Ermənistanda "vaksin etirazları" başladı

  28 Sentyabr 2021    Oxunub :362
 Ermənistanda "vaksin etirazları" başladı
Bu gün Ermənistanın "Sağlamlıq" ictimai təşkilatının üzvləri olan həkimlər və bir qrup sadə vətəndaş Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Polis həkimlərdən bəzisini saxlasa da, digər etirazçılar jurnalistlərə açıqlama verə biliblər. Onlar qeyd ediblər ki, aksiyaya səbəb hökumətin peyvəndlənməni məcburi etmək istəməsidir.
Azvision.az xəbər verir ki, aksiya təşkilatçılarından biri isə İrəvana gətirilən vaksinlərin, ümumilikdə mövcud olan peyvəndlərin təhlükəsizliyinə təminatın olmadığını iddia edib.

- Mən fikirlərimi bir həkim kimi ifadə edirəm. Birincisi, qanun bunu deyir ki, istənilən peyvəndi üç ildən beş ilədək davam edən bir müddətdə sınaqdan keçirmək lazımdır. Yalnız bu mərhələni keçdikdən sonra peyvənd insanlar arasında istifadə edilə bilər. İndi mən bir peşəkar həkim olaraq yaranmasından bir il belə keçməmiş, sınaq mərhələsində olan bu peyvəndlərin artıq insanlar üzərində istifadə edilməsinə təəccüblənirəm. Hətta hər hansı bir tibb tələbəsi də bilir ki, təbii immunitet əslində peyvənd yolu ilə əldə edilən süni immunitetdən daha güclüdür.
Təbii immunitet xəstəlik nəticəsində inkişaf edir və bir çoxumuz da artıq bu virusla xəstələnmişik. Yəni mən xəstələnən kimi təbii immunitetim yarandı. Niyə bu nəzərə alınmır və niyə antikorları yüksək olan insanlar vaksinasiyadan keçməlidirlər? İspan tədqiqatçılar bu vaksinlərin gələcəkdə xərçəngə yol açacağını sübut edən təcrübələr apardılar. Həmçinin gənclər arasında sonsuzluğa səbəb olacaq materiallar tapıldı və ölkəmiz belə bir şəraitdə buna icazə verə bilməz. Əgər biz, adi insanlar bu cür məlumatlara malikiksə, əlbəttə ki, həmin informasiyalar onlar üçün də mövcuddur.

Erməni həkim həmçinin onu da iddia edib ki, bu yaxınlarda onun iki yaxını peyvənd vurdurduqdan dərhal sonra ölüb.

- Bəli, bəli, bu, Ermənistanda olub. Başqa harada olacaqdı ki? Əlbəttə bunu bizə deməyəcəklər və onlar bu haqda danışmayacaqlar. Bizə heç ölüm statistikası verilmir. Yəni məsələn, peyvənddən sonra neçə nəfər dünyasını dəyişib.

Xatırladaq ki, 1 oktyabrdan etibarən ölkədə fəaliyyət göstərən əksər qurumların işçiləri ya peyvəndlənmədən keçməlidirlər, ya da öz hesablarına ayda iki dəfə olmaqla PCR test verməlidirlər. Aksiya iştirakçıları da bu məsələ ilə bağlı verilmiş əmrin ləğv edilməsini tələb ediblər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Etiraz   Peyvənd  







Xəbər lenti