"Ermənistan tərəfindən konstruktiv addımlar görmürük" - Ceyhun Bayramov

   "Ermənistan tərəfindən konstruktiv addımlar görmürük" -    Ceyhun Bayramov
  30 Sentyabr 2021    Oxunub:1230
"Azərbaycanın şərtlərə əməl etməsinə baxmayaraq, Ermənistan tərəfindən konstruktiv addımlar görmürük".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın qələbəsi ilə tamamlanmış əks-hücum əməliyyatlarının başlanmasından 1 il ötür. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun şəkildə torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edib.

"Azərbaycan üçtərəfli bəyanatların icrası ilə məşğuldur. Bəzi istiqamətlərdə hələ də açıq qalan məsələlər var, bu barədə çexiyalı həmkarımı məlumatlandırdım. Azərbaycanın şərtlərə əməl etməsinə baxmayaraq, biz Ermənistan tərəfindən konstruktiv addımlar görmürük. 8 ay ərzində Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmaması, aşağı keyfiyyətli və az sayda xəritələrin təqdim olunması faktını qeyd etdim”, - Bayramov bildirib.

XİN rəhbəri diqqətə çatdırıb ki, Ermənistanın mina xəritələrini verməməsi nəticəsində çox sayda Azərbaycan vətəndaşları minaya düşərək həlak olub, mina xəritələrinin verilməməsi həm də azad edilmiş ərazilərdə yenidənqurma prosesini ləngidir: “Üçtərəfli bəyanata əsasən, regionda kommunikasiyaların açılması nəzərdə tutulmuşdu, amma burda da ləngimələr var. Sərhəddə gərginlik var. 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirməlidir. Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”.

Azvision.az



Teqlər: Ceyhun-Bayramov   Qarabağ  





Xəbər lenti