Fiziki infrastruktur üzrə işçi qrupunun iclası keçirilib

  24 Sentyabr 2021    Oxunub :274
Fiziki infrastruktur üzrə işçi qrupunun iclası keçirilib
Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın fiziki infrastruktur üzrə işçi qrupunun videoformatda iclası keçirilib.
Azvision.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir. Məlumatda deyilir ki, iclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupunun üzvləri iştirak edib. Tədbirdə işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-iyun ayları üzrə icra vəziyyəti müzakirə olunub.

İşçi qrupunun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov giriş sözü ilə iclası açaraq işçi qrupunun 2021-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında iştirakçıları məlumatlandırıb. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının təmin edilməsi məqsədilə işçi qrupu çərçivəsində zəruri işlərin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırıb.

V.Şıxəliyev isə çıxışında Fiziki infrastruktur üzrə işçi qrupunun Fəaliyyət Planının detallı tədbirlərdən ibarət çoxəhatəli sənəd olduğunu, plan üzrə görülmüş işlərin iclas zamanı bir daha qiymətləndirilməsinin aparılmasını, qarşıda duran vəzifələrə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Fəaliyyət Planının icrası ilə bağlı NRYTN, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərenerji” ASC və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təqdimatla çıxış ediblər.

Azvision.az

Teqlər: Fiziki-infrastruktur  







Xəbər lenti