"Ermənistanın təcavüz aktları ilə bağlı 75 cinayət işi başlanıb" - Baş Prokuror

  01 Oktyabr 2021    Oxunub :347
   "Ermənistanın təcavüz aktları ilə bağlı 75 cinayət işi başlanıb" -    Baş Prokuror
Müharibənin gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

Baş prokuror qeyd edib ki, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarca dinc sakinin qətlə yetirilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 75 cinayət işi başlanmaqla işğaldan azad edilmiş 7 şəhər, 11 qəsəbə və 519 kəndə baxış keçirilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Bundan başqa, dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması diqqət mərkəzində saxlanmaqdadır.

Bu məqsədlə erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

Azvision.az

Teqlər: Müharibə   Prokurorluq  







Xəbər lenti