqlı nəticələr əldə etdik. Bu üç əlamət – yaşın 35 yaşa qədər olması, ali təhsil və böyük şəhər sakini olmaqdır. Bu “trendyaradanlar” qrupunun özəllliyi odur ki, onlar cəmiyyətin nisbətən kiçik bir kəsimi olsalar da, resurs və imkanlarından irəli gələrək, yeniliyə, dəyişikliyə daha meylli olurlar. Eyni zamanda ictimai həyatda daha fəal olduqlarından müəyyən yeni trendlər yarada bilir, başqalarına örnək olaraq, tədricən dəyişikliklərə səbəb olurlar. Bax, bu qrupun cavablarında maraqlı fərqlər vardır.

- Dediyiniz trendyaradanlar qrupu.. Aydındır ki, onlar indi cavan yaşda olanlardır. Bəs, onların öz gələcəklərinə, yaşlılıq dövrünə aid hansısa fərqli təsəvvürləri varmı?
- Onların yaşlılıq dövrünə aid təsəvvürlərində həm digər respondentlərə oxşar, həm də onlardan fərqli cəhətlər var. Belə bir nümunə gətirim: respondentlərə sual olunur ki, “qocalanda qayğıya ehtiyacınız olarsa, hansı yaşayış formasını arzulayardınız?”. Orda üç cavab variantı var idi: öz övladımlar yaşamaq, digər qohumlarla yaşamaq və qocalar evində yaşamaq kimi. Ümumi seçmədə 92% öz övladı ilə yaşamağa üstünlük verirsə, kiçik seçmədə bu göstərici 73%-dir. Üstəlik bu 73%-in 56%-i bu fikirlə tam razıdır.Üstəlik ümumi seçmədə cəmi 6% bu perspektivlə heç razı deyildilərsə, kiçik seçmədə 18% heç razı deyil.
Qocalar evinə münasibətdə isə ümumi seçmədə 5,8% tam razıdır, 85% heç razı deyil. Ancaq kiçik seçmədə tam razı olanlar 11,7%, heç razı olmayanlar 68% faizdir.
Yaşlılıq dövründə arzuolunan yaşayış forması ilə bağlı ümumi seçmə və kiçik seçmənin ən oxşar cəhəti digər qohumlarla birgə yaşamağı istəməmələridir.
Ancaq fərqli cəhətlərdən biz hansı nəticə çıxara bilərik? Bir tərəfdən, ümumən biz deyə bilərik ki, trendyaradanlar qrupu ailəmərkəzli qayğı rejimindən bir o qədər də uzaqlaşmırlar. Ümumilikdə öz ailəsində, övladları ilə birlikdə qocalmaq yaşlılıq dövrünün idealı olaraq qalır.
Ancaq eyni zamanda biz institusional qayğıya münasibətin qismən yumşaldığını da qeyd etməliyik. Bu o demək deyil ki, sabah birdən-birə onlarla qocalar evi açılsa, insanlar kütləvi olaraq ora üz tutacaqlar. Xeyr, ailəmərkəzliçik ideal olaraq kifayət qədər güclüdür və davamlıdır. Ancaq çox böyük ehtimalla deyə bilərik ki, qarşıdan gələn onilliklər ərzində institusional qayğıya tələbat da artacaqdır.

- Deyə bilərikmi, onlar ailə ənənələrindən tamamilə uzaqlaşan əhali kateqoriyasıdır?
- Baxmayaraq ki, sözügedən trendyaradanlar qrupu bir sıra məsələlərdə seçilirlər və onları yenilikçi adlandırmaq olar, onları biz heç bir halda cəmiyyətə yad mövqedə olan kimi səciyyələndirə bilmərik. Bunu sizə bir neçə sualın müqayisəsində göstərə bilərəm. Demək, tədqiqat bloklarından birində övladlıq borcu ilə bağlı sosial normalar öyrənilmişdi. Aydındır ki, ailəmərkəzli qayğının həyata keçirilməsi gənc nəslin övladlıq borcuna münasibəti, yaşlı nəslin bu sahədə gözləntilərindən olduqca asılıdır. Bu blokda birgəyaşayışla bağlı məsələlər (yəni ailənin cavan və yaşlı nəslinin birlikdə yoxsa ayrı yaşaması), nəsillərarası mübadilə, ümumiyyətlə yaşlıların cavanlardan asılı olmasına münasibət öyrənilirdi. Ümumən deyə bilərik ki, bu sahədə respondentlərin normativliyə meylliyi kifayət qədər güclüdür. Trendyaradanlar bəzi məsələlərdə fərqli olsalar da, bəzilərində heç fərqlənmirlər.

- Nədə fərqlidirlər?
- Məsələn, belə bir sual var idi “yetkin övlad sonbeşikdirsə, onun ailə qurduqdan sonra da yaşlı valideynlərilə birlikdə yaşaması daha düzgündür”. Bu suala respondentlərin 66%-i tam razıyam cavabını versələr də, trendyaradanların 33%-i tam razıdır. Bu onu göstərir ki, gənc nəsil müstəqil ev təsərrüfatında yaşamağa üstünlük verirlər. Ancaq bu heç də onların qayğı vəzifələrindən boyun qaçırması demək deyil.
Çünki digər və daha vacib sualda onların cavabları ümumi seçmənin cavabından fərqlənmir. Bu vacib məsələ nədən ibarətdir. Respondentlərə belə bir mühakimə təqdim edilir: “Valideynlərin öz övladları üçün etdiklərinin əvəzini almağa haqqı var (qocalanda diqqət və qayğı istəməyə, maddi təminat gözləməyə). Razışalaq ki, bu fikrin dəyər tutumu daha ciddidir, və bu fikirlə həmrəylik onu göstərir ki, dəyişiklik meylləri əsasən qayğının forması, təşkili ilə bağlıdır. Mahiyyəti isə dəyişməzdir və bu sahədə nəsillərarasında ciddi fərqlər yoxdur. Əksinə, həmrəylik mövcuddur.

- Sorğuda yaşlılar üçün infrastruktur məsələsi də yer alıb. Burda respondentlərin fikri necədir?
- Yaşlılar üçün infrastrukturu respondenlərin daha çox hissəsi (47%) qismən qənaətbəxş hesab edir. Yəni, burda müəyyən gözləntilərin olduğunu deyə bilərik. Müvafiq mövzuda sorğuya açıq sual əlavə olunmuşdu. Biz bilmək istəyirdik ki, respondentlər daha konkret nəyin olmasını zəruri hesab edirlər. Müxtəlif tipli yaşayış yerlərindən olan respondentlər arasında ən çox qeyd olunan yaşlı insanların asudə vaxtını keçirmək üçün ictimai məkanların olmasına tələbat üzə çıxdı. İkinci məsələ yolların yaşlıların hərəkət imkanlarına uyğun olması istəyi vurğulandı. Yəni, yaşlılar üçün ictimai məkanların olmasından əlavə, həm hə yollar, səkilərin münasib olması da lazımdır ki, yaşlı insan evindən həmin məkanda gedə bilsin və asudə vaxtını həmyaşıdları ilə birlikdə keçirə bilsin. Maraqlıdır ki, ayrıca olaraq sırf yaşlı qadınlar üçün məkanların təşkil olunmasına da tələbat səslənmişdi. Bu xüsusilə regionlar üçün xarakterik idi. Belə bir istəyin səslənməsi əslində məntiqə uyğundur. Çünki biz bilirik ki, kişilər üçün ənənəvi ictimai məkanlar var ki, orda onlar asudə vaxtlarını keçirə bilirlər. Məsələn, çayxanalar. Ancaq qadınlar ora gedə bilmir və ev mühitindən bir qədər ayrılmaq, istirahət etmək üçün ictimai məkan çatışmazlığı hiss edirlər.

- Tədqiqata əsasən necə nəticə çıxarmaq olar, Sizcə yaşlıların həyat tərzi, yaşlılara qayğı məsələlərində dəyişən və dəyişməyən nələr olacaq?
- Sabitliyini proqnozlaşdıra bildiyimiz əsas məsələ odur ki, cəmiyyətimizdə yaşlı ailə üzvünə hörmət və ehtiram kifayət qədər güclüdür. Bütün sosial-demoqrafik fərqlərinə baxmayaraq, bu sahədə normativlik kifayət qədər yüksəkdir. Bu, ilk növbədə, ailəmərkəzli qayğı rejiminin hələ uzun müddət dominant olacağını deməyə imkan deyir. Uzun müddət deyəndə burda onilliklərdən söhbət gedir.
Ancaq qayğının təşkili formasında dəyişikliklər gözləniləndir. Bu da insanların hansısa fərdi istəklərinin nəticəsi deyil, bu cəmiyyətin strukturunda olan dəyişikliklərdən qaynaqlanır. Ayrı-ayrı fərdlər isə ona mövcud resurslarından çıxış edərək uyğunlaşmağa çalışırlar. Baxın, müasir cəmiyyəti səciyyələndirən cəhətlərdən hansı qayğının təşkilinə təsir göstərə bilər? Əvvəla, ailənin strukturunda dəyişiklik baş verir. Ailələr getdikcə daha çox nüvə ailəsi (yəni valideynlər və övladlardan ibarət) kimi ayrıca ev təsərrüfatında yaşamağa meyl edirlər. Bundan başqa, miqrasiya prosesi baş verir. Cavan və orta yaşlı insanlar başqa şəhərlərə köçür, orda işləyir,öz həyatlarını qururlar. Eyni zamanda, valideynlər övladların təlim-tərbiyəsində daha yüksək standartlara can atdıqlarından ailə planlamasında daha az uşağa üstünlük verirlər.
Bütün bunlar ona gətirib çıxarır ki, ailədə faktiki qayğı təminatçılarının sayı azalır. Bu da qayğı sosioloqlarının diqqət yönəltdiyi qayğı defisiti məsələsini aktual edir.
Ona görə də tədricən qayğının təşkilolunma formalarında yeniliklər – muzdlu qayğı xidmətlərinə tələbatın artması, günərzi qayğı mərkəzlərinin aktuallaşması düşünürəm ki, qaçılmazdır.

- Sizcə, respondentlərin yaşlılara qayğı, onların rifahı ilə bağlı ən yaxın zamanda dəyişməsini gözlədikləri məsələlər hansılardır?
- Mən deyərdim ki, yeniliklərə tələbatın olduğu ən mühüm məsələlər yaşlılara qayğı sahəsində ailədən əlavə digər sosial aktorların daha yaxından cəlb olunması, xüsusilə dövlət xidmətlərinin daha da təkmilləşdirilməsi, sosial işçilərin sayının və peşəkarlığını artırılması, özəl sektorun iştirakının təşfiqidir.

Aytən Zəhra Bağırzadə
Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.18 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Teqlər: Yaşlılar   Qayğı   Sosial-problem  







Xəbər lenti