Dövlət başçısı: "Bölgədə gündəliyi formalaşdıran tərəf Azərbaycandır"

  27 Sentyabr 2021    Oxunub :290
      Dövlət başçısı:    "Bölgədə gündəliyi formalaşdıran tərəf Azərbaycandır"
Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram.
Azvision.az xəbər verir ki, bu barədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

“44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər”, - deyə Prezident qeyd edib.

Bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar aldığını bildirən Prezident İlham Əliyev deyib: “Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş Qələbədir”.

Azvision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti