Bilik və bacarıqların iqtisadiyyatı: "Beyin ovu"nda ovçu olmalıyıq - Vüsal Qasımlının yazısı

 Bilik və bacarıqların iqtisadiyyatı:  "Beyin ovu"nda ovçu olmalıyıq -  Vüsal Qasımlının yazısı
  01 Oktyabr 2021    Oxunub:3210
Biz xammalı son məhsula çevirməklə paralel, həm də biliklərimizin üzərinə daha çox bilik gətirməliyik, bacarıqlarımızı və səriştələrimizi artırmalıyıq. Məsələn, meşə ilə zəngin olan Finlandiya oduncaq, mebeldən deyil, daha çox kompleks məhsullardan gəlir götürür. Finlər əvvəlcə klassik iqtisadçıların dediyi kimi oduncaq, sonralar ənənəvi iqtisadçıların məntiqinə əsasən ağac materialları və mebel istehsal etdikləri halda, nəhayətdə ağac kəsən maşınların üzərində işləyərək maşınqayırma sənayesinə keçdilər.
Harvard Universitetinin Artım Laboratoriyasının hazırladığı nəzəriyyəyə əsasən, Finlandiya bacarıqlarının üzərinə bacarıq gətirdi, daha sonra da Nokia telefonunun istehsalına başladı. Göründüyü kimi, Finlandiya yalnız öz xammalının üzərinə gətirdiyi dəyərlə kifayətlənmədi, həm də yeni sahələrdə iqtisadiyyatını şaxələndirməklə, personbaytlarını artırmaqla inkişaf etmiş ölkəyə çevrildi. Bu iqtisadi artımın incə fəlsəfəsidir. Böyük filosofumuz Nizami buna görə deyirdi ki, “qüvvət elmdədir!”

Cənab Prezident dediyi kimi, bizim əsas sərvətimiz insan kapitalıdır. Təhsil səviyyəsi yüksək olan Almaniyanın təcrübəsi göstərir ki, iqtisadiyyatı şaxələndirən pioner şirkətlər bəzən beyini kənardan gətirirlər. Elə “Silisium vadisi” də bu baxımdan fərqlənmir. Bütün dünya “beyin ovu”ndadır, çünki iqtisadi artımı personbaytlar – bilikli və səriştəli insanlar təmin edir. Məsələn, ABŞ universitetlərində xaricdə doğulan professorlar üstünlük təşkil edir. Bu baxımdan, biz miqrasiya siyasətini elə tənzimləməliyik ki, beyin axınına yol verməyək. Əksinə beyin cəlb edə bilək ki, iqtisadi artımı dəstəkləyək, üstəlik modern təhsil və təlimlə bacarıq, səriştə və biliklərimizi artıraq.

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin bu günlərdə verdiyi Sərəncam bu baxımdan önəmlidir. Xaricdə təhsil yolu ilə biz bilik, bacarıq və səriştələri idxal edirik, eləcə də, bizim üçün çağırış olan insan kapitalının milli sərvətdə payını böyüdürük.

Facebook-un "Whatsupp"ı alması təcrübəsi göstərir ki, əgər imkan varsa, hazır texnologiyaları almaq, bilik və bacarıqları idxal etmək daha sərfəlidir, nəinki onu yaratmaq. Hətta dünyada “knowledge remittances” – “bilik transfertləri” ifadəsi yaranmışdır. Pul baratındansa, bilik və bacarıqların transferti daha məhsuldardı...

Azərbaycanın fundamental elmi tədqiqatlara nisbətən, daha çox tətbiqi elm istiqamətində getməsi məqsədəuyğun olardı. Məsələn, bizim İT şirkətlərinin soft həllər və soft development, habelə platforma yaratmaq sahəsində daha çox imkanı var, nəinki Teslanın etdiyi kimi fundamental R&D həyata keçirmək. Biz hazır texnologiyaların tətbiqi sahəsində getməliyik. Məsələn, informasiya və rabitə xidmətləri Azərbaycanda böhrana qədərki müddətdə iki-rəqəmli artım göstərib, 2020-ci böhran ilində isə az da olsa böyüyüb. Dördüncü Sənaye İnqilabı Mərkəzinin afilə edilmiş qurumunu yaratmaqla Azərbaycan həm də rəqabət üstünlüyü olan bio, fiziki və rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmalıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində xərclər-buraxılış və tarazlıq modellərinin əsasında sahələr və məhsullar üzrə multiplikator effektləri öyrənilir. Amma iqtisadiyyatı canlandırmaq üçün bu kifayət etmir, həm də biliklərin – nou-hauların bir sahədən başqasına transferini təmin etmək lazımdır. Texnologiyanın üç komponenti var: alətin özü, davranış qaydası və personbayt, yəni səriştə və bilik. Aləti və ondan davranış qaydasını əldə etmək asandır, ən çətini biliklərin və səriştələrin yayılmasıdır, onun bir insandan başqasına keçididir. Məsələn, Barselona futbol klubunda Barselona şəhərindən olan futbolçular çox azdır. Barselona klubunu sahibi futbol komandasını necə yaratmağı, yəni nou-hau-nu bilir. Məhsulu necə yaratmağı bilmək – yəni nou-hou, məhsul üçün resursdan daha vacibdir. Belə olmasaydı, məhdud və əlverişsiz şəraitə malik olan İsrail özündən ərazicə 823 dəfə böyük olan Rusiyaya aqrar məhsullar ixrac etməzdi. Balıq deyil, tilov və ondan istifadə bacarığı daha vacibdir.

Sadəcə bir həqiqəti qəbul etməliyik ki, Azərbaycan iqtisadiyyatında dominant olan karbohidrogen sektoru başqa sahələrlə əlaqəsi zəifdir və buradakı nou-haunu başqa sahələrdə tətbiq etmək imkanı məhduddur. Məsələn, biz ən müasir neft texnologiyalarını və bilikləri, uzağa getməyək, plastik sənayesində istifadə edə bilmərik. Dubayın təcrübəsi göstərir ki, biz modern infrastruktur, ixtisaslı əmək qüvvəsi və əlverişli biznes mühiti təklif etməklə “əvvəlcədən potensial tələbi” (in advance of demand ) yarada və sərmayə cəlb edə bilərik. Bu hesaba vaxtilə iqtisadiyyatının yarısını neft təşkil edən Dubayda “qara qızıl”ın payı hazırda 1 faizə enib.

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) bu günlərdə yayılan hesabatında göstərib ki, bizim regiondakı 11 dövlət arasında Azərbaycan ötən iki il ərzində Çin və Özbəkistanla birlikdə ən yüksək real ÜDM səviyyəsinə çatan ölkələrdən olub. Azərbaycanda əldə olunmuş davamlı iqtisadi inkişafın qorunması yolu - bilik, bacarıq və səriştələrə əsaslanan iqtisadi inkişafın təmin edilməsidir.

Vüsal Qasımlı,
professor, iqtisad elmləri doktoru
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: Xaricdətəhsil   İqtisadiyyat  





Xəbər lenti