Vətən müharibəsinin 5-ci günü: Düşmən dinc əhalini atəşə tutur...

  01 Oktyabr 2021    Oxunub :13291
 Vətən müharibəsinin 5-ci günü:  Düşmən dinc əhalini atəşə tutur...
Ötən ilin bu günü Azərbaycan Ordusu uğurlu əməliyyatlarını davam etdirərək, bir sıra istiqamətlərdə irəliləmişdi. 44 günlük Vətən müharibəsinin hər günü kimi oktyabrın 1-i də tarixi nailiyyətlər, bəyanat və açıqlamalarla yaddaşlarımızda qalıb. Ermənistan həmin gün də faşizm mahiyyətinə sadiq qalaraq, Azərbaycanın cəbhəyanı rayonlarında dinc əhaliyə, mülki obyektlərə zərbələr endirdi.
Azvision.az başımızı ucaldan Ordumuzun yazdığı bugünkü tarixlə bağlı xeonologiyanı təqdim edir:

04:01. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciətlər daxil olması barədə məlumat yaydı.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 partlamış mərmi qalıqları aşkar olundu.

04:14. Prezidentin köməkçisi beynəlxalq ictimaiyyətə sələndi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlaması yayıldı. O, bəyan etdi ki, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var.
“Bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.

04:22. Müdafiə Nazirliyinin mətbuat xidməti düşmənin verdiyi itkilərlə bağlı məlumat yaydı. Məlumatda qeyd edilir ki, sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib, bütün cəbhə boyunca tutduğu mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Statistika isə həqiqətən ürək açır:
- 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.

05:03. Müdafiə Nazirliyi düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının bölmələrimiz tərəfindən məhv edilməsi barədə məlumat yaydı. Ordumuzun həmin uğurlu əməliyyatı ilə bağlı videogörüntülər də sosial mediada ən çox paylaşılan xəbər oldu.
Azərbaycanın tarixi və əzəli torpaqlarını işğaldan azad etməsi beynəlxalq aləmdə də diqqətlə izlənilirdi. Bu səbəbdən də iki dünya gücü sayılan Rusiya və Fransa oktyabrın 1-də İkinci Qarabağ müharibəsini müzakirə etdi.
05:36. Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığının olması, liderlərin Dağlıq Qarabağ məsələsini müzakirə etmələri barədə məlumat yaydı.
11:18. Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bəyanat qəbul edərək bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülki əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pislədi, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə etdi.
12:35. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "Tvitter" hesabında Azərbaycana dəstəyini ifadə etdi. “Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün keçirilən əməliyyatlarda xüsusi dəstəyə ehtiyacı yoxdur- deyən Mustafa Şəntop fikirlərini belə əsaslandırdı ki, Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan güclü ölkədir: “Ermənistanın qarşısında 90-cı illərin Azərbaycanı yoxdur".
Müdafiə Nazirliyi rəsmi məlumatları davam etdirib:
12:50. Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videogörüntülərdə Ordumuzun düşmən mövqelərinə artileriya zərbələri vurması əks olunur.
13:51. Erməni ordusu Tərtərdə avtovağzalı topla vurdu, mülki şəxs həlak oldu. Baş Prokurorluğun Mətbuat xidməti erməni ordusunun oktyabrın 1-də Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olduğunu, avtovağzala ciddi ziyan dəydiyini bəyan etdi.

13:54.
Düşmən yenidən Tərtəri artilleriya atəşinə tutur…
Müdafiə Nazirliyi məlumat yayaraq bəyan etdi ki, səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.
14:05. Ermənilərin qətlə yetirdiyi mülki şəxslərin siyahısı yayıldı.
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 1-dək 16 mülki şəxsin həlak olması, 55 sakinin xəsarət alması barədə məlumat və siyahı yayıldı.
14:28. Növbəti günlərdə informasiya savaşında mühüm rol oynayacaq Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (https://t.me/Azerbaijan_MOD) fəaliyyətə başladı.
14:49. İranın azərbaycanlılar yaşayan 4 əyalətində olan Ayətullah Xameneinin təmsilçiləri Azərbaycan Respublikasının haqq işini dəstəkləyən bəyanat yaydılar.
14:57. Azərbaycan Müdafiə Nazirliyinin düşmənin artilleriya qurğularının məhv edilməsi ilə bağlı yeni videogörüntülər yaydı.
15:03. Ermənilərin ən çox yaşadığı ölkələrdən olan ABŞ-da erməni təxribatları ilə bağlı kampaniya başladıldı. ABŞ ictimaiyyətinin diqqətini təcavüzkar Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsinə cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) məktub kampaniyasına başlayıb.
15:17. Ermənistanın hərbi təcavüzü xarici mediada- Perunun bir sıra nüfuzlu KİV-lərində (“Prensa 21”, “La Razon”, “Federación de Periodistas del Perú”) Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücum başlatması barədə məqalələr dərc edildi.
15:22. Çavuşoğlu Cozep Borrell ilə Qarabağı müzakirə etdi.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell telefonla danışaraq Ermənıstanın Azərbaycana qarşı hərbi hücumları nəticəsində bölgədə gərginləşən vəziyyəti və Şərqi Aralıq dənizi məsələsini müzakirə etdilər.


15:29.
Düşmən məcburi köçkünləri hədəfə aldı. Ermənistanın növbəti hədəfi Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Baharlı qəsəbəsi oldu. Mərmilərin düşməsi nəticəsində qəsəbədə məcburi köçkünlərin yaşadığı onlarla ev dağılıb, mal-qara tələf olub.
15:40. Prezident Adminstrasiyasının sektor müdiri Fuad Axundov açıqlama verərək bəyan etdi ki, “Azərbaycan bir santimetr belə xarici əraziyə müdaxilə etmir”.
14:25. Baş Prokurorluq erməni vandalizmi haqqında məlumat yayaraq 163 ev və 36 mülki obyektə ziyan dəydiyini bəyan etdi.

15:52. Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayaraq Ermənistan hərbi birləşmələrinin bütün cəbhə boyu ağır itkilər verdiyini ictimaiyyətin diqqətinə çatdırdı.
Məlumatda qeyd edilirdi ki, Azərbaycan ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. “Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər".

16:08. Müdafiə Nazirliyi Ermənistanın dezinformasiyasını ifşa etdi. Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı
Ermənistan Mətbuatının Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması barədə yaydığı məlumatın yalan olduğunu bildirdi.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi də müharibə günlərində digər qurumlar kimi operativ vəziyyətdə çalışırdı.
16:43. FHN-nin yaydığı məlumatda deyilir ki, bir sıra bölgələrdə evlərin atəşə tutulması yanğın və dağıntılara səbəb olub.
16:54. Düşmən indi də Gorusdan raket atır…
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisinin atəşə tutulması barədə məlumat yayıldı. Müdafiə Nazirliyinin yaydığı informasiyada bildirilir ki, Ermənistandan atılan raketlərin Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

17:09.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Al Arabiya” kanalına və “Walla” portalına müsahibəsi yayıldı. Prezidentin köməkçisi müsahibə zamanı Ermənistanın son təxribatlarından danışdı.

17:15. Azərbaycan Xarici İşlər Nazirlyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi xarici media agentlikləri tərəfindən yayılan guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddiaları tutarlı faktlarla yalanladı.
17:32. Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulduğunu bəyan etdi.
17:37. Ağdamda ata və oğul erməni faşizminin qurbanı oldu. Hər iki mülki şəxs Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həyatını itirdi.
17:43. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev informasiya savaşında növbəti dəfə aktivlik göstərərək açıqlamalar verdi. O, Ermənistana xəbərdarlıq etdi. Hikmət Hacıyev Gorus rayonu istiqamətindən Azərbaycan ərazisinin raket atəşinə məruz qalmasını pislədi. Qeyd edildi ki, bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib. “Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcəkdir", - deyə Hikmət Hacıyev qeyd edib.
18:40. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi.
19:16. Müdafiə Nazirliyi bir daha düşmənin dezinformasiya maşınını əzdi! Nazirliyin İrəvanın Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumatını ifşa etməsi də günün yadda qalan açıqlamalarından oldu.
19:54. Qarabnağ müharibəsindən danışan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç döyüşləri dayandırmağa çağırdı…
19:56. Baş Prokurorluq axşam saatlarında növbəti dəfə erməni vandalizmi barədə cəmiyyəti məlumatlandırdı. Bildirildi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərinin intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib.

20:01. Müdafiə nazirliyi günün sonuna doğru növbəti dəfə erməni yalanını üzə çıxardı. Nazirliyin yaydığı məlumatda deyilir ki, Ermənistanın guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.
"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

20:16. Türkiyə lideri Ermənistanı dəstəkləyənlərə xəbərdarlıq etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı dedi ki, bölgədə daimi sülhə aparan yol ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının hər qarışından geri çəkilməsidir.

"Ermənistan rəhbərliyinin Türkiyəyə böhtan atma səyləri qurtaramayacaq. Bu quldur dövlətə (Ermənistan) dəstək olanları insanlığın ortaq vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm", - deyə Türkiyə lideri əlavə edib.
20:42. Xarici İşlər Nazirliyi məlumat yayaraq Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil etdiyinə görə qınadı.
20:38. Müdafiə Nazirliyi düşmənin daha bir neçə hərbi texnikasının məhv edilməsinə dair video yaydı.
21:41. Energetika Nazirliyi yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qisminin yararsız hala düşməsi barədə məlumat yaydı.

22:02. Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı. Baş Prokurorluğun Mətbuat Xidməti günün sonunda məlumat yayaraq əhalinin sıx yaşadığı ərazilərin növbəti dəfə ağır artilleriyadan atəşə tutulması nəticəsində mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildiyini, 19 nəfər şəxsin isə həlak olduğunu bəyan etdi.

22:03. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov Dağlıq Qarabağ və Liviya münaqişələri ilə bağlı müzakirələr apardılar.
22:05. Düşmən Gorusdan Azərbaycan ərazilərini yenidən raket atəşinə tutdu. Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayaraq saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutduğunu açıqladı.
Təəssüf ki, müharibə, erməni vandalizmi təhsil sahəsinə də ciddi zərər və itkilər vurdu…
22:45. Təhsil Nazirliyi məlumat yayaraq bidlirdi ki, sentyabrın 27-dən ötən 4 gün ərzində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.
Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
Oktyabrın 1-də müharibənin ilk günündən tərəfsizliyi pozaraq Ermənistanın müdafiəsinə qalxan Fransa prezidentinə tutarlı cavab verildi.
23:07. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Makronun “Twitter”də paylaşımına- “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun” cavab olaraq yazıb: “Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”.
23:26. Ermənistanın 200-ə yaxın tankı, 228 artilleriya qurğusu məhv edildi
Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam etdirdiyini açıqladı. Onun sözlərinə görə, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.Mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və helikopterin vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.
23:47. Azərbaycanın Avstriyadakı səfirliyi açıqlama yayaraq Ermənistanın işğalçılıq siyasətini pislədi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Müharibə   İşğalçı   Ermənistan   Müdafiə-Nazirliyi  







Xəbər lenti