"Ermənistan hakimiyyəti ölkəni məhvə aparır" - Rusiyalı hərbi ekspert

  28 Sentyabr 2021    Oxunub :1139
"Ermənistan hakimiyyəti ölkəni məhvə aparır" -  Rusiyalı hərbi ekspert
Azərbaycanın Qələbəsi Qarabağ münaqişəsinin həlli məsələsində irəli atılan nəhəng həlledici addım idi. Həmin Qələbəni bu və ya digər şəkildə ilahi güc müəyyənləşdirmişdi. Məşhur ifadəni yada salaq: “Güc nədədir, qardaş? Həqiqətdə!" Bax, bu dəfə də haqq və ədalət Azərbaycan xalqının tərəfində idi. Bu sözləri Azvision.az saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.
Qələbənin qazanılmasında Prezident İlham Əliyevin müdrik siyasətinin böyük rol oynadığını vurğulayan Xlopotov deyib ki, Azərbaycan döyüşçülərinin cəsarəti və hünəri, onların analarının dəyanəti və əzmkarlığı layiqincə qiymətləndirilməlidir.
- Azərbaycanın Qələbəsi Qarabağ münaqişəsinin həlli məsələsində irəli atılan nəhəng həlledici addımdır. Onun həlli yolunda diplomatik səylər dalana dirənəndə problemin güc yolu ilə həlli ən düzgün, tez və effektiv addım oldu. Dünyadakı siyasi konyunktura da buna imkan yaratdı. Mövcud şərait Azərbaycana öz qanuni ərazilərini qaytarmaq üçün gözəl fürsət verdi. Ermənistanın silahlı təxribatını öz xeyrinə istifadə edən Azərbaycan bu fürsəti əldən buraxmadı. Bu, parlaq uğur idi,- rusiyalı hərbi ekspert bildirib.
Tonoyan həbsdə qalacaq

Onun sözlərinə görə, Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyat çox çətin coğrafi şəraitdə döyüşlərin aparılmasının yeni xarakterini nümayiş etdirib: "Yeni gözlənilməz taktiki fəndlər işlənib hazırlandı və həyata keçirildi. İndi bu müharibə bütün ali hərbi məktəblərin dərsliklərində yer alır, inkişaf etmiş ölkələrin Baş Qərargah əməkdaşları tərəfindən təhlil olunur. Bu, güclü və hiyləgər düşmənlə necə döyüşmək və ona necə qalib gəlməyin gözəl nümunəsidir ".

Bununla yanaşı, Aleksey Xlopotov Ermənistanda mövcud olan təhlükəli revanşizm əhval-ruhiyyəsinin yeni müharibəyə gətirib çıxara biləcəyini də istisna etməyib: “Atəşkəs barədə razılaşma imzalandıqdan sonra Ermənistanda səngiməyən, əksinə, daha da güclənən revanşizm dalğası qalxıb. Ermənistan hakimiyyəti razılaşmanın şərtlərini yerinə yetirməkdən boyun qaçırır, sərhədlərin demarkasiyasını, habelə Naxçıvana nəqliyyat dəhlizinin açılmasını əngəlləyir. Genişmiqyaslı hərbi əməliyyatların yenidən qızışması ehtimalını artıq bu gün proqnozlaşdırmaq üçün baxıcı olmaq lazım deyil. Bu hadisələr yaxın 4 ildən 5-6 ilə qədər müddətdə baş verə bilər. Bu barədə danışmaq çox ağırdır. Ən azı ona görə ki, yeni müharibə yeni qurbanlar deməkdir. Amma mən əminəm ki, məhz bu müharibə Qarabağı tamamilə azad edəcək, hətta mümkündür ki, Ermənistanın dağılmasına, erməni dövlətçiliyinin tamamilə itirilməsinə səbəb olacaq. Təəssüf ki, 44 günlük müharibənin nəticələrini tanımaq istəməyən Ermənistan rəhbərliyi ölkəsini özünü tam məhvetmə yolu ilə aparır”.

Sahil İsgəndərov

Azvision.az

Teqlər: Ermənistan   AlekseyXlopotov  







Xəbər lenti