"Ən böyük arzuma çatmışam" - 60-ı adlayan Mənsum İbrahimov

 "Ən böyük arzuma çatmışam" -  60-ı adlayan Mənsum İbrahimov
  01 Oktyabr 2021    Oxunub:1204
Bu gün Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Xanəndə 61 yaşını qeyd edir. Özəl günü ilə bağlı təəssüratlarını Azvision.az ilə bölüşən ifaçı 2020-nin onun həyatında ən yaddaqalan il olduğunu dilə gətirib. O, Qarabağın azadlığını görməyin xoşbəxtlik olduğunu bildirib.
- Allah bu günə qədər yaşamağı mənə nəsib edibsə, ona təşəkkür edirəm. Qarabağın işğalda qaldığı 30 il mənim ömrümün ən çətin vaxtları olub. Bu günə şükür. 30 il həsrət qaldığımız tarixi torpaqlarımıza qovuşduq. Bu gün mən Şuşada, Ağdamda muğamlarımızı oxuyuram. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?!
Mən şəhidlərin ruhu qarşısında baş əyirəm. Onların valideyinlərinə səbr diləyirəm. Mənim də ailəm şəhid vedi. Qaradaşım oğlu Qarabağ uğrunda canını fəda etdi. Mən şəhid verməyin nə olduğunu bilirəm. Övlad acısı çəkmək çətindir. Amma qürur yerimiz də var, onlar Vətən uğrunda həlak olublar. Bu gün biz Qarabağı yenidən qururuq.


- 61 ili tərəziyə qoyanda ən çox hansı çağlar ağır gələr?
- İlk növbədə Qarabağda keçirdiyim uşaqlıq illəri ağıla gəlir. Ondan sonra təhsil almaq üçün Bakıya gəlmişəm. Keşməkeşli sənət yolum olub. Sənətin cığırları hamar deyil. Burada hər bir insanın həyat hekayəsi var. Mən yaradıclıq yolunda çox çətinliklərlə qarşılaşmışam. Uğursuzluqlarım da olub. Amma sonda sənətdə nələrisə qazandım. Mənim üçün ən böyük arzu Qarabağ idi, o da azad olundu. Şuşanın azad edilməsindən 6 ay sonra möhtəşəm “Xarıbülbül” festivalında iştirak etdim. Bundan böyük nə istək ola bilər? Sentyabrın 18-də Üzeyir bəyin doğum günündə onun heykəli qarşısında səhnəyə məcnun kimi çıxdım. Ağdam azad olunanda səfirlər üçün konsert verdim. Xudafərin körpüsünü qarşısında verilişə çəkildim. Bütün bunlar mənim üçün həyatımın ən əziz, dəyərli günləridir. İnsana yuxu kimi gəlir. Vaxt var idi ki, biz o torpaqlara kənardan, şəkillərdən baxırdıq. Ermənilərin videolarını izləyib, əsəbiləşirdim. İl yarım bundan öncə ermənilər Şuşada yallı gedirdilər. Bu gün isə torpağın sahibi qayıdıb və əbədi orada olacaq.

- Bu günü necə keçirmək fikrindəsiniz?
- Şəhidlərimizin ili çıxmadığına görə təmtaraqlı heç nə etməyəcəyəm. Sadəcə, ailə daxilində süfrə arxasında oturacağıq. Təntənəli nəsə etsəm, günah olar. Axşam 12-yə 1 dəqiqə qalmış şam və tortla ailəm mənə sürpriz etdi. Hər zamanki kimi onlar birinci oldular.





Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti