Gürcüstanda seçkilər başa çatıb: Hakim partiya səs çoxluğu qazanıb

Gürcüstanda seçkilər başa çatıb: Hakim partiya səs çoxluğu qazanıb
  02 Oktyabr 2021    Oxunub:1499
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb.
Azvision.az xəbər verir ki, bu gün səhər saatlarında başlayan səsvermə axşam başa çatıb. Seçki məntəqələri saat 20:00-da səslərin sayılması üçün bağlanıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 41.35% (1 446 218 seçici) təşkil edib.

Seçkilər ümumilikdə 73 dairə seçki komissiyasının 3743 məntəqəsində keçirilib. Seçici siyahılarında 3 milyon 497 min 345 seçicinin adı daxil edilib. Gürcüstan vətəndaşları gün ərzində növbəti dörd il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) 2068 deputat seçiblər.

Səsvermənin gedişini seçici subyektləri tərəfindən 21 min 483 müşahidəçi, 100 yerli müşahidə missiyası tərəfindən 31 min 310 müşahidəçi, 52 beynəlxalq təşkilat və ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən isə 1024 müşahidəçi izləyib.

Səslərin 50 faizindən çoxunu yığan namizəd qalib hesab olunur. Əks-təqdirdə konkret şəhər və ya rayonda iki həftə sonra seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, ekzit-polun məlumatlarına görə seçkilərdə hakim "Gürcü Arzusu" 47,6% səslə liderlik edir.

Azvision.az



Teqlər: Seçki   Gürcüstan  





Xəbər lenti