"Bu, Ermənistanın çirkin əməllərindən vaz keçmədiyini göstərir"- Dövlət başçısı

  27 Sentyabr 2021    Oxunub :216
   "Bu, Ermənistanın çirkin əməllərindən vaz keçmədiyini göstərir"-    Dövlət başçısı
“Rusiya tərəfi bizə Rusiya müdafiə nazirinin “Ermənistanı silahlandırma prosesi yenidən başladı” sözlərini söyləmədiyini bildirdi”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Rusiya müdafiə naziri Sergey Şoyqunun Ermənistan müdafiə naziri ilə görüşdən sonra “Ermənistanı silahlandırma prosesi yenidən başladı” bəyanatı barədə suala cavabında söyləyib. Dövlət başçısı deyib ki, dərhal bu barədə Rusiya tərəfinə sual ünvanlanıb, Azərbaycan tərəfi mövzunun nədən ibarət olduğu ilə maraqlanıb: “Ancaq bizə məlumat gəldi ki, erməni mətbuatında çıxan bu açıqlama həqiqəti əks etdirmir, Rusiya müdafiə naziri belə sözlər söyləməyib. Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Bizə rəsmi şəkildə bildirildi ki, belə bir plan yoxdur. Biz Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması məsələsi ilə bağlı Rusiya tərəfindən qaneedici cavab aldıq və bu məsələni gündəmdən çıxardıq. Bu, Ermənistanın çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan öncə böyük bir xətadır. Əgər sən Rusiya müdafiə nazirinin söyləmədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlik, təxribatdır. İkincisi, biz bunu dəfələrlə işğal dönəmində də gördük, işğaldan sonra da gördük ki, Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün davamlı olaraq Rusiya və Azərbaycan münasibətlərində çatlar yaranması üçün çalışır. Hər gün davamlı olaraq... Onların gündəlik işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq, Rusiya və Azərbaycanın münasibətlərinə kölgə salmaqdır. Düşünürlər ki, bu durumda intiqamçı qüvvələr yenidən baş qaldıraraq bizə qarşı savaşa başlaya bilər. Lakin onlar yanılırlar”.

Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin kifayət qədər yüksək səviyyəli münasibətlər olduğunu və bütün mövzuların prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində açıq müzakirə edildiyini vurğulayıb: “Hər hansı tərəfi narahat edən bir mövzu ilə bağlı biz dərhal təmasa keçirik və bu məsələləri həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində hər hansı təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər yetərli qədər müsbətdir. Ermənistanın bu təbliğat səyləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır”.

Azvision.az

Teqlər:







Xəbər lenti