“Maaşları artırmaq zərurətə çevrilir” – Ekspert

  29 Sentyabr 2021    Oxunub :2139
   “Maaşları artırmaq zərurətə çevrilir” –    Ekspert
Son vaxtlar cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri artıq adi gözlə də asanlıqla müşahidə olunan bahalaşmadır. Bunu qeydə almaq üçün ekspert olmağa ehtiyac yoxdur: Bir ay, hətta bir həftə əvvəl aldığımız malların, xüsusilə ərzağın qiyməti elə göz qabağındaca artır. Bəs nə baş verir və bu vəziyyətdə hökumət nə etməlidir?!
İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, hökumət əvvəlcə cari il üçün inflyasiyanı 4 faiz ətrafında proqnozlaşdırmışdı. Bu yaxınlarda proqnoza dəyişiklik edilərək, 7-7,5 faizə qaldırıldı. Hətta Mərkəzi Bank infliyasiyanı cilovlamaq üçün 5 illik fasilədən sonra uçot dərəcəsini də 0,25 faiz artırdı: “Hərçənd, mən bu addımın arzulanan nəticəni verəcəyinə şübhə edirəm. Məsələ ondadır ki, gedən proses tam olaraq inflyasiya deyil, yəni manat ucuzlaşmır, İstehlak Qiymətləri İndeksi qalxır. Bunun əsas drayveri isə xarici faktorlardır. Hazırda bütün dünyada ərzağın qiyməti sürətlə bahalaşır. İstəsək də, istəməsək də, bu prosesdən təcrid oluna bilmərik. Həm də ona görə ki, ərzaq zənbilimizə daxil olan məhsulların çoxunu xaricdən idxal edirik”.

Ekspert xatırladıb ki, Azərbaycanda hazırkı bahalaşma dalğası yanvar ayından start götürüb: “O zaman benzinin, fevralın 1-dən isə suyun tarifinin qalxması bahalaşmaya təkan verdi və proses dünyada gedən artımla eyni vaxta düşdüyündən, sürət götürdü. May ayından ölkədə pandemiyadan sonrakı iqtisadi bərpa başladı, yayda toylara icazə verildi, bu isə artan qiymətlərə əlavə impuls qazandırdı. Çünki şadlıq evləri yenicə bərpa olunan bazarda ərzağa tələbatı kəskin, sıçrayışla artırdılar. Açıq danışsaq, ölkədəki yerli istehsal maydan sonra qəfildən artan tələbi qarşılayacaq gücdə deyildi. Ona görə də, “idxal inflyasiyası” deyilən halla üzləşdik. Yəni xaricdə qiymətlər qalxır, biz də hər şeyi əvvəlkindən baha alıb gətirdiyimizə görə, daxildə də eyni proses baş verir”.

Bəs hökumət belə vəziyyətdə nə edə bilər? Professorun fikrincə, praktik olaraq heç nə: “Çünki bu, süni yox, təbii bahalaşmadır. Onun qarşısını inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı və sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, yeganə yol bahalaşmaya uyğun olaraq, əhalinin gəlirlərini artırmaqdır. Azərbaycan hökuməti bu yolu tutub və gələn ilin büdcəsinə maaşların artımı ilə bağlı xərclər daxil edilib. Bu, ağıllı yanaşmadır. Amma əslində həmin artım mahiyyətcə indeksasiya olacaq. Yəni biz əvvəlkindən çox xərcləyəcəyik, fəqət həyat səviyyəmizdə real dəyişiklik olmayacaq”.

O, qeyd edib ki, əslində 4-5 faizlik inflyasiya istənilən ölkə, o cümlədən də Azərbaycan üçün normaldır və çox vaxt hökumətlər ixracı stimullaşdırmaq üçün bu cür yüngül inflyasiyanı məqbul sayırlar. Bu, sağlam inflyasiya hesab olunur. Amma hazırda Azərbaycanda gedən bahalaşma prosesi əksinə, iqtisadi canlanma üçün buxova çevrilə bilər. Çünki sadə dillə desək, insanların xərcləməyə pulu yoxdursa, qazancları ancaq əsas ehtiyaclarını qarşılamağa sərf olunursa, iqtisadi canlanmadan danışmaq çətindir.
- Belə vəziyyətdə hökumət özü də əhalinin gəlirlərinin real şəkildə artırılmasında maraqlı olmalıdır. Hələ Milli Məclisdə büdcə müzakirələri başlamayıb. Ümid edirəm ki, müzakirələr zamanı bu məqam da nəzərə alınacaq və gələn il maaşlar elə artırılacaq ki, təkcə builki bahalaşmanın kompensasiyasına getməsin. Ölkədə iqtisadiyyatın bərpası hələ də kifayət qədər kövrək vəziyyətdədir. İndiki bahalaşmanın onun üçün buxova çevrilməsinə imkan vermək olmaz,- Əlibala Məhərrəmzadə vurğulayıb.


Teqlər: İqtisadiyyat  







Xəbər lenti