"Moskva Ermənistanı Bakı-Ankara alyansına qurban verə bilər" - Rusiyalı ekspert

 "Moskva Ermənistanı Bakı-Ankara alyansına qurban verə bilər" -  Rusiyalı ekspert
  02 Oktyabr 2021    Oxunub:1720
"Rusiyanın xarici siyasətinin inkişaf xarakteri ondan xəbər verir ki, Moskva NATO ölkələri arasına nifaq salmaq üçün Türkiyə ilə yaxınlaşmaya gedə bilər. Bu mənada İrəvanı Ankaraya təhvil vermək üçün Moskvanın əlində səbəblər getdikcə çoxalır". Bu fikirlər Aleksandr Jeleninin “Rosbalt.ru” saytında dərc olunan məqaləsində öz əksini tapıb.
Azvision.az xəbər verir ki, İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötdüyünü bildirən Aleksandr Jelenin həmin savaşda Türkiyənin fəal dəstək verdiyi Azərbaycanın qalib gəldiyini, Ermənistanın isə Dağlıq Qarabağın böyük hissəsini və 30 il əvvəl Birinci Qarabağ müharibəsində zəbt etdiyi bütün əraziləri itirdiyini vurğulayıb. Bununla belə, cari il iyunun 21-də Ermənistanda keçirilən parlament seçkilərində ölkədəki siyasi qüvvələrin bir hissəsinin məğlubiyyətdə günahlandırdığı və “təslimçi” adlandrıdığı baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası yenidən qalib gəldi. Bu nəticələr məğlubiyyətin ağrısına baxmayaraq, erməni xalqının "sülh partiyasına" səs verdiyini və indi öz ölkəsinin inkiaşfı ilə məşğul olacağını düşünməyə əsas verirdi. Lakin burada heç də hər şey erməni xalqından və onun rəhbərlərindən asılı deyil.

Jelenin bir sıra əlamətlərin münaqişənin hələ bitmədiyini və böyük ehtimalla, Azərbaycanın Türkiyə ilə birlikdə İrəvanı “sıxışdırmağa” çalışacağını göstərdiyini vurğulayıb. “Bir müddət əvvəl Türkiyənin “Anadolu” agentliyinin dərc etdiyi məqalədə deyilir: “Gözləmək olardı ki, regionda qüvvələr nisbətini müəyyənləşdirə bilən Türkiyə kimi ölkə Ermənistandan rəsmi şəkildə bu bəyanatı verməyi tələb edəcək: 1990-cı il avqustun 23-də qəbul olunmuş Ermənistanın müstəqilliyi Bəyannaməsinin 11-ci bəndində Türkiyənin Şərqi Anadolu Vilayətinin “Qərbi Ermənistan” adlandırılması ifadəsindən imina etsin; Ermənistanın gerbində Ağrıdağın təsvirindən vaz keçsin" (müvafiq bənd Ermənistan Konstitusiyasının 2-ci paraqrafının 13-cü maddəsində öz əksini tapıb). Məqalədə, həmçinin “Ermənistanın əsl səmimi iradə sərgiləməsi və regionda öz ambisiyaları olan xarici qüvvələrin oyunlarına uymaması” da məsləhət görülüb. Bu gün hər iki dövlətin bəyanatlarına baxdıqa isə, onların mövqelərinin tam zidd olduğunu görərik. Dialoqa hazır olmaq barədə sözlərin ardınca qarşı tərəf üçün məqbul sayılmayan şərtlər irəli sürülür.

BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev artıq Dağlıq Qarabağ adlı ərazi-administartiv anlayışının olmadığını bəyan etdi. Ermənistanın baş naziri Nikol Paşinayn isə elə həmin sessiyadakı çıxışında ölkəsinin dialoqa hazır olduğunu deməklə bərabər belə bəyanat verdi: “Artsax (Qarabağdakı xəyali qurum) xalqının öz müqəddaratını təyinetmə hüququ güc vasitəsilə dayandırıla, münaqişə güc tətbiqi yolu ilə həll olunmuş sayıla bilməz”. Azərbaycanlılar bütün Qarabağın öz ölkələrinin suveren ərazisi olduğunu, sülməramlı qüvvələrin isə yalnız müvəqqəti şəkildə Azərbaycanın Qarabağ bölgəsinin müəyyən hissəsində yerləşdirildiyini xatırlatmaqdan yorulmurlar. Bunun cavabında ermənilər 1988-ci ildə mövcud olan Dağlıq Qarabağ muxtar vilayətinin 4,4 min kvadrat kilometrlik ərazisindən 3 min kvadrat kilometrinə mandatı qeyri-müəyyən müddətə qədər uzadıla biləcək rusiyalı sülhməramlılarının nəzarət etdiyinə diqqət çəkirlər.
Aleksandr Jeleninin fikrincə, xüsusi maraq doğuran məqam budur ki, hətta Bakı və Anakaranın demarşlarından, habelə Ermənistanın bəyanatlarından sonra belə, Qarabağ tənzimlənməsi ilə bağlı Kremlin rəsmilərinin heç bir siyasi açıqlamalarını eşitmirik. Təhdid yaradan belə kəskin hərəkətlərə reaksiya əvəzinə Rusiya İrəvana “Qazprom”un rəhbəri Aleksey Milleri göndərməklə kifayətlənir ki, o da xüsusi nəzərə çarpacaq şəkildə yalnız ikitərəfli iqtisadi problemləri müzakirə edir.

- Ermənistan Moskvanın formal müttəfiqi kimi hazırda daha güclü regional dövlətlərin - Rusiya və Türkiyənin geosiyasi oyununun yalnız “piyada"sıdır. Belə təsəvvür yaranır ki, prinsip etibarilə onun üçün daha böyük əhəmiyyət kəsb edən məsələlər naminə Kreml bu zəif fiquru qurban verməyə hazırdır. Özü də yalnız regional müstəvidə yox, həm də dünya miqyasında. Ehtimal edə bilərəm ki, hadisələri diqqətlə izləyənlərdə belə hiss hələ bir il əvvəl Moskva özünün KTMT üzrə müttəfiqini dəstəkləməyəndə yaranıb. Bu mənada, KTMT-yə üzv dövlətlərin yalnız müttəfiqlərinin beynəlxalq səviyyədə tanınmış ərzazilərinə hücum olunacağı halda köməyə gəlməsi barədə qurumun sənədlərinə edilən istinad elə də inandırıcı görünmür. Mənə etiraz edə bilərlər ki, axı Moskva öz sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirib. Doğrudur, amma bu onun rəsmi müttəfiqinin tam darmadağın olunmasından sonra və yəqin ki, daha çox öz simasını qoruyub saxlamaq üçün edilib. Çünki, hamıya və hər kəsə hədə-qorxu gələn dövlət belə halda heç olmasa nə isə erməli idi. Məsələn, dünya siyasətinin qırğısından göyərçininə çevrilməli, münaqişə bölgəsinə şəxsi heyətinin sayına və silahına görə elə də çox olmayan sülhməramlı qüvvələr yeritməli idi... – Jelenin bildirib.

Ermənistanın məğlubiyyətindən sonra (əslində isə hələ bundan da əvvəl) Güney Qafqazda Türkiyə-Azərbaycan güclü regional ittifaqı yarandığını qeyd edən rusiyalı ekspert bölgədəki hərbi güc nisbətilə bağlı çox maraqlı açıqlama verir: “Rusiya ordusundan heç də pis silahlanmamış, bəzi komponentlərə görə hətta az qala daha yaxşı silahlanmış 700 minlik Türkiyə ordusu, üstəgəl türk zabitlərinin təlim keçdiyi, eləcə də əla silahlanmış və Qarabağda qətiyyətli qələbə qazanmış 100 minlik Azərbaycan ordusu Rusiyaya təhdid yaratmaq gücündədir. Doğrudur, Rusiyanın nüvə silahı kimi güclü kartı var, amma onu Türkiyəyə qarşı işlətsə, bu münaqişəyə avtomatik olaraq Şimali Atlantika alyansı qarışacaq. Əlbəttə, ən azı yaxın vaxtlarda yəqin ki, hadisələr bu həddə gəlib çatmayacaq. Çünki Kremlin son 13 ildə xarici ekspansiyasının xarakteri göstərir ki, Moskva belə siyasəti yalnız zəif və yaxud da ki, Kremlin düşüncəsinə görə hazırda dövlətçiliyinin dağılması prosesində olan ölkələrə münasibətdə inkişaf etdirir. Gördüyümüyz kimi yavaş-yavaş digər ölkələrin də (məsələn, Pakistan və Qətər) qoşulduğu Türkiyə-Azərbaycan alyansı heç cür “zəif” anlayışı çərçivəsinə sığmır”.

Jelenin bildirib ki, bu gün Rusiyanın əsas qarşıdurmasının Qərblə olduğunu unutmaq lazım deyil və bu məsələdə Kreml qərbdəki müttəfiqlər arasında yaranmış istənilən çatlardan istifadə edir, böyük məmnuniyyətlə həmin çatları genişləndirir də. Hətta bu çat əgər Rusiyanın iştirakı olmadan yaranırsa belə. Məsələn, bir müddət əvvəl Avstraliyanın fransız sualtı qayıqlrını almaqdan imtina etməsi və AUKUS anti-Çin alyansının yaradılması məsələsində olduğu kimi. NATO ölkələri arasına nifaq salmaq üçün Moskvanın Ankara və Bakı ilə münasibətləri tənzimləməsi tamamilə bu siyasətlə uzlaşır.

- Bu şəraitdə bəzi erməni siyasətçiləri və ekspertləri demək olar ki, hər şeyi, məsələn, Ermənistanın Rusiya-Belarus İttifaq dövlətinə daxil olmasını təklif etməklə, öz ölkələrinin suverenliyini qurban verməyə hazırdırlar. Amma yuxarıda deyilənləri nəzərə alsaq, Kremlə bu qurban lazımdırmı? Bax bu, böyük sualdır. Beləliklə, çox kədərli mənzərə alınır. Rusiya, Türkiyə və İran arasında sıxılıb qalmış, resursları və etibarlı mütəfiqləri olmayan Ermənistana protektoratlıq rolu hazırlanıb. Çox yəqin ki, Ankara-Bakı alyansının protektoratlığı , - Aleksandr Jelenin vurğulayıb.

Amma o, başqa variantların da mümkün olduğunu qeyd edib. Son hadisələrdən görünür ki, Kreml Ankaranı növbəti sınağa çəkmək məramından əl götürmür. Bu yaxınlarda Rusiyanın Yaxın Şərqdə əsas müttəfiqi olan Suriya rejiminin rəhbəri Bəşər Əsəd Türkiyəyə ultimatum verərək, öz qoşunlarını İdlibdən və ölkənin digər şimal əyalətlərindən dərhal çıxarmasını tələb edib. Əslində yeni müharibə orada tam gücü ilə gedir. Bir aydan çoxdur ki, İdlibin sərhədlərinə böyük qoşun hissələri atılır, Əsəd qoşunları terrorçuların (Türkiyənin müttəfiqlərinin) mövqelərinə müntəzəm zərbələr endirir. Demək olar ki, hər gün İdlibdə mövqelərə hücum edən rus aviasiyası da son həftələr xeyli fəallaşıb. Bütün bunlar ötən ilin fevralında İdlibdə yaşananlara çox bənzəyir. O vaxt suriyalıların və rusiyalıların hərəkətlərinə cavab kimi Türkiyə həmin rayona əlavə olaraq daha bir neçə min əsgər və yüzlərlə yeni hərbi texnika göndərdi.

-Açıq-aşkar görünür ki, bu hadisələrin fonunda Ermənistanın taleyi ikinci plana keçir. Amma Rusiya-Suriya koalisiyası İdlibdə ötənilki məğlubiyyətə görə revanş götürməyi bacarsa, Ermənistanın Qarabağı tamamilə itirməmək və Bakı ilə Ankaranın israrlı olduğu Zəngəzur nəqliyyat dəhlizi ideyasını qeyri-müəyyən vaxta təxirə salmaq şansı yarana bilər. Bunun bahası İrəvanın Moskvaya daha çox bağlanması olacaq. Başqa sözlə desək, hər iki halda Ermənistanın müstəqil və azad inkişafı ona doğru getdikcə uzaqlaşan üfüq kimi daha da uzaqlaşır, - sonda Aleksandr Jelenin vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   protektoratlıq  





Xəbər lenti