“The Washington Times”: Minsk qrupu və uğursuz çoxtərəfli vasitəçilik

      “The Washington Times”:    Minsk qrupu və uğursuz çoxtərəfli vasitəçilik
  29 Sentyabr 2021    Oxunub:682
ABŞ-ın “The Washington Times” nəşrində amerikalı diplomat, ABŞ dövlət katibləri Kolin Pauell və Kondoliza Rays dövründə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, səfir Adam Erelinin "Minsk qrupu və uğursuz çoxtərəfli vasitəçilik" sərlövhəli məqaləsi dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə ABŞ və digər ölkələrin müxtəlif münaqişələrdə göstərdikləri diplomatik səyləri təsvir edən Adam Ereli yazır ki, beynəlxalq müstəvidə çoxtərəfli münasibətlər mövcud olmaqda davam etsə də, uğursuz fəaliyyətlərin uzun siyahısı bu formatı dəstəkləyən beynəlxalq forumların artıq öz məqsədlərinə çatmadığını göstərir. Bu cür disfunksiyanın bariz nümunəsi uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk qrupudur.

1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Azərbaycan ilə Ermənistan arasındakı ərazi münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu mövcud çoxtərəfli vasitəçilik mexanizmlərinin köhnə formatını təcəssüm etdirir. 1994-cü ildə atəşkəs razılaşması imzalandıqdan sonra Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdi. Minsk qrupu mövcud olduğu 30 il ərzində münaqişənin həlli üçün heç bir səmərəli addım atmadı, bu da Azərbaycanı təşəbbüsü öz əlinə almağa və keçən il sentyabrın 27-də başlayan 44 günlük müharibədə status-kvonu dəyişdirməyə məcbur etdi. Bu, münaqişənin mahiyyətini kökündən dəyişdi.

Müharibə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazisinin böyük hissəsini azad etdi. Müəllif, həmçinin qeyd edir: “Daha vacib məqam odur ki, münaqişə Minsk qrupunun mahiyyətini şübhə altına qoydu. Fransanın Ermənistanın xeyrinə qərəzli mövqeyi və ABŞ-ın münaqişə ilə bağlı məhdudlaşdırılmış münasibəti Minsk qrupu üçlüyünün digər üzvü olan Rusiyaya münaqişə tərəfləri arasında vasitəçilikdə birtərəfli qaydada iştirak etmək imkanı verdi. Bir çox digər vasitəçilik missiyalarındakı kimi, Minsk qrupunun da uğursuz fəaliyyətində diqqət çəkən amil ölkələrin fərqli maraqlara malik ola biləcəyi beynəlxalq diplomatiyanın aparıcı forumlarında konsensus əldə etmə ehtiyacıdır ki, bu da öz növbəsində vasitəçilik formatının səmərəliliyini təhlükə altına alır.

Lakin bu struktur qüsurlara və geosiyasi reallıqlara baxmayaraq, ABŞ liderləri və ABŞ müttəfiqləri yenidən başlayan münaqişəyə adekvat cavab vermirdilər. Məsələn, Azərbaycan-Ermənistan sərhədi boyunca hərbi əməliyyatların yenidən başlanmasına cavab olaraq ABŞ Dövlət Departamenti iyulun 28-də tərəfləri "ATƏT-in Minsk qrupunun himayəsi altında əsaslı müzakirələrə qayıtmağa" çağırdı. Dövlət katibi Blinken bir neçə həftə əvvəl erməni həmkarına yazdığı məktubda "Minsk qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqları mümkün qədər tez bərpa etməyə” dəvət edəndə bu çağırışı ikiqat artırdı. Böyük Britaniya da bu yaxınlarda Minsk qrupunun nizamlanma üçün əsas format olaraq qaldığını bildirdi.

Acı reallıq ondan ibarətdir ki, Qərb həm Azərbaycanın Qarabağ bölgəsində, həm də regionun digər qaynar nöqtələrində münaqişələri həll etmək üçün hələ də köhnəlmiş və qeyri-kafi mexanizmlərdən istifadə etməyə çalışır, bu da Qərbi uğursuzluğa məhkum edir. Adam Ereli yazır ki, bu arada fürsətcil rəqiblər vəziyyətdən öz xeyirlərinə istifadə edərək, münaqişə tərəflərinin ABŞ-a etibarını daha da sarsıdırlar.

Azvision.az



Teqlər: heWashingtonTimes  





Xəbər lenti