"Azərbaycanın şəhidləri bizim də qəhrəmanlarımızdır" - Pakistanlı jurnalist

  "Azərbaycanın şəhidləri bizim də qəhrəmanlarımızdır" -    Pakistanlı jurnalist
  29 Sentyabr 2021    Oxunub:1844
Ötən il ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycana ən çox dəstək verən ölkələrdən biri də Pakistan oldu. Pakistan uzun illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyindən dönmədi, 44 günlük müharibənin hər günü bizimlə həmrəylik nümayiş etdirdi.
Bu gün də Pakistan həm siyasi-diplomatik, həm də hərb sahəsində ölkəmizə dəstəyini əsirgəmir. Vətən müharibəsinin ildönümündə Pakistan xalqı Azərbaycanla həmrəy olduğunu bir daha göstərdi. Azvision.az -a açıqlamasında Pakistanın tanınmış jurnalisti Məhəmməd Tayyab Çaudariy deyib ki, 44 günlük müharibədə şəhid olan azərbaycanlıların xatirəsi onlar üçün də əzizdir.

- Pakistan xalqı və hökuməti hər zaman qardaş Azərbaycanla yanaşı addımlayıb. Azərbaycanın qəhrəman şəhidləri bizim də qəhrəmanlarımızdır. Pakistan qardaş Azərbaycanın azad etdiyi ərazilərinin bərpasında yaxından iştirak etmək istəyir. İqtisadi məsələlərdə də sadiqlik göstərən Pakistanın bir çox şirkətləri Qarabağa sərmayə qoymaq niyyətindədir. Bununla əlaqədar Pakistan Milli Assambleyasının sədri cənab Əsəd Qeysər bərpa işlərinə qatılacaq şirkətlərin investisiya və təşviqat məsələləri üçün lazım olan bütün addımların atılacağına inandığını bildirib.

Xüsusi olaraq qeyd etməliyəm ki, baş nazir İmran Xanın səyi nəticəsində iki ölkə arasında sıx əlaqələr daha da möhkəmlənib. Bu yaxınlarda Pakistan, Azərbaycan və Türkiyənin “Üç qardaş - 2021” birgə hərbi təlimləri "Bir millət, üç dövlət" şüarını özündə əks etdirdi. Bundan başqa Pakistan Ordusunun Baş Qərargah rəisi general Qamar Caved Bajva və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri cənab Əsəd Qeysərin Azərbaycana səfərləri əslində qardaş ölkəyə verilən əhəmiyyətin bir nümunəsidir.

Hər iki xalqın mədəniyyətinin də ortaq cəhətləri çoxdur. Azərbaycandakı yemək vərdişləri, bəzi ailə ənənələri demək olar ki, Pakistandakı vərdiş və ənənələrlə eynidir. Mən uzun illərdir ki, sizin ölkədə peşə fəaliyyətimi həyata keçirirəm. Azərbaycan ikinci evimdir, buradakı insanlardan böyük sevgi və hörmət görmüşəm. Həqiqətən də bütün azərbaycanlılar bizim qardaşlarımızdır və biz pakistanlılar onlara böyük hörmətlə yanaşırıq! Bu belə də qalacaq. Bir daha Azərbaycan xalqını İkinci Qarabağ müharibəsinin ildönümündə qələbə münasibətilə təbrik edirəm - deyə Məhəmməd Tayyab Çaudariy qeyd edib.

Tural Tağıyev

Azvision.az




Teqlər: Pakistan   Azərbaycan   Qarabağ  





Xəbər lenti