Qaçqınlıqda böyüyən Prezident təqaüdçüsü: Ən yüksək balı o yığıb

 Qaçqınlıqda böyüyən Prezident təqaüdçüsü:  Ən yüksək balı o yığıb
  30 Sentyabr 2021    Oxunub:3448
Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.
Bunlardan biri də Baki Ali Neft Məktəbinin tələbəsi Əbil Şəfiyevdir. O, qəbul imtahanında ən yüksək bal toplayaraq, Azərbaycan birincisi olub. Əslən Qubadlı rayonunun Xanlıq kəndindəndir. Məcburi köçkün kimi ailəsi Sumqayıt şəhərində mehmanxanalardan birində məskunlaşıb. 2019- cu ildən isə Sumqayıtda məcburi köçkünlər üçün salınmış qəsəbədə onlara mənzil verilib.
Kənd məktəblərinin yüksək ballı qaymaqları

Sumqayıt şəhərindəki 11 nömrəli tam orta məktəbin məzunu olan Əbil Şəfiyev Azvision.az-a açıqlamasında deyib ki, siyahıda adının olacağına əmin idi.

- Baki Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinin birinci kurs tələbəsiyəm. Mən 697,1 bal ilə respublika birincisi olmuşam. Bu bala əsaslansaq, təqaüd alacağım gözlənilən idi. Təqaüdü nəyə xərcləyəcəyimi indi bilmirəm, alandan sonra qərar verəcəyəm. Valideyinlərim dünən bu xəbərə çox sevindilər. Uğrumu onlara da borcluyam. Mənə hər zaman dəstək olublar.



Əbilin atası mühasib, anası isə xəstəxanada tibb bacısı işləyir. Bacısı Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə 3-cü kurs tələbəsidir. Qardaşı isə 11-ci sinif şagirdidir.

- Mən Qubadlının Xanlıq kənd sakiniyəm. Ailəm illərlə qaçqın statusu daşıyıb. Ermənilər kəndimizi işğal etdiyinə görə 30 il qaçqın həyatının çətinliyini görüblər. 44 günlük Vətən müharibəsinin Zəfəri isə bizim yaramıza məlhəm oldu. Mən buna görə görə Prezidentimizə və Ordumuza ürəkdən təşəkkür edirəm. Biz tələbələrə belə diqqət göstərdiyi üçün isə ayrıca minnətdarlıq edirəm,- Əbil dövlət başçısına təşəkkürünü bildirib.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Prezident-Təqaüdü   Tələbə  





Xəbər lenti