"Təbliğatla qızların doğulmasını çoxaltmaq olar" - Fərid Babayev

 "Təbliğatla qızların doğulmasını çoxaltmaq olar" -   Fərid Babayev
  01 Oktyabr 2021    Oxunub:1712
"1990-cı illərdən bəri Azərbaycanda yeni doğulmuş körpələr arasında cins nisbətində böyük fərq müşahidə olunub. Lakin heç kim bunu analiz və koordinasiya etməyib".

Azvision.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun rəhbəri Fərid Babayev bildirib. Onun sözlərinə görə, qız övladlarının dəyərini təşviq və təbliğ etmək məqsədilə proqramın icrasına başlanılıb:
"Bu məsələni təbliğat yolu olmadan hökumət tərəfindən hansısa qadağa ilə həll etmək mümkün deyil. Ultrasəs müayinəsi zamanı dölün cinsini söyləmək olmaz, amma həkimlər deməsə də götürüb kağızın üstünə yazırlar, yəni qadağalar işləmir. Yalnız təbliğat və hökumət səviyyəsində hansısa tədbirlər görülməli, bir də qanunverici aktlar qəbul edilməlidir.

Ötən il proqram çərçivəsində iki mühüm nailiyyət əldə olunub- hökumət tərəfindən fəaliyyət planı təsdiqlənib, eyni zamanda Milli Məclis sessiyasında bu qanunvericilik aktı dinlənilib və qəbul edilib. İndi maliyyə məsələsi həll olunmalıdır. Beynəlxalq strukturlar, BMT- nin Əhali Fondu, UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılır ki, maliyyə ayrılsın, həm təbliğat, həm də siyasət səviyyəsində müvafiq tədbirlər görülsün.

Düşünürəm ki, bu istiqamətdə böyük nailiyyət əldə edəcəyik. Qeyd edim ki, 2017-ci ildə cins nisbəti yeni doğulan uşaqlarda 120 -nin (oğlan) 100-ə (qız) idi. Amma 2020-ci ildə bu nisbət 115-ın 100-ə düşüb. Bunun təbliğat nəticəsində olduğunu düşünürəm".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti