"Azərbaycan arxayınlaşmamalıdır" - Ukraynalı politoloq

"Azərbaycan arxayınlaşmamalıdır" -  Ukraynalı politoloq
  29 Sentyabr 2021    Oxunub:1856
"Bu günlərdə Azərbaycanda qeyd edilən Vətən Müharibəsinin başlamasının ildönümü tarixi bir daha xatırlatdı ki, ölkədə vətənini qorumağa hazır olan kifayət qədər vətənpərvər insanlar var. Azərbaycan xalqının həmrəyliyi olmasaydı, təbii ki, qələbə də olmazdı".
Bunu Azvision.az -a açıqlamasında ukraynalı politoloq Rinat Kovbasyuk deyib. "Yüksək vətənpərvərlikdən əlavə, əlbəttə ki, ordunun sistemli olaraq yenidən silahlanması, pilotsuz uçan aparatların döyüşdə istifadəsi də böyük əhəmiyyət kəsb etdi. Hazırda Ukrayna ordusu da onlardan istifadə təcrübəsini öyrənir",- politoloq bildirib.

Münaqişədən sonra sülh prosesinə gəlincə, ekspertin sözlərinə görə, yaxın vaxtlarda nisbi sülhdən danışmaq olar: "Bu, ilk növbədə ermənilərin indiki vəziyyətdə ciddi müqavimət göstərə bilməməsi ilə bağlıdır. Ona görə də çox mümkündür ki, yaxın 5 ildə ciddi problemlər olmasın. Amma ümumiyyətlə, arxayınlaşmaq lazım deyil. Çünki ermənilər revanş almaq arzusunda olduqlarını gizlətmirlər, yalnız Ermənistan dövlətçiliyinin həddindən artıq zəifliyi və KTMT-dəki müttəfiqlərinin Qarabağ probleminə laqeydliyi münaqişənin yeni mərhələsinin başlamasına imkan vermir.

İndi Bakının vəzifəsi bu əraziləri mümkün qədər canlandırmaq, məskunlaşdırmaq, qondarma "DQR" məsələsinə birdəfəlik son qoymaq, sərhədləri dünya birliyi tərəfindən tanınan respublikanın ərazi bütövlüyünü tamamilə bərpa etməkdir. Güclü ordu və vətənpərvərlik ruhu Azərbaycanın müstəqilliyinin qarantı və təcavüzkarın qarşısını almaq üçün güclü bir stimuldur".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Ukrayna   Politoloq  





Xəbər lenti