Namus qanla yuyulmaz, yaxud Azərbaycan kişisinin dərk etmədiyi əsas məqam

  Namus qanla yuyulmaz,  yaxud Azərbaycan kişisinin dərk etmədiyi əsas məqam
  02 Oktyabr 2021    Oxunub:3259
Nadir Qocabəyli
Azvision.az

Qadın qətlləri şox zaman qısqanclıq zəminində baş verir. Azərbaycan kişisi öz qadınını məhz başqalarına qısqandığı üçün öldürür. Bəzi kişilər qadın yükünü sadəcə çəkə bilmir və onu öldürməklə bu ağır yükdən xilas olmağa çalışırlar. Ölkəmizdə belə qətllərin sayı-hesabı yoxdur. Çoxusu heç mediaya çıxmır və xəbər tutmuruq.
Amma əsas səbəb kimi görünən qısqanclıq bu qətllərin gözə görünən motividir və bunun arxasında çeşidli səbəblər var. Əsas səbəb illər uzunu formalaşmış düşüncə tərzidir. Bu tərz düşüncəyə görə, kişiyə başqa qadınlara baxmağa, onlarla gəzməyə, əylənməyə icazə var, amma qadına yoxdur. İndi bəziləri bu sətirləri oxuyarkən fikirləcək ki, qadına da bu haqq tanınmalıdır. Yox, əzizlərim, bu haqq kişilərin də əlindən alınmalıdır. Çünki əxlaqsızlıq və pozğunluqdur. Ailə dəyərlərinə ziddir, insanı bədbəxt edir, ailəni dağıdır, ən yaxşı halda formal quruma çevirir. Ən pisi də uşaqların həyatını zəhərləyir və onların gələcəkdə pis insanlar olmasına təkan verir. Deməli, bütövlükdə cəmiyyəti korlayır, düşkünləşdirir.

Etitaf edim ki, gənclik illərimdə mənim də bu məsələdə kişinin qadından üstün olduğunu düşündüyüm vaxtlar olub. Ancaq evləndikdən sonra anladım ki, xeyr, tamamilə səhv yanaşmadır. Əgər ailəli kişi kənardakı qadınlara meyillənsə, evdəkini istər-istəməz unudacaq. Ona diqqət göstərməyəcək. Qadın isə zərif çiçək kimidir, diqqət, qayğı, baxım tələb edir. Bunları görməsə, solacaq.

Təxminən 20 il əvvəl tanıdığım bir adamın gənc xanımı qəfil rəhmətə getdi. Konkret səbəb göstərilmirdi. Dedilər ki, ürəyində nəsə problemi varmış. İki azyaşlı uşağı qalmışdı və ərinin o qədər vecinə deyildi. Tezliklə ikinci dəfə evləndi və yenə də türklər demişkən, çapqınlığından, yəni arvadbazlığından ağızdolusu danışmağa davam edirdi.

Başa düşdüm ki, birinci arvadını məhz bu adam öldürüb. Bəlkə də, ürəyində qüsur, hansısa problem varmış, amma yetərli diqqət, qayğı göstərilsəydi, tələf olmaz, yaşayardı. Çünki bəzən bir şirin söz insanı həyata qaytarır, yaşadır. Acı söz, pis rəftar, laqeyd münasibət isə öldürə bilir. Xüsusilə də, “qulağıyla sevən” qadınları. Mən hələ qadına qarşı kobud münasibətdən, onu döyməkdən, elementar azadlıqlardan mərhum etməkdən danışmıram.

Naftalanda şəhid ailələri və qazilər üçün iftar verilib
Kişi, ər bilməlidir ki, qadının azadlığını məhdudlaşdırırsa, bunu özünə də tətbiq etməlidir. Ya da özünə rəva bildiklərini qadınına da bilməlidir. Haqsızlıq etsə, hökmən qaşısına çıxacaq və bu zaman rüsvayçılıqdan xilas olmaq üçün cinayət yolunu seçəcək. Amma hesab edirəm ki, namussuzluq edən qadını öldürmək, kişinin ləkələnmiş namusunu yuyub-təmizləmir. Kaş ki, bu düşüncəni orta statistik Azərbaycan kişisinə təlqin edə biləydik.

Kişi öz arvadını bilirsinizmi başqa kişilərə niyə qısqanır? Çünki özü də başqalarının arvadına əyri baxır. Düşünür ki, mən baxıramsa, deməli, mənimkinə də baxırlar. Qüruru, heysiyyəti bunu qəbul etmir. Ancaq burada bir ədsalətsiz yanaşma var. Adama deyərlər: sən baxırsansa, səninkinə niyə baxmasınlar? Düz adam özünə rəva bilmədiyini başqasına da bilməz. Yaxşı, mən baxmasam, mənimkinə baxan olmayacaq? Buna qarantiya varmı? Əlbəttə, heç nəyə tam təminat yoxdur, amma sən bunu etməməklə, əvvəla özünü haqlı sayacaqsan, ikincisi də, bu davranışı və əxlaqı istər-istəməz təbliğ etmiş olacaqsan.

Amma bizim kişilər, ərlər başqa yolu tuturlar. Özü kənarda bildiyini edir, sadəlövhcəsinə, ya da qanmazcasına bunu məharətlə etdiyini düşünür, ittihamları həyasızcasına, sırtıqcasına rədd edir, evdəki xanımına diqqət, qayğı göstərmir, mane olmaması üçün ağzını pulla yumur, sərbəstlik verir və günlərin bir günü ayılır ki, qadın da eynilə bunun etdikləri ilə məşğuldur. Hesab edir ki, xəyanətə uğrayıb. Oğlum, nə xəyanət, sənin öz etdiyin qarşına çıxıb. Başqalarının arvadlarıyla etdiyini səninkinə də ediblər və buna sən özün şərait yaratmış, özün bu situasiyanı hazırlamısan. Əgər qadını öldürməklə vəziyyətdən çıxdığını, namusunu təmizlədiyini düşünürsənsə, çox ciddi şəkildə yanılırsan.

Başqaları qadağalar qoyur, incidir, döyür və elə zənn edir ki, bununla məsələni həll edə bilər. Oğlum, bunları etməkdənsə, xanımına vaxt ayır, diqqət yetir, onu gəzdir, xırda, ucuz da olsa hədiyyə al, kənarda çapqınlıq, şorgözlük etmə, qurtardı getdi. O zaman qadın sənə ürəkdən bağlanacaq və lazımsız problemlər də yaşamayacaqsan. Ailəndə hüzur olacaq, uşaqların özlərini məsud hiss edəcəklər. Ancaq bunları bacarmırsansa, özünü hamıdan “yaxşı”, hər şeyə qadir oğlan hesab edirsənsə, heç nəylə hesablaşmırsansa, rüsvayçılıq qaçılmazdır. Onu isə heç nəylə, hətta qanla belə yuya bilməyəcəksən.

Sonda bir vacib məsələni də qeyd etməliyəm. Kapitalizm bizi çox işləməyə, həftənin bütün günlərini səhərdən-axşamacan əlləşib-vuruşmağa vadar edir. Bir çox insanlar yaşamaq, ailəsini dolandırmaq üçün günün 12-14 saatını işləmək zorunda qalır, 2-3 saatı yola, yerdə qalan 6-7 saatı da yeməyə və yatmağa sərf edirlər. Belə bir şəraitdə, əlbəttə, ailəyə, qadına, uşağa vaxt ayırmaq mümkün deyil. Hesab edirəm ki, dövlət, ictimai qurumlar, ziyalılar bu məsələyə ciddi yanaşmalıdırlar. Normal insan həftədəki 168 saatın maksimum 40-ını işləməli, 56-sını yatmalı, yerdə qalnını da istirahətinə, ailə qayğılarına, uşaqların tərbiyəsinə, həyat yoldaşına, sevgiyə, dostlara, qohumlara və s.-yə sərf etməlidir. Unutmayaq ki, başqalarını varlandıran vaxtımız həyatımızdan, sevgimizdən, mənəviyyatımızdan, namusumuzdan, övladlarımızın gələcəyindən, sağlam cəmiyyətdən oğurlanır.


Teqlər: Ailə   Cinayət   Qısqanclıq  





Xəbər lenti