Tonoyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib

   Tonoyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib
  30 Sentyabr 2021    Oxunub:730
Dünən hüquq mühafizə orqanları tərəfindən evində axtarışlar aparılaraq saxlanılan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan nəhayət ki, açıqlama verib.
Azvision.az xəbər verir ki, yerli media eks-nazirin ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini yazıb. Bu barədə "Armlur.am" saytına onun vəkili Sergey Ovannisyan məlumat verib.

"Paşinyan Tonoyana vəzifə söz verib həbsə atdı"- "Hraparak"
O qeyd edib ki, Tonoyanın günahı artıq cinayət işi ilə bağlı əldə edilmiş sübutlarla təkzib olunur. Vəkil təfərrüatları açıqlamayıb. Ovanisyan bildirib ki, hazırda David Tonoyan ifadə verməyib. Keçmiş müdafiə nazirinin həbs tələbi isə tamamilə əsassızdır. Bu səbəbdən də hazırda Tonoyanın saxlanılması qanunsuzdur. Jurnalist keçmiş nazirə qarşı işləyə biləcək konkret bir faktın olub -olmadığını soruşduqda, vəkil ortalıqda heç bir dəlilin olmadığını söyləyib.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarışlar aparıblar. "Hraparak"ın yaydığı məlumata görə Tonoyan hələlik açıqlanmayan hərbi məsələlərdə ittiham olunur. Bu proseslərlə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İttiham   Tonoyan   Ermənistan   Həbs  





Xəbər lenti