"KTMT əməkdaşlığımıza mane olurdu" - Qırğızıstanlı ekspert (Müsahibə)

 "KTMT əməkdaşlığımıza mane olurdu" -  Qırğızıstanlı ekspert (Müsahibə)
  07 Oktyabr 2021    Oxunub:1490
"Əfqanıstan tərəfdən təhlükələr həmişə olub və indi də qalır. “Taliban” birinci dəfə hakimiyyətdə olanda Özbəkistan İslam Hərəkatının (ÖİH) yaraqlıları regiona girməyə cəhd etdilər. O zaman onların qarşısı məhz qırğız vətəndaşları və hərbçilərinin həyatı bahasına alındı". Bu sözləri AzVision.az-a Qırğızıstanın Dövlət Siyasətinin Təhlili Mərkəzinin direktoru Almaz Tacibəy deyib.
Ekspertin fikrincə, ABŞ-ın və onun müttəfiqlərinin Əfqanıstanda iyirmi illik mövcudluğu Mərkəzi Asiyanın beş ölkəsində dinc həyatı təmin etmişdi. Lakin indi təhlükə qayıdıb. Çünki rəsmi “Taliban” hakimiyyəti sözünü tutub, qonşulara hücum etməsə də, 90-cı illərdə olduğu kimi, digər terrorçu qruplaşmalar regiona sıza bilərlər.

- Taliblər region ölkələrinə girməyə cəhd göstərsələr, Rusiya özünü necə aparacaq?
- Rusiya təhlükəsizliyini möhkəmləndirmək üçün müəyyən addımlar ataraq, ətrafında KTMK kimi təhlükəsizlik zolağı yaradıb. Moskvada terrorçu təşkilat kimi tanınan, bununla belə, sistemli danışıqlar aparılan “Taliban” hərəkatı, şübhəsiz, Rusiyanın özünün də təhlükəsizliyinə təhdid törədir, terrorizmin və dini radikalizmin ixracında maraqlıdır. “Taliban” Kabildə hakimiyyəti ələ keçirdikdən sonra fiziki olaraq Əfqanıstan hüdudlarından kənara çıxmayacağına söz verib, lakin sentyabrda Tacikistanın Əfqanıstan İslam Əmirliyinin daxili işlərinə qarşıdığını bəyan edərək, qoşunlarını Tacikistanla həmsərhəd olan Tahar bölgəsinə göndərib. Yaraqlıların müdaxilə edəcəyi təqdirdə Rusiya KTMT üzvü olaraq, Tacikistanın və bütün regionun təhlükəsizliyini dəstəkləməyə məcbur olacaq.

- Regiondakı son hadisələri nəzərə alaraq, KTMT-nin gələcəyini necə görürsünüz? Bu bloka başqa ölkələr də qoşula bilərmi?
- Gələcəklə bağlı, xüsusilə də, hazırkı situasiyada KTMT kimi hərbi təşkilat haqqında dəqiq nəsə söyləmək çox çətindir. Çünki onun varlığında təkcə üzvləri deyil, ona üzv olmayan ölkələr də maraqlıdır. Bunun səbəbi KTMT-nin regionda yeganə hərbi birlik olması və müəyyən mənada təhlükəsizliyə təminat verməsidir.
Bu bloka yeni dövlətlərin qoşulması haqqında danışmaq hələlik tezdir, xüsusilə də, 2021-ci ilin aprel-may aylarında Tacikistanın Qırğızıstanın cənubundakı sərhəd rayonlarına hücumundan sonra bu haqda danışmaq olmur. Bu, hərbi blokun bir üzvünün faktiki olaraq digərinə hücum etməsidir. Təşkilatda belə halların qarşısını almağın mexanizmi yoxdur və bu qüsur təkcə müşahidəçi ölkələr üçün deyil, hərbi-siyasi blokun mövcud üzvləri üçün də cəlbedici deyil.
Bugünlərdə Qırğızıstan Respublikacının prezidenti Sadır Japarov KTMT-nin Düşənbədə keçirilən kollektiv təhlükəsizlik şurasının sammitində qurumun bir üzvünün digərinə hücum etməsi halında fəaliyyət mexanizminin yaradılması təşəbbüsü ilə çıxış etsə də, üzv dövlətlər, xüsusilə də, təşkilatın əsas donoru olan Rusiya onun təklifini lazımi diqqətlə qarşılamadılar.
Əksinə, vaxtilə Özbəkistanın, Gürcüstanın və Azərbaycanın etdiyi kimi, bəzi dövlətlərin KTMT-dən çıxması və qurumda fəaliyyətini dayandırmasıyla bağlı təhlükə var. Çünki KTMT təhlükəsizlik və suverenliyin qorunmasıyla bağlı məsələlərdə milli maraqlara tam cavab vermir. Qırğıstan Respublikası ilə Tacikistan arasındakı sərhəd gərginliyi isə hələ də qalmaqdadır.

- Müharibədən sonrakı dövrdə Bakı ilə Bişkek arasındakı münasibətlərin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Ötən il Azərbaycan ərazi bütövlüyünü və Qarabağda tarixi ədaləti bərpa etdikdən sonra bir vaxtlar Qırğızıstan Respublikasının KTMT-yə üzvlüyü və bununla bağlı götürdüyü öhdəliklər səbəbindən itirilmiş əməkdaşlığımız güclənib. Yuxarıda qeyd etdiyim qonşu konfilkləri şəraitində KTMT-yə üzv olmaq, təəssüf ki, ölkəmizin milli maraqlarına yetərincə cavab vermir. Qırğızıstan ilə Azərbaycan arasındakı əməkdaşlığın katalizatoru, şübhəsiz, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Qırğızıstan Respublikasının təkcə bu qurumlar çərçivəsində deyil, ölkələrimiz arasında ikitərəfli sıx əməkdaşlığa da kəskin ehtiyacı var.
Gələcək inkişafımız naminə Qafqazda və Mərkəzi Asiyada sabitliyin zəruri olduğu bir zamanda ölkələrimizin milli maraqları üst-üstə düşür. Regionlarda sülhün təmin olunması üçün yeni əməkdaşlıq strukturları zəruridir, xüsusilə də, dünyada köhnə təhlükəsizlik arxitekturasının dağıldığı, Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli AUKUS müdafiə alyansı kimi yeni birliklərin yarandığı bir vaxtda. Türkdilli dövlətlər də bu örnək əsasında müdafiə və hərbi sahələrdə əməkdalıq edə, bir-birinə hərbi yardım göstərə, təhlükəsizliyik və suverenliklərini təmin etməkdə yardımlaşa bilərlər.

Kərəm Sultanov
Nadir Qocabəyli

Azvision.az


Teqlər: Qırğızıstan   Azərbaycan   KTMT  





Xəbər lenti