“Dəvə oynayanda qar yağar” - Nazaryan Paşinyan barədə

  “Dəvə oynayanda qar yağar”  - Nazaryan Paşinyan barədə
  29 Sentyabr 2021    Oxunub:1610
«Nəsillər üçün həqiqət» təşəbbüsünün yaradıcısı, oğlu İkinci Qarabağ müharibəsində ölmüş Qeqam Nazaryan indiki Ermənistan hakimiyyətini müharibəni erməni evlərinin, ailələrinin içərisinə qədər gətirməkdə günahlandırır.
Azvision.az xəbər verir ki, Nazaryan Ermənistan hakimiyyətini müharibə alovunu məqsədyönlü şəkildə qızışdırmaqda günahlandırır.

«Çoxları indiki rejimi və onun başçısını müharibəni dayandırmamaqda günahlandırır və doğru da edirlər. Amma onların günahı bunda yox , müharibəni evlərimizin içərisinə, ailələrimizə qədər gətirməsindədir. Doğrudur, bu müharibə qaçılmaz deyildi. Azərbaycan və Türkiyə liderlərinin təhdid xarakterli bəyanatları da müharibədən xəbər verirdi. Belə bəyanatlar 1995-ci ildən bəri səsləndirilirdi. Bəli, Azərbaycan dayanmadan silahlanırdı, fasiləsiz olaraq təhdid edirdi, amma müharibə yalnız 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən və bunun nəticəsində ölkədə yaşanan hadisələrdən sonra baş verdi. Doğrudanmı, siz Nikol Paşinyanın «necə istəyiriksə, danışıqları elə də aparırıq; danışıqları bizim nöqtədən aparırırq; danışıqları sıfır nöqtəsindən aparırıq; mən və Əliyev birbaşa əlaqə yaratmışıq; bizim diplomatlar 30 il xaricilərin ayaqqabılarını yalayırdılar; «Artsax» (Dağlıq Qarabağ-red) - Ermənistandır və nöqtə» kimi bəyanatları unutmusunuz? Sentaybarın 2-də Şuşadakı şənliyi və rəqsləri unutmusunuz?»,-Nazaryan sual edir.

O bildirir ki, müharibənin niyə 4 gün sonra yox, 9 noyabra qədər dayandırılmadığı detallı şəkildə araşdırılmalıdır: "Ən əsası, bizim rejimin "qətiyyətli" addımlarının ölkəmizə müharibə və Cənubi Qafqaza isə Türkiyəni gətirməsinin səbəbləri aydınlaşdırılmalıdır. Otuz il idi ki, Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməyi və müharibəyə bağlamağı arzulasa da, heç nə alınmırdı. Amma Paşinyan bir rəqsi ilə, alındırdı. Bir «Artsax (Dağlıq Qarabağ-red) - Ermənistandır və nöqtə» bəyanatı və bunun ardınca Şuşadakı həmin o rəqslə ölkəmizə müharibə gətirdi ".

Ötən il sentyabrın 27-də, hərbi əməliyyatların başlanmasından cəmi bir saat sonra Paşinyanın Ermənistan parlamentindəki çıxışından «Bir məsələdə razılaşaq: nə baş verirsə-versin, biz özümüzü heç vax məğlub saymayacağıq» ifadəsini Nazaryan belə şərh edir: «Məgər siz başa düşmürsünüz ki, hətta dünyanın ən güclü ordusunun hücumuna məruz qalmış ən zəif orduya malik ölkənin lideri müharibənin başlayandan cəmi bir neçə saat sonra belə bəyanatla çıxış etməməliydi? Məgər aydın deyil ki, o, artıq cəmiyyəti məğlubiyyətə hazırlayırdı? Nəticənin qabaqcadan müəyyənləşdirildiyini anlamaq çoxmu çətindir? Sadəcə, bizim 18-20 yaşlı "güclü" oğullarımız öz komandirləri ilə birlikdə əvvəlcədən planlaşdırılmış 4 günlük savaşı 44 günlük müharibəyə çevirdilər»

«Müharibənin başlayandan bir il sonra Paşinyanın səhər saat 7-də Yerablur qəbiristanlığına gəlməsi faktı ondan xəbər verir ki, o, nə törətdiyinin, ermənilərin, xüsusilə də qəhrəmanların valideynlərinin onun haqqında nə düşündüyünün yaxşı fərqindədir. Onu da dərk edir ki, tezliklə kreslosundan aralanacaq. Biz isə uzun yol keçməliyik. Bəli, istintaq komissiyası yaradılmalıdır və bizim ölkəmizə müharibə gətirənlər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Ən əsası isə bizim millət nəticələr çıxarmalıdır, imkan verməməlidir ki, bir daha kimsə belə cinayətləri ağlına belə gətirməsin. Sonda xüsusi olaraq qeyd etmək istəyirəm ki, heç vaxt “heyif uşaqlardan” deməyin. Uşaqlar öz işlərini görüblər, onlar şüurlu şəkildə Vətən uğrunda ən qiymətli olan həyatlarını veriblər. Biz isə ən azı onların hünərinin 1/10-ni nümayiş etdirərək, işimizi itirmək qorxusu ilə rejimin antikonstitusion tələblərinə və qərarlarına tabe olmamalıyıq”, - təşəbbüs yaradıcısı bildirib.

Əslində Nazaryanın erməniləri nəticə çıxarmağa səsləməsi məntiqlidir. Amma revanşizm qoxusunun hopduğu belə çağırışlar erməniləri gələcəkdə daha böyük fəlakətlərə apara bilər. Bəli, İkinci Qarabağ müharibəsində oğlunu itimiş ata kimi onunb ürək yanğısı başa düşüləndir. Lakin həmin itkinin əsas və yeganə səbəbi Ermənistandakı indiki hakimiyyət yox, ümumiyyətlə erməniçilik və “Böyük Ermənistan” ideoloqları, onların xarici havadarları və erməni kilsəsidir. Bu halda, Nazaryanın onların hamısını ittiham etməsi və beynəlxalq aləmin, ilk növbədə isə 30 il ərzində erməni təcavüzünə məruz qalaraq, 10 minlərlə vətəndaşını itirmiş Azərbaycanın qarşısında hesabat verməyə çağırması daha ədalətli olardı. Çünki, Ermənistana və erməni ailələrinə müharibəni Paşinyandan və onun komandasından da əvvəl məhz həmin qüvvələr gətiriblər. Özü də yalnız indi yox, 10 illiklərdir ki, bu belədir. Bax, əsl nəticə çıxarılası məqam budur, nə qədər ki, gec deyil...

Sahil İsgəndərov
Azvision.az



Teqlər: Nazaryan   müharibə  





Xəbər lenti