“Sarsılmaz qardaşlığ”ın mesajı – Ədalət Verdiyevin yazısı

   “Sarsılmaz qardaşlığ”ın mesajı –    Ədalət Verdiyevin yazısı
  24 Sentyabr 2021    Oxunub:2173
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi kifayət qədər yüksəkdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyini heç zaman unutmamışıq. Muxtar Respublikada Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin mütəmadi keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda, birliyin göstəricisidir.
“Sarsılmaz qardaşlıq-2021”

Sentyabrın 21-də Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimləri başladı. Bu təlimlər 2019-ci ildən etibarən Azərbaycanda keçirilir.

Təlimlərə ənənəvi olaraq Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri ilə qardaş Türkiyənin Silahlı Qüvvələrinin bölmələri cəlb olunur. Təlim ənənəyə uyğun olaraq, iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimilə başlayır. Bayraq taqımları “Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilir və bayraqdəyişmə mərasimi keçirilir.


Mərasimin davamı olaraq “Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edir və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanır. Təlimin bayraqdəyişmə və qarşılanma mərhələsi 2019-cu ildə olduğu kimi saxlanılıb və bu doğru addımdır, cünki proseslər təlimin formatına tamamilə uyğundur, odur ki, hazırda bu mərhələdə hansısa dəyişiklik etməyə ehtiyac duyulmur.

“Sarsılmaz qardaşlıq-2019”

2019-cu ildə eyni adlı birgə döyüş atışlı taktiki təlimlər iyun ayının 7-dən 11-dək Naxçıvanda keçirilmişdi. Həmin təlimlərə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri cəlb edilmişdi. 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunmuşdu.

Təlimlərin məqsədi

“Sarsılmaz qardaşlıq” platforması üzrə keçirilən təlimlərin əsas məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdan ibarətdir.

Təlimlərin ssenarisi

Təlimin ssenarisi Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq, təlim rayonuna çıxarılması, ərazidə yerləşmə, döyüş əmrinin alınması, komandir heyətinin və qərargahların döyüş fəaliyyəti, güc strukturları arasında qarşılıqlı əlaqənin təşkili və döyüş tapşırıqlarının praktiki olaraq ərazidə yerinə yetirlməsindən ibarət ola bilər.


Təlimlərdə iştirak edən hər bir hərbi qulluqçu ona tutduğu vəzifəyə uyğun olaraq həvalə edilən silahlardan və texnikadan gecə və gündüz atışları icra edəcək. Təlimlər zamanı taktiki şərait maksimum şəkildə real döyüş vəziyyətinə uyğunlaşdırılacaq. HHQ və HHM hissələri, döyüş və arxa cəbhə təminatı bölmələri motoatıcı, tank və kəşfiyyat hissələri ilə bərabər vəzifələrini icra etmık üçün müvafiq sərəncam və tapşırıqlar alacaqlar.

Qüvvə və vasitələr

Təlimlərə cəlb ediləcək qüvvə və vasitələrin sayı hələ rəsmən açıqlanmayıb, amma minlərlə şəxsi heyətin, yüzlərlə tankın və digər zirehli texnikaların, yüzlərlə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusunun, yaylım atəşli reaktiv sistemlərin və minaatanların, onlarla ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatının və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələrinin təlimlərdə iştirakı gözlənilir.

Mədəni tədbirlər

Təlimlər çərçivəsində Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə mədəni tədbirlərdə iştirak edəcəyi, birgə ziyafətdə iştirak edəcəyi, idman yarışlarının təşkil ediləcəyi də gözlənilir. Naxçıvan Ali Sovetinin rəhbərliyi və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu təlimləri yaxından izləyəcəyi də ehtimal olunur. Təlimin son günündə qardaş ölkələrinin müdafiə nazirlərinin Naxçıvanda görüşü və qarşılıqlı dəstək bəyanatları səsləndirəcəyi gözlənilir.


Nəticə

2019-cu ildə keçirilən “Sarsılmaz qardaşlıq-2021” təlimləri zamanı Ermənistanın keçmiş xarici işlər naziri Mnatsakanyanın hədsiz narahatlıq ifadə edən bəyanatları, KTMT və digər beynəlxalq təşkilatlar ünvanladığı müraciətləri xatırlayırıq. Ermənistan təlimlərin keçirilməsindən narahat olması, nələrisə itirmək qorxusu ilə əlaqədar idi. İndi isə artıq Ermənistanın bu tip müraciətlərinə rast gəlmirik. İrəvan Qarabağ məsələsində hər şeyin həll olunduğunu, itirə biləcəkləri bir şey qalmadığını, KTMT-nin Ermənistana münasibətdə səssizliyini poza bilməyəcəyini, Qarabağ məsələsində meydanda Azərbaycanla tək qaldığını, İran, Rusiya və Fransanın dəstəyinin nəticə verməyəcəyini anlayıb. Bu faktların İrəvan tərəfindən anlaşılması isə artıq müsbət ənənədir.

İran mollarının əsassız bəyanatlar səsləndirməsi, sülhməramlı kontingentin vəzifələrindən kənar funksiyalar yerinə yetirməsi, Ermənistanın birgə Bəyanatın şərtlərinin icrasından yayındığı bir zamanda Türkiyə və Azərbaycanın “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı təlimlər keçirməsi mühüm əhəmiyyət daşıyır. Bu təlimlər “Şuşa Bəyannaməsi”nin “İki qardaş, bir ordu”konsepsiyasına uyğun olaraq, praktik olaraq həyata keçirilməsini və qardaş ölkələrin daim bir-birinə hərbi-siyasi dəstək verəcəklərini aşkar nümayiş etdirir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: Sarsılmaz-qardaşlıq   Hərbi-Təlim   Azərbaycan   Türkiyə  





Xəbər lenti