Qazaxıstan Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir

  29 Sentyabr 2021    Oxunub :301
Qazaxıstan Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir
Türkdilli dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstandakı toplantısı başa çatdı. Toplantıda sədrlik Azərbaycandan Qazaxıstana keçdi. Azərbaycan TÜRKPA-ya 2019-cu ilin dekabrından 2021-ci ilin sentyabr ayına qədər sədrlik edib. Parlamentin rəhbəri Sahibə Qafarova sədrliyi Qazaxıstanlı həmkarı Nurlan Niqmatulinə təhvil verdi.
Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, bu toplantı Azərbaycan üçün vacib idi. Çünki bu Azərbaycanın qələbə çaldığı İkinci Qarabağ müharibəsindən sonra Assambleyanın ilk toplantısı sayılırdı.

- Türkdilli dövlətlərin parlament sədrləri Azərbaycanı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etdilər. Pandemiya dövründə TÜRKPA-nın bəzi toplantıları təxirə salınmışdı. Pandemiya bitməsə də, artıq beynəlxalq konfranslar, görüş və toplantılara start verilib. Bu baxımdan TÜRKPA-ya sədrlik edəcək Qazaxıstan gələcək toplantıları təxirə salmayacaq.

Qazaxıstan Türkiyə və Azərbaycan qədər türkdilli dövlətlərin interqasiyasına çalışır. Digər tərəfdən Qazaxıstan Türkiyə və Azərbaycan qədər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İyun ayında xarici işlər naziri Ceyhun Bayramovla görüşən qazaxıstanlı həmkarı Muxtar Tileuberdi bölgədə vəziyyətin stabilləşməsinin Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialı üçün yeni imkanlar yaradacağını vurğulamışdı. “Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır” deyən Muxtar Tileuberdi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Elbası Nursultan Nazarbayevin xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli və dostluq münasibətlərin bundan sonra da möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirmişdi.

Politoloq deyir ki, Qazaxıstanla əməkdaşlığın inkişafı Azərbaycan üçün də vacibdir. Resurslarına və potensialına görə Mərkəzi Asiyanın liderliyinə iddialı olan Qazaxıstan müstəqilliyini qazandığı 30 il ərzində həm regional, həm də beynəlxalq əməkdaşlıq üçün müxtəlif təşəbbüslərin ideya daşıyıcısı olub.

- Prezident Kasım-Jomart Tokayev ötən il ölkəsinin 2030-cu ilə qədər xarici siyasət konsepsiyasını təsdiq edib. Beynəlxalq əlaqələrin mürəkkəb transformasiyadan keçdiyi vurğulanan konsepsiyada problemlər belə sıralanıb: münaqişələr, inamsızlıq atmosferi, terror, silahlanma, iqlim dəyişiklikləri, kibermüharibələr. Konsepsiyada Qazaxıstanın Mərkəzi Asiyada lider mövqeyini qorumaq gərəkliyi göstərilib. Başqa strateji hədəf kimi Qazaxıstanın inkişaf etmiş 30 dövlətin sırasına daxil olması göstərilib. Qazaxıstan bu hədəflərə çatmaq gücündədir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur-Dəhlizi   Qazaxıstan  







Xəbər lenti